Elnurə Eminovadan, Ucar, Azərbaycan
Möhtərəm cənab Prezident.
Bu məktubu Sizə böyük minnətdarlıq hissi ilə təşəkkürümü bildirmək üçün yazıram. Mən iki övlad anasıyam. Kiçik qızım Ucar şəhəri 6 saylı tam orta məktəbin 10-cu sinfində təhsil alır. Qeyd edim ki, o, məktəbin əlaçı şagirdlərindən biridir. Bu il martın 15-18-də "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçısı olub. O, məktəb yoldaşları ilə birgə Azərbaycanın dilbər guşəsi olan cənub bölgəsinə - Lənkəran, Astara, Masallı rayonlarına səfər ediblər. Bu gəzinti övladımın, həmçinin onunla birgə bu turda iştirak edən digər şagirdlərdə böyük təəssürat yaradıb. Xüsusilə Lənkəranın çay bağlarında, Astara dənizkənarı park-bulvarında, Masallıda Heydər Əliyev parkında gördükləri mənzərələr onların çox xoşlarına gəlib.
Qeyd etmək istəyirəm ki, iki il bundan əvvəl hazırda Sumqayıt Dövlət Universitetinin tələbəsi olan böyük övladım da bu tur-aksiyanın iştirakçısı olub. Belə tədbirlərin həyata keçirilməsi biz valideynlərdə böyük sevinc və iftixar hissi doğurur. Eyni zamanda, bu layihə məktəblilərin doğma Vətənə məhəbbətinin artmasında, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.
Cənab Prezident, bir valideyn olaraq Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Eminova Elnurə Elxan qızı.
Azərbaycan Respublikası, Ucar rayonu.