28 iyun 2019, 12:30

İlhamə Abbasova və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin göstərdiyiniz diqqət və qayğı sayəsində ölkəmizdə insanların maddi rifahı gündən-günə yaxşılaşır, kəndlərimiz abadlaşır, yeni yollar salınır, qaz və su xətləri çəkilir.

Biz Tərtər rayonunun təmas xəttində yerləşən Çaylı kəndində yaşayırıq. Uzun illər idi ki, təsərrüfatlarımızın becərilməsində su sarıdan əziyyət çəkirdik.

Sizin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair tədbirlər haqqında” 2019-cu il 12 fevral tarixli Sərəncamınıza əsasən kəndimizdə yeni subartezian quyusunun qazılması bizi sevindirdi. Çünki becərmə dövründə olan çətinliyimiz bu subartezian quyusu sayəsində aradan qalxacaq və bununla 50 hektar sahə suvarılacaq.

Cənab Prezident, biz kənd adamlarına göstərdiyiniz diqqət və qayğıya görə sakinlər adından Sizə minnətdarlığımızı bildirir, Sizinlə qürur duyduğumuzu bəyan edirik.

Sizə uzun ömür, cansağlığı, müstəqil Azərbaycanımızın inkişafı naminə gördüyünüz işlərdə, həyata keçirdiyiniz qlobal layihələrdə uğurlar diləyirik. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. İnanırıq ki, işğal altında olan torpaqlarımız Sizin komandanlığınızla azad ediləcək və bu torpaqlar Sizin sayənizdə çiçəklənəcək.

Hörmətlə,

Abbasova İlhamə

Bayramov Vaqif

Ağayev Rasim

Abbasov Elnur.

Azərbaycan Respublikası, Tərtər rayonu, Çaylı kəndi.