Roza Cəlilovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Bu müqəddəs Ramazan bayramında Sizi səmimi qəlbdən təbrik edir, Allahdan Sizə möhkəm cansağlığı və uzun ömür diləyibr, “Tanrı Sizə yar olsun!” deyirəm. Vətənimə mübarək Ramazan ayının misilsiz və bərəkətli anlarından bol-bol bəhrələnməyi arzu edirəm.
Bu, mənim həyatımda artıq doxsanıncı bahardır. Həyatımın ən gözəl anlarını rəqs sənətinə qurban vermişəmsə, deməli, o mənim canımdır, bütün varlığımdır. Mənə tamaşaçı məhəbbəti, şan-şöhrət, ən başlıcası isə mənəvi zənginlik bəxş edən sənətimə minnətdaram. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmağım məni çox sevindirdi. Bu, əzəmətli, şərəfli yollar keçən Azərbaycanın milli xalq rəqsinə verilən yüksək mükafatdır.
Cənab Prezident, bir daha Sizə sonsuz təşəkkürümü bildirir, möhkəm cansağlığı, uzunömürlü olmağınızı arzu edirəm. Biz incəsənət xadimləri çox sevinirik. Çünki Siz əvəzsiz Azərbaycan incəsənətinin inkişafına fədakar əməyinizi əsirgəmir və sənətkarlara daim diqqət göstərirsiniz. Ümummilli liderimiz Heydər Əliyevin də incəsənətə və sənətkarlara olan böyük qayğı və hörmətini daim yada salıb, “Ruhu şad olsun!” deyirik.
Mədəniyyət və incəsənət xadimləri ilə bu ilin əvvəlindəki görüşünüz çox gözəl və faydalı təşəbbüs idi. Ümidvaram ki, belə görüşlər tez-tez olacaq və mən rəqs sənətinin qocaman nümayəndəsi kimi həmin görüşlərdə təkliflərimi Sizinlə bölüşə biləcəyəm.
Sizə yeni-yeni uğurlar arzu edirəm.
Hörmətlə,
Cəlilova Roza, Xalq artisti.
Azərbaycan Respublikası, Bakı şəhəri.