Rüstəm Məlikov və başqalarından, Salyan, Azərbaycan
Hörmətli cənab Prezident.
Bütün Azərbaycan xalqı kimi, salyanlılar da Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən davamlı inkişaf strategiyasını və bu sahədəki uğurlu addımları birmənalı olaraq dəstəkləyirlər. Bu tərəqqi və inkişafın, sosial problemlərin ardıcıllıqla, inamla həllinin nəticələrini biz Salyan rayonunda da aydın görürük. Xəstəxanaların, məktəblərin və uşaq bağçalarının tikintisi, təmiri, yenidən qurulması və digər işlər şəhərimizin infrastrukturunu yaxşılaşdırıb.
Sizin diqqət və qayğınız, ayırdığınız vəsait hesabına Kür çayı üzərində inşa olunmuş yeni körpü vasitəsilə Salyan şəhərinə birləşən Babazənən yaşayış massivində də işlər sürətlə gedir. Ərazi tam qazlaşdırılıb və bu il yeni su xətləri istifadəyə verilib, yollara asfalt döşənib. Sosial layihələr də davam etdirilir. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə bir neçə ay əvvəl burada yeni uşaq bağçasının tikintisinə başlanıldı. Artıq inşa işləri başa çatdırılıb. Yeni uşaq bağçası hər cür avadanlıqla təchiz edilib. Uşaqların da, valideynlərin də sevincinin həddi-hüdudu yoxdur. Bu sevinci bizə Siz və hamımızın sevimlisi olan Mehriban xanım bəxş edib.
Möhtərəm cənab Prezident, burada görülmüş işlərə, xüsusilə yeni uşaq bağçasının inşasına görə Babazənən yaşayış massivinin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir, çətin və məsuliyyətli işinizdə uğurlar arzu edirik.
Hörmətlə,
Məlikov Rüstəm Sadıq oğlu
Hacıyev Elmar Müseyib oğlu
Ələsgərov Əbülfəz Cəbrayıl oğlu
Hüseynova Zöhrə Akif qızı
Səfərov Məhərrəm Nəhməd oğlu və başqaları (cəmi 38 nəfər).
Azərbaycan Respublikası, Salyan rayonu, Babazənən yaşayış massivi.