25 iyun 2019, 13:45

Akif Əlizadədən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin 2019-cu il 18 iyun tarixli Sərəncamınızla Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində və onun bir sıra digər qurumlarında çalışan əməkdaşların aylıq vəzifə maaşları əhəmiyyətli dərəcədə artırıldı.

Alimlərimizin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində olduqca əhəmiyyətli addım olan bu Sərəncam ölkəmizin elmi ictimaiyyəti və Akademiyanın əməkdaşları tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılandı.

Bununla əlaqədar olaraq respublika elmi ictimaiyyəti adından, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının çoxsaylı kollektivi və Rəyasət Heyəti adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Dövlət quruculuğunda elmi potensialdan istifadənin genişləndirilməsi, Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətinin təkmilləşdirilməsi, onun əməkdaşlarının sosial problemlərinin həlli, elmi işçilərin əməkhaqlarının və rütbə maaşlarının mütəmadi olaraq artırılması, elmin maddi-texniki bazasının gücləndirilməsi və digər istiqamətlərdəki ardıcıl tədbirlər Sizin elm siyasətinizin uğurlu təzahürüdür.

Möhtərəm cənab Prezident, bir daha Sizə AMEA əməkdaşlarına göstərdiyiniz yüksək diqqət və qayğıya görə dərin təşəkkürümüzü bildiririk. Azərbaycan Milli Elmlər Akademiyası və onun Rəyasət Heyəti həyata keçirdiyiniz dövlət siyasətinə bundan sonra da daim dəstək verəcək, elmi potensialın ölkəmizin sosial-iqtisadi inkişafına səfərbər edilməsi istiqamətində səylərini daha da gücləndirəcəkdir.

Dərin hörmət və ehtiramla,

Əlizadə Akif, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti.

Azərbaycan Respublikası, Bakı şəhəri.