Nizami Abbasovdan, Lənkəran, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi, demokratik və müstəqil bir dövlətin vətəndaşı olmağımla qurur duyuram. 1993-cü ildə Ulu Öndərimizin hakimiyyətə qayıdışından sonra Azərbaycan insan hüquqlarının təmini, inkişaf etdirilməsi və qorunması sahəsində mühüm nailiyyətlərə imza atdı. Demokratik prinsiplərin cəmiyyətdə bərqərar olması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməklə bərabər, həm də bu sahədə mühüm qanunvericilik bazası yaradıldı. Ulu Öndərimizin insan hüquqlarının qorunması, demokratik inkişaf istiqamətində apardığı mübarizə bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Siz ölkəmizdə bütün sahələri inkişaf etdirmək üçün konkret proqramlar təsdiq edirsiniz. Bu proqramların arxasında Ulu Öndər irsinin layiqli davamçısının qətiyyətli, prinsipial mövqeyinin durduğunun şahidi oluruq.
Cənab Prezident, Siz vətəndaşların istək və arzularını nəzərə alır, xalqımıza layiqli xidmət edirsiniz. “Mən xalqın bir nömrəli xidmətçisiyəm”, deyərək bütün məmurları xalqa vicdanla xidmət etməyə çağırırsınız. Bunu qiymətləndirməyə bilmərik.
Məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların da müsbət nəticələrini görürük. Elə bunlara görə də xalqımız Sizi öz hüquqlarının təminatçısı, ən başlıca güvən yeri bilir.
Cənab Prezident, arzu edirəm ki, atdığınız hər bir addımınız bundan sonra da uğurlu olsun, dövlətimizə, xalqımıza, bir sözlə hamımıza xeyir gətirsin.
Hörmətlə,
Abbasov Nizami Baba oğlu,
Jurnalist, “Qızıl qələm” media mükafatı laureatı.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Şağlakücə kəndi.