28 may 2019, 13:20

Vüsal İbrəhimovdan, Şirvan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Son zamanlar Sizin tərəfinizdən uğurla aparılan islahatların müsbət nəticəsi əlillərin sosial durumunun yaxşılaşmasında da özünü göstərir. Mənim atam 1-ci qrup əlildir. Sizin müvafiq sərəncamlarınızdan sonra onun sosial müavinəti və təqaüdü əhəmiyyətli dərəcədə yüksəlmişdir. Dövlətin əlillərə olan diqqət və qayğısına görə Sizə atamın adından və öz adımdan minnətdarlığımı bildirirəm.

Möhtərəm cənab Prezident, Sizin apardığınız uğurlu siyasət xalq tərəfindən yüksək qiymətləndirilir. Çünki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin əsas məramı xalqın rifahının yaxşılaşdırılmasından, xalqa layiqli xidmət göstərilməsindən ibarətdir. Hər zaman bildirdiyiniz kimi, siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Elə buna görə də, xalqın Sizə olan inamı, etibarı, güvəni və etimadı gündən-günə artmaqdadır.

Möhtərəm cənab Prezident, səmimi etiraf edirəm ki, dövlətimiz əlillərə diqqət və qayğı göstərməsəydi mən və digər vətəndaşlar öz əlil yaxınlarının qayğısına qalmaqda çətinlik çəkərdi. Sizə çətin və şərəfli işinizdə uğurlar diləyirəm. Mən və ailəmiz hər zaman Sizi dəstəkləyəcəyik. Çox şadıq ki, Azərbaycanımız etibarlı əllərdədir.

Hörmətlə,

İbrəhimov Vüsal İbrəhim oğlu

Azərbaycan Respublikası, Şirvan şəhəri.