07 iyun 2019, 17:50

Rufəddin Hacıyev və başqalarından, Quba, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Ölkəmizdə həm siyasi, həm də iqtisadi sahədə apardığınız məqsədyönlü fəaliyyətiniz biz qubalıları ürəkdən sevindirir. Sizin həyata keçirdiyiniz islahatlar Azərbaycan xalqının rifah halının yaxşılaşmasına xidmət edir. Həmçinin Siz dünya dövlətləri ilə möhkəm dostluq əlaqələri yaradırsınız. Sizin balanslaşdırılmış xarici siyasətiniz Azərbaycan Respublikasının beynəlxalq tərəfdaşlarını artırır. Beynəlxalq aləmdə Azərbaycan sürətli inkişafda olan ölkə kimi tanınır. Ölkəmiz həm iqtisadi, həm də güclü hərbi qüdrətə malikdir.

Qarabağ müharibəsində həlak olan və itkin düşən hərbçilərin ailələrinə birdəfəlik ödəmənin verilməsi, qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması, onlar üçün yeni qəsəbələrin salınması, ciddi infrastruktur layihələrinin həyata keçirilməsi, əməkhaqqı və müavinətlərin artırılması, vətəndaşların xarici valyuta ilə olan problemli kreditlərinin həlli istiqamətində verdiyiniz fərman və sərəncamlar Sizin fəaliyyətinizin çox mühüm tərkib hissələridir.

Möhtərəm cənab Prezident, rayonumuzun əksər kəndlərində yol infrastrukturu yaxşılaşıb. Sakini olduğumuz Hacıhüseynli kəndini qonşu kəndlərlə birləşdirən və bu ərazidə yaşayan on minə yaxın sakinə xidmət edən 26 kilometr uzunluğunda asfalt yol bu yaxınlarda istifadəyə verilib. Hazırda qaz xətlərinin çəkilişinə başlanılıb. Buna görə Sizə xüsusi minnətdarlığımızı bildiririk.

Cənab Prezident, Qubada aparılan yenidənqurma, abadlıq işlərinin, küçələrin asfaltlanmasından və digər işlərin görülməsindən çox məmnunuq. Quba rayonunun əhalisi, o cümlədən Hacıhüseynli kəndinin sakinləri Sizin ətrafınızdadırlar və apardığınız siyasəti daim dəstəkləyirlər. Sizə cansağlığı, uzun ömür və gələcək işlərinizdə uğurlar arzu edirik.

Hacıhüseynli kəndinin sakinləri, o cümlədən ağsaqqalları və ziyalıları adından hörmətlə,

Hacıyev Rufəddin

Əhmədov Uzeyir

Məmmədyarov Dənyar

Manafov Vaqif

Qubatov Ərzuman və başqaları (cəmi : 41 nəfər).

Azərbaycan Respublikası, Quba rayonu, Hacıhüseynli kəndi.