Gülnar Abdullayevadan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasi kurs Sizin tərəfinizdən uğurla və dinamik şəkildə davam etdirilməkdədir. Müasir müstəqil Azərbaycanın banisi ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “təhsil millətin gələcəyidir”. Bu gün ölkəmizdə elm və təhsilin XXI əsrin çağırışlarına uyğun inkişaf etdirilməsi üçün mühüm tədbirlər həyata keçirilir. Sizin Sərəncamınız əsasında Azərbaycan Milli Elmlər Akademiyasında magistratura pilləsinin yaradılması ölkənin sosial-iqtisadi və mədəni inkişafına, bilikli cəmiyyətin formalaşmasına istiqamətlənmiş mühüm addım kimi biz gənclərə göstərdiyiniz diqqət və qayğının növbəti bariz nümunəsidir. Yüksək texniki avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda çalışmaq, dünyanın aparıcı elm mərkəzləri və universitetlərində fəaliyyət göstərən nüfuzlu alimlərdən dərs almaq və onların təcrübəsindən bəhrələnmək mənim bir mütəxəssis, bir gənc tədqiqatçı kimi formalaşmağımda böyük rol oynayıb.
Hörmətli cənab Prezident, Sizin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkədə neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində apardığınız elm və təhsil islahatları biz gəncləri sabaha ruhlandırır və mükəmməl biliyə, yüksək mənəviyyata malik vətəndaş kimi formalaşmağımızda böyük rol oynayır. AMEA-da aparılan islahatlar və gənclərin elmə cəlb olunması, onlara göstərilən yüksək diqqət və qayğı Akademiyamızın gələcəyinə böyük inam yaradır.
Məhz bu qayğının nəticəsidir ki, mən İslam İnkişaf Bankının 2018-2019-cu tədris ili üçün təhsil proqramının qalibi seçilmişəm. Magistratura pilləsində təhsil aldığım müddətdə beynəlxalq standartlara uyğun həm nəzəri, həm də praktiki biliklər sayəsində çoxsaylı müsahibə və testlərdən uğurla keçərək dünyanın aparıcı universitetlərindən biri olan Oksford Universitetində onkologiya ixtisası üzrə doktoranturaya qəbul olunmuşam. Bir gənc olaraq bundan sonra da çalışacağam ki, Sizin etimadınızı doğruldum və Azərbaycan elmini dünya arenasında uğurla təmsil edim.
Möhtərəm cənab Prezident, bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirirəm. Fəxr edirəm ki, Sizin kimi Prezidenti olan ölkənin vətəndaşıyam. Müstəqil Azərbaycanımızın daha da inkişaf etdirilməsi yolunda gördüyünüz əvəzsiz işlərinizdə Sizə davamlı uğurlar və möhkəm cansağlığı arzu edirəm.
Dərin hörmətlə,
Abdullayeva Gülnar Rizvan qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri.