Söhrab Qasımovdan, Naxçıvan, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən 1992-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Qarabağ müharibəsi veteranı, I qrup əliləm. Həmin dövrdə ümummilli lider Heydər Əliyev ölkəmizdə yetişməkdə olan vətəndaş müharibəsinin qarşısını aldı, Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. O vaxt xalqımız yalnız Ulu Öndərə inanır, ona arxalanırdı. Mən özüm də ona güvənərək döyüşlərdə daha fəal iştirak etmişəm. Ümummilli Liderin layiqli davamçısı kimi Siz hazırda bizə dəstək olur, müharibə veteranlarına və əlillərə qayğı göstərirsiniz.
Cənab Prezident, hazırda mənim oğlum Füzuli rayonunda hərbi xidmətdədir. Bütün əsgərlər kimi, o da dövlətin qayğısını görür və bu Vətən üçün xidmət etməkdən qürur hissi keçirir. Xalqımız üçün gördüyünüz bu işlərə, yaratdığınız şəraitə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Hörmətlə,
Qasımov Söhrab Əyyub oğlu.
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu.