15 oktyabr 2019, 17:50

Validə Fərzəliyevadan, Mingəçevir, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycanımızın inkişafı üçün əlinizdən gələni əsirgəmədiyinizə görə bir şəhid ailəsi olaraq Sizə minnətdarlığımı bildirmək, ürək sözlərimi yazmaq istədim.

Mənim həyat yoldaşım Vətən uğrunda gedən döyüşlərdə şəhid olub. Bir övladım rəhmətə gedib. Bunlara baxmayaraq, Sizin atdığınız hər bir addım məni həyata ruhlandırır. Mən Sizinlə fəxr edirəm. Nə yaxşı ki, azərbaycanlıyam və Sizin kimi Prezidentim var.

Sizin şəhid ailələrinin 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin edilməsi barədə Fərmanınız növbəti humanist addım oldu. Həmin vəsait təbii ki, bizim həyat şəraitimizin yaxşılaşmasına böyük köməkdir. Biz, eyni zamanda, bu birdəfəlik ödəməni Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsinin daim əziz tutulduğunun, onların ailə üzvlərinə diqqət və qayğının zaman keçdikcə daha da artdığının əyani təsdiqi kimi dəyərləndiririk. Buna görə Sizə bir daha təşəkkür edirəm.

Sizin həyata keçirdiyiniz uğurlu siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə əmin-amanlıq mövcuddur. Məqsədyönlü siyasətinizin nəticəsində doğma Azərbaycanımız gündən-günə inkişaf edir, gözəlləşir, xalqımızın rifahı yaxşılaşır. Bu siyasətin bəhrələri bölgələrdə də özünü göstərir. Yaşadığım Mingəçevir şəhərində bunun canlı şahidiyik. Şəhərimizin iqtisadiyyatı dirçəlir, əhalinin məşğuliyyəti təmin olunur. Məhəllələrdə uşaqlarımızın istirahəti üçün gözəl şərait yaradılıb, parklar salınıb, fəvvarələr, əyləncə qurğuları quraşdırılıb.

Cənab Prezident, Allah Sizi Azərbaycanımızın başı üzərindən əskik etməsin. Daim var olasınız. Yollarınız açıq, qollarınız qüvvətli olsun.

Hörmətlə,

Fərzəliyeva Validə İsmayıl qızı, şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.