03 iyul 2019, 14:00

Ə.Niftiyev və başqalarından, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan xalqı xoşbəxtdir ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt rəhbərliyiniz altında uğurla davam etdirilərək ölkəmizi irəliyə aparır. Beynəlxalq aləmdə respublikamız nüfuzunu artırır, imzaladığınız sərəncamlar, verdiyiniz göstərişlər, həyata keçirilmiş islahatlar öz səmərəli bəhrələrini verir. Əhalinin sosial rifahının və güzəranının yaxşılaşdırılması istiqamətində atdığınız bənzərsiz tarixi və inqilabi addımlar hamının böyük razılığına səbəb olmuşdur. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizinin genişlənməsi, beynəlxalq əməkdaşlığın yeni sahələrinin işə salınması, regionlarda sosial-iqtisadi infrastruktur dəyişiklikləri barədə Dövlət Proqramlarının və mühüm layihələrin vaxtında həyata keçirilməsi ölkəmiz üçün böyük önəm daşıyır. Respublikamızın paytaxtında və bölgələrdə irimiqyaslı idman oyunları, multikultural və tolerantlıq, milli-mənəvi dəyərlərin təbliği sahəsində son illərdə keçirilən konfrans və simpoziumlar, görüşlər və əldə olunan nailiyyətlər dünya birliyi tərəfindən razılıqla qarşılanır.

Cənab Prezident, ümummilli lider Heydər Əliyev yaşlı nəsli milli-mənəvi dəyərlərimizin qızıl fondu adlandırmışdır. Masallı ağsaqqalları da bu cərgədə dövlətçiliyimizin möhkəmlənməsi sayəsində böyük uğurla və inamla həyata keçirdiyiniz daxili və xarici siyasəti ürəkdən bəyənir, Sizinlə yanaşı və birlikdə olmağı özlərinə şərəf və qürur sayırlar. Respublikamıza, o cümlədən ən böyük rayonlardan olan Masallıya göstərdiyiniz diqqət və qayğıya görə mənəvi borc kimi Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Cənab Prezident, fürsətdən istifadə edərək ali diqqətinizə çatdırırıq ki, Azərbaycanda qısa müddət ərzində qazanılmış uğur və nailiyyətləri gözü götürməyən, xaricdə sığınacaq tapmış və qrantlar hesabına millətimizə xəyanət yolunu seçmiş bir neçə nankorun qarayaxmaları ilə ictimaiyyətin fikrini və mövqeyini dəyişmək mümkün deyildir. Həmin şəxslərin bu cəhdlərini qətiyyətlə pisləyir və belələrinə “ar olsun!” deyirik. Apardığınız siyasəti masallılar hərtərəfli dəstəkləyirlər.

Hörmətlə,

Ə.Niftiyev, Masallı Rayon Ağsaqqallar Şurasının sədri, III dərəcəli “Vətənə xidmətə görə” ordenli, Dövlət qulluğu veteranı, yazıçı-publisist,

Ş.Əbilov, Prezident təqaüdçüsü “Tərəqqi” medallı,

M.Təhməzov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazisi

M.Hüseynov, “Tərəqqi” medallı, Əməkdar müəllim

G.Ələsgərova, “Abad” xidmət iştirakçısı

M.Şiriyev, Rayon veteranlar şurasının sədri və başqalarından (cəmi 152 nəfər).

Azərbaycan Respublikası, Masallı rayonu.