30 may 2019, 11:50

Bəxtiyar Hüseynovdan, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident.

Son zamanlar ölkəmizdə həyata keçirilməkdə olan inqilabi islahatlar vətəndaşlar tərəfindən razılıqla qarşılanır, ölkəmizin parlaq gələcəyinə böyük inam oyadır. Müdrik rəhbərliyinizlə ölkəmiz sürətlə inkişaf edir. Humanist qərarlar qəbul olunur, insanların məşğulluğu artır. Çoxcəhətli islahatların, yeniliklərin bir istiqaməti də yüksək vəzifəli məmurların, nazir və komitə sədrlərinin yerlərdə xalqla canlı təmas quraraq, onların arzu, istək, xahiş və iradlarını dinləməsidir. Səmimiyyətə söykənən dövlət-xalq münasibətləri, əlbəttə, bu gün bizə daha çox lazımdır. İnsanların arasında olmaq, məmurla vətəndaş arasında səmimiyyət dövlətə sədaqət hissi doğurur.

Cənab Prezident, məhkəmə-hüquq sahəsində aparılmaqda olan islahatlar, bu islahatların dərinləşdirilməsi haqqında məlum fərmanınız cəmiyyətdə qayda-qanunun müqəddəsliyinin və aliliyinin qorunmasına daha bir dəstəkdir. Bu fərmanınız vətəndaşın haqqını, hüququnu daha etibarlı qorumağa xidmət edir.

Möhtərəm Prezident, xalq üçün gördüyünüz işlərə, tapşırığınızla yerlərdə keçirilən vətəndaş qəbullarına görə Sizə bir daha öz adımdan və ziyalılar adından dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Hüseynov Bəxtiyar

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Azərbaycan Respublikası, Lənkəran rayonu, Sinovli kəndi.