15 oktyabr 2019, 16:15

Qurban Nəzərovdan, Lerik, Azərbaycan

Möhtərəm cənab Prezident.

Respublikamızın bütün bölgələrində abadlıq-quruculuq işləri sürətlə davam edir. Sizin sayəsində bu yaxınlarda Lerik rayonunun Monidigah kəndindən keçən əsas yolun yenidən qurulması hamının sevincinə səbəb olub. Monidigahdan əlavə, daha 15-ə yaxın kəndin yolu da buradan keçir.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Siz bir zamanlar sarsılmaz imperiya sayılan Sovet İttifaqının Lerikə çəkə bilmədiyi qaz xəttinin çəkilməsinə nail oldunuz. Bunun nəticəsində meşələrimizin qırılmasının qarşısı da alınıb. İndi meşə zolaqları göz bəbəyi kimi qorunur, ağac kəsmək böyük bir cinayət hesab olunur. Hamımız meşələrin qorunmasına yaxından kömək göstəririk. Çünki meşələr bizim oksigen mənbəyimizdir.

Bir zamanlar kəndlərdən şəhərə üz tutan insanlar bu inkişafı görüb geri qayıdırlar. Kəndlərdə yeni evlər tikilir. Bir sözlə, su, qaz, işıq olan yerdə həyat da var. Bunların hamısı Sizin qayğınızın sayənizdə baş verib.

Çox hörmətli cənab Prezident, Monidigah kəndində aparılan abadlıq-quruculuq işlərinə, yolun tikintisinə görə kənd sakinləri adından, o cümlədən ailəmiz adından bir daha Sizə dərin minnətdarlığımızı bildirirəm. Qoy, Uca Tanrı bu haqq yolunda Sizin və ailənizin dayağında dursun.

Hörmətlə,

Nəzərov Qurban Əminağa oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu, Monidigah kəndi.