07 iyun 2019, 12:00

Niyaz Eyvazovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Əvvəla Sizə dərin hörmət və ehtiramımı ifadə edir, Azərbaycana Sizin kimi böyük bir şəxsiyyətin rəhbərlik etməsindən böyük qürur hissi duyduğumu bildirirəm.

Azərbaycanın inkişafı, tərəqqisi və onun dünya birliyində qüdrətli ölkəyə çevrilməsi istiqamətində apardığınız daxili və xarici siyasətinizi bütün Azərbaycan vətəndaşları kimi, mən də dəstəkləyir, bir vətəndaş olaraq bu istiqamətdə daim fəallıq göstərirəm.

Siz mədəniyyətə, elmə, ədəbiyyata, təhsilə böyük önəm verirsiniz. Gənclərin təhsil alması üçün gördüyünüz zəruri tədbirlər hamı tərəfindən rəğbətlə qarşılanır. Siz sakinlərlə mütəmadi olaraq çox səmimi görüşür, onların problemlərinin həllində kömək göstərirsiniz.

Bu il mayın 22-də Yasamal sakinləri ilə növbəti görüş zamanı mənə də Sizinlə görüşmək xoşbəxtliyi nəsib oldu. Mən Sizə təhsilimi davam etdirməklə bağlı üzləşdiyim problemlə əlaqədar müraciətimi çatdırdım və kömək göstərilməsini xahiş etdim. Məsələ operativ olaraq müsbət həllini tapdı, illərlə qəlbimdə kök salan təhsil almaq arzum Sizin sayənizdə çin oldu. Mən Azərbaycan Memarlıq və İnşaat Universitetinə bərpa olundum və yenidən tələbə adını qazandım.

Cənab Prezident, mənə bəxş etdiyiniz bu xoşbəxtliyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Dövlətimizin, dövlətçiliyimizin inkişafı naminə gördüyünüz şərəfli işlərinizdə Sizə uğurlar arzulayıram. Allah Sizi qorusun.

Hörmət və ehtiramla,

Eyvazov Niyaz.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.