İsa Həbibbəylidən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
İctimai-siyasi və elmi mühitdəki fəaliyyətimlə əlaqədar məni ölkəmizin ən yüksək ordenlərindən biri olan 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin əsasını qoyduğu və Sizin daha da inkişaf etdirib möhkəmləndirdiyiniz ictimai-siyasi sabitliyin, ardıcıl olaraq aparmaqda davam etdirməkdə olduğunuz genişmiqyaslı islahatların nəticəsi olaraq yaranmış möhtəşəm yeni Azərbaycan hər bir Vətən övladı üçün böyük qürur mənbəyidir.
Sizin dönməz iradəniz və çoxcəhətli yorulmaz fəaliyyətinizlə müstəqil Azərbaycan Respublikası müasir dünyada möhkəm sabitliyin və hərtərəfli inkişafın rəmzinə çevrilmişdir. Müasir dünyanın gözü qarşısında Azərbaycan Respublikasının inkişaf etməkdə olan ölkələr sırasından inkişaf etmiş dövlətlərin ailəsinə daxil olması Sizin böyük iradənizin, uzaqgörənliyinizin və səylərinizin böyük bəhrəsidir. Mübariz ordumuzun Lələtəpə və Naxçıvan-Qızılqaya yüksəkliklərində Azərbaycan bayrağını ucaltması və böyük əraziləri düşmən əsarətindən geri qaytarması xalqımızda Dağlıq Qarabağın məhz Sizin rəhbərliyinizlə azad olunacağına inamı daha da qüvvələndirmişdir.
Sizin məqsədyönlü, düşünülmüş fəaliyyətinizin nəticəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub və Şimal-Şərq şosse yolları sayəsində ölkəmizdə yaranmış geniş tranzit imkanları Azərbaycana XXI əsrin İpək Yolu sivilizasiyasını yaradan ölkələrdən biri olmaq statusunu qazandırmışdır. Azərbaycanda ardıcıl olaraq keçirilməkdə davam edən sivilizasiyalararası, mədəniyyətlərarası, dinlərarası dialoq forumları ölkəmizdə elmin və milli mədəniyyətin inkişaf etdirilməsinə təkan verən və milli-mənəvi sərvətlərimizi dünya xalqlarına çatdıran, böyük elmə geniş meydan açan mühüm hadisələrdir.
İnkişaf etmiş müstəqil Azərbaycan kimi qüdrətli bir ölkədə yaşayıb-yaratmaq ölkəmizin hər bir vətəndaşı kimi yaradıcı ziyalılar, elm adamları üçün də qürur dolu bir həyat yaşamaq deməkdir. Ölkəmizdə elm, təhsil, ədəbiyyat və incəsənət sahəsində gedən islahatlar, baş verən ciddi yeniləşmə prosesləri və böyük dəyişikliklər yaradıcı fəaliyyətin bütün potensialını meydana qoymaq üçün geniş imkanlar açmışdır. Azərbaycançılıq ideyası, milli-mənəvi dəyərlərə və köklərə qayıdış, habelə bəşərilik və dünyəvilik kimi dəyərlərin ön mövqeyə çıxarılması elmin, təhsilin, mədəniyyətin və ədəbiyyatın yeni çağırışlarını müəyyən etmişdir. Azərbaycan elmi hazırda müasir cəmiyyətin, qlobal proseslərin elmi əsaslarla dərk olunması yolu ölkəmizin reallıqlarını dərindən təhlil edilib qiymətləndirilməsi və proqnozlaşdırılması əsasında Azərbaycan Respublikasını daha böyük hədəflərə çıxarmaq yollarındakı çoxcəhətli iş aparmaq üçün səfərbər olmağa, bütün səylərini cəmləşdirməyə borcludur. Təltif etdiyiniz 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninin adında və məzmununda ifadə edildiyi kimi, möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə müqəddəs Vətənimizin, milli dövlətçiliyimizin, Vətən elminin, milli ziyalılığın hərtərəfli surətdə, böyük addımlarla irəliləməsinə yorulmadan və məsuliyyətlə xidmət etmək, var qüvvə ilə çalışmaq dərk olunmuş böyük borcun əməli ifadəsidir.
Möhtərəm cənab Prezident.
Sizə müstəqil Azərbaycanın inkişafı yollarındakı çoxcəhətli, yorulmaz və məqsədyönlü fəaliyyətinizdə daha böyük uğurlar və həyatda ən böyük nemət olan möhkəm cansağlığı arzulayıram.
Dərin hörmətlə,
İsa Həbibbəyli
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Milli Məclisin elm və təhsil komitəsinin sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri.