30 sentyabr 2019, 13:15

Famil Hacıyevdən, Zaqatala, Azərbaycan

Hörmətli cənab Prezident.

Ümummilli liderimiz Heydər Əliyevin böyük zəhməti sayəsində qurulmuş müasir müstəqil Azərbaycan dövləti bu gün Sizin tərəfinizdən uğurla idarə olunaraq regionun ən qüdrətli dövlətinə çevrilmişdir.

Azərbaycanın hər bir bölgəsində görülən geniş işlər Zaqatala rayonundan, onun Yengiyan, Kəpənəkçi, Qandax və Faldarlı kəndlərindən də yan keçməmişdir. Biz bu yaşayış məskənlərində xəyallarımızda belə olmayan layihələrin şahidi olmuşuq.

Cənab Prezident, Zaqatalada baş verən zəlzələ zamanı Sizin ilk gündən yanımızda olmağınız, zəlzələdən zərər çəkmiş evlərin əvəzinə yenilərinin inşa olunması, kəndlərimizdə yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, ərazimizdə yerləşən “Alazan” nasos stansiyasının yenidən bərpası, sudan əziyyət çəkən kənd sakinlərinin su probleminin həlli və daha onlarla layihə əhalimizin dövlətə və dövlətçiliyimizə olan etimad və məhəbbətini qat-qat artırmışdır.

Bu yaxınlarda isə daha bir möhtəşəm layihə tamamlandı. Sizin sərəncamınızla tozlu-torpaqlı kənd yolları şüşə kimi hamar yollarla əvəzləndi. Bir ölkə rəhbərinin xalqına və elinə olan məhəbbəti bax, budur.

Hörmətli cənab Prezident, bu gün Siz öz işinizlə bizim qəlbimizdə bir sevgi taxtı qurmusunuz. Vətənimizin ən ucqar və çətin şəraitdə olan yerlərinin belə inkişafına yönələn siyasi xəttinizi, dərin zəka və möhkəm iradə ilə gördüyünüz işləri dəstəkləyir və açılan hər sabahımızı Sizə olan sədaqətlə bağlayırıq. Qoy Ulu Tanrı Sizi daim qorusun!

Yengiyan, Qandax, Kəpənəkçi, Faldarlı kənd ziyalıları və ağsaqqalları adından dərin hörmət və ehtiramla,

Hacıyev Famil Zahid oğlu.

Azərbaycan Respublikası, Zaqatala rayonu.