31 avqust 2019, 12:30

Vahid Mursaquliyevdən, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mən Gəncə şəhər 4 saylı tam orta məktəbin 8-ci sinif şagirdiyəm. Biz bu il Nəsiminin 650 illik yubileyinə həsr olunmuş yay məktəbində iştirak etdik. Bu tədbirə Azərbaycanın müxtəlif regionlarından şagirdlər qatılmışdılar. Təqribən 150-160 şagirdin iştirak etdiyi yay məktəbində biz çox əyləndik, yeni dostlar qazandıq, ingilis dili kurslarına qatıldıq. Yekunda isə səsvermə nəticəsində mən və digər 4 nəfər Şimali Kiprdə keçirilən yay məktəbində iştirak etmək hüququ əldə etdik. Şimali Kiprdə olarkən yerli xalqın adət-ənənələri ilə tanış olduq və yeni dostlar qazandıq. Orada 24 ölkədən olan mindən çox şagird arasında keçirilən yarışmalarda Azərbaycanı təmsil etdik. Bu ölkənin rəsmi şəxsləri ilə də görüşlərimiz oldu.

Əziz Prezidentimiz, Azərbaycanda şagirdlər üçün belə gözəl tədbirlərin keçirilməsinə, bizim üçün yaratdığınız bu şəraitə görə Gəncə şagirdləri adından Sizə dərin təşəkkürümüzü bildirirəm.

Hörmətlə,

Mursaquliyev Vahid Hikmət oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.