24 sentyabr 2019, 16:25

Vasif Allahverdiyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ölkəmizin daxili və xarici siyasəti ilə bağlı bu qədər mühüm işlərlə məşğul olduğunuz bir zamanda vətəndaşların hər birinə fövqəladə bir həssaslıqla diqqət və qayğı göstərməyiniz bizi həm heyrətləndirir, həm sevindirir, eyni zamanda da qəlbimizi qürur və fərəh hissi ilə doldurur. Bu qədər böyük işlərlə məşğul olduğunuz halda mənim çox kiçik xidmətlərimə daim böyük qiymət vermisiniz. 2010-cu ildə məni “Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi” fəxri adı ilə təltif etmişdiniz. İndi isə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin adı ilə bağlı olan “Musiqi Bayramı” ərəfəsində daha böyük təltifə - “Azərbaycan Respublikasının Xalq Artisti” fəxri adına layiq gördünüz.

Bu mükafatları ölkəmizin mədəniyyət və incəsənətinə, elmi və pedaqoji inkişafına göstərdiyiniz böyük qayğı, bu sahədə cüzi xidmətlərimə verdiyiniz böyük mükafat olaraq qəbul edirəm.

Məhz Zati-alinizin və Birinci vitse-prezidentimiz, ölkəmizin beynəlxalq aləmdə çağdaş, zəngin mədəniyyətə, incəsənətə, ədəbi-bədii və fəlsəfi irsə sahib bir ölkə olaraq tanınmasında, onun məhz bu istiqamətdə tanıdılmasında və inkişaf etdirilməsində Sizinlə çiyin-çiyinə əvəzsiz xidmətlər göstərən hörmətli Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətləri bizi daha çox, daha məhsuldar, daha səmərəli işləməyə və yaşamağa sövq edir, bu sahədə bizim yolumuzu işıqlandırırsınız.

Əziz Prezidentimiz, yuxarıda qeyd etdiklərim və Zati-alinizin bu son təltifi məni yenidən daha məsul və daha məhsuldar işləməyə, mədəniyyət və incəsənət xəzinəmizə daha çox töhfə verməyə, eyni zamanda yeni nəslin bədii, estetik zövqünün inkişaf etdirilməsinə, yüksək təhsilli ixtisaslı kadrlar hazırlanması sahəsində apardığınız daxili siyasətdə Sizə layiq olmağa sövq etmiş və məsuliyyət hissi aşılamışdır.

Möhtərəm Prezidentimiz, göstərdiyiniz qayğı, diqqət üçün şəxsim adımdan, ailəm, çalışdığım kollektiv adından bir daha Sizə dərindən, səmimi qəlbdən təşəkkür edirəm, göstərdiyiniz etimada layiq olmaq üçün daha çox, daha səmərəli, daha məsuliyyətlə çalışacağıma, Ümummilli Liderimizin irsinə sadiq qalaraq ölkəmizin ictimai, mədəni, elmi, pedaqoji sahələrdə inkişafı naminə yorulmaz, gərgin, möhtəşəm fəaliyyətinizdə daim Sizin yanınızda olacağıma söz verir, Sizə bir daha dərindən, səmimi qəlbdən təşəkkür edirəm.

Vasif Allahverdiyev

Azərbaycan Milli Konservatoriyasının professoru,

Azərbaycan Respublikasının Xalq Artisti.

Azərbaycan Respublikası, Bakı şəhəri.