01 oktyabr 2019, 16:50

Rəhman Nuğayevdən, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu il sentyabr ayının 14-də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın İsmayıllı rayonuna səfəri biz Nuğayevlər ailəsini də çox sevindirdi. İsmayıllı şəhərində yeni tikilmiş uşaq bağçasının, İvanovka kəndində əsaslı təmir olunmuş Mədəniyyət Sarayının açılışlarının edilməsi, Diyallı kəndində zəlzələdən zərər çəkmiş Sədiqə Orucova üçün inşa edilmiş fərdi yaşayış evi ilə tanışlıq insanlara bir daha göstərdi ki, ölkə başçısı və onun ailə üzvləri hər zaman Azərbaycan vətəndaşının yanındadır.

Yaşadığımız Diyallı kəndində bir çox fərdi yaşayış evləri zəlzələdən zərər çəkmişdi. Sizin tapşırığınızla qısa müddət ərzində lazımi işlərə başlanıldı. Bir çox insana fərdi evlər tikildi, bəzilərinin evləri əsaslı təmir olundu və ya bərpa edildi.

Kənd sakinləri Sədiqə və Ədilə Orucova bacılarına verilmiş fərdi yaşayış evində bütün şərait yaradılmışdır. Kimsəsiz bu iki bacıya Siz atalıq, Mehriban xanım analıq etdiniz.

Hörmətli cənab Prezident, Diyallı kəndinin sakinləri müstəqil Azərbaycan dövlətinə və dövlətçiliyə, ulu öndər Heydər Əliyevə və onun layiqli davamçısına - Sizə həmişə sadiq olublar və bu gün də sadiqdirlər. Çünki, biz haqq və ədalətə qiymət verməyi, ağı qaradan seçməyi bacaran insanlarıq. Sizə və Mehriban xanıma gördüyünüz işlərə görə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Tanrı Sizləri qorusun.

Dərin hörmətlə,

Nuğayev Rəhman Surxay oğlu və ailə üzvləri.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Diyallı kəndi.