Ülviyyə Mahmudovadan, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident.
Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışınız bizi çox sevindirdi. Dünya siyasətində rolu və yeri olan dövlət başçılarının, siyasətçilərin, alimlərin iştirak etdiyi bu tədbirdə qətiyyətli mövqeyiniz səriştəli lider olduğunuzu nümayiş etdirdi, həmçinin işğalçı dövlətin baş nazirinin Qarabağla bağlı bəyanatının qəbul edilməz olduğunu çox yüksək diplomatik formada tədbir iştirakçılarının diqqətinə çatdırdınız.
Cənab Prezident, Ermənistan baş nazirinin Xankəndiyə səfəri zamanı söylədiyi sərsəm ifadəyə cavab olaraq, “Qarabağ Azərbaycandır və nida işarəsi” deməyiniz onun siyasi səriştəsizliyini ifşa etdi.
Vətənindən, torpağından didərgin düşmüş bir müəllim kimi, bizi qoruduğunuza, qayğımıza qaldığınıza görə kollektivimiz adından Sizə təşəkkür edirəm. Sizin uğurlu siyasətinizi daim dəstəklədiyimiz kimi, bundan sonra da dəstəkləyəcəyimizi bir daha bəyan edirik.
Hörmətlə,
Mahmudova Ülviyyə
Ağdam rayonu 71 saylı köçkün məktəbinin direktoru.
Azərbaycan Respublikası, Ağdam rayonu.