Faiq Cəbrayılovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Bakı şəhərinin Xəzər rayonunun Şağan qəsəbəsinin sakini olaraq şəxsən öz adımdan, eyni zamanda, qəsəbəmizin sakinləri adından Sizə və Birinci vitse-prezident Mehriban xanıma qəsəbəmizə göstərdiyiniz diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildirirəm. Sizin bu qəsəbəyə diqqət və qayğınız hər zaman yüksək olub. Qəsəbəmizdə bu cür gözəl şəraitin yaradılması, Şağan Olimpiya İdman Kompleksinin, Mədəniyyət Mərkəzinin, 124 nömrəli tam orta məktəb üçün yeni binanın tikilib istifadəyə verilməsi, bununla yanaşı, davamlı olaraq sosial infrastrukturun yaxşılaşdırılması sakinlərin könlünü oxşayır.
Qəsəbənin Qazmaçılar və Qəmər Almaszadə küçələrində yaşayan təxminən 300 ailənin içməli su ilə təmin olunması, son günlərdə isə küçələrdən bir neçəsinə asfalt örtüyünün salınması bu müqəddəs Ramazan ayında bizə hədsiz sevinc bəxş etdi. Biz bu sevincimizi Sizinlə bölüşərək, Sizə bir daha sonsuz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Möhtərəm cənab Prezident, biz fəxr edirik ki, Allah-Taala bizə xalqını və millətini sevən, vətəndaşına dəyər verən Sizin kimi qayğıkeş rəhbər, böyük şəxsiyyət bəxş edib. Sizə cansağlığı, uzun ömür, ulu öndərimiz Heydər Əliyevə isə rəhmət diləyirəm.
Hörmətlə,
Cəbrayılov Faiq Akif oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi.