Azər Paşa Nemətovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Oktyabrın 29-da Akademik Milli Dram Teatrına dövlət statusunun verilməsinin 100 illiyi münasibətilə təntənəli tədbir keçirilib və yubiley mərasimi mədəniyyət və teatr ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Siz böyük diqqət və qayğı göstərərək bu əlamətdar hadisə münasibətilə teatrımızın aktyorlarını fəxri adlara layiq görmüsünüz. Biz hər zaman Sizin böyük diqqətinizi öz üzərimizdə hiss etmişik.
Möhtərəm cənab Prezident, Azərbaycan mədəniyyətinə, o cümlədən teatr sahəsinə olan böyük qayğınıza görə sənət adamları Sizə hər zaman minnətdar olublar. Bu tükənməz yüksək münasibətinizə görə şəxsən öz adımdan və Akademik Milli Dram Teatrının bütün kollektivi adından Sizə təşəkkür edir, ölkəmizin inkişafı naminə gördüyünüz bütün işlərdə bol-bol uğurlar arzu edirəm. Tanrı Sizi və doğmalarınızı qorusun.
Dərin hörmət və ehtiram hissi ilə,
Azər Paşa Nemətov,
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, Xalq artisti, professor.
Azərbaycan Respublikası, Bakı şəhəri.