Minarə Rüstəmzadədən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın 10-cu sinfində təhsil alıram. Bu məktubu yazaraq bir məktəbli kimi Sizə sonsuz minnətdarlığımı bildirmək istəyirəm.
Sizin gənc nəslin fiziki cəhətdən sağlam və yüksək mənəvi-əxlaqi dəyərlərə sahib vətəndaşlar kimi formalaşmasına yönəlmiş fəaliyyətinizdən, göstərdiyiniz qayğıdan, həyata keçirilən çoxsaylı layihələrdən nəsibini alan bugünkü Azərbaycan gəncliyi, sözün əsl mənasında, çox şanslıdır. Mən də özümü xoşbəxt hesab edirəm ki, bu qayğını hər an öz üzərimdə hiss edirəm. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya respublikamızı, onun hər bir bölgəsini daha yaxından tanımağa, öyrənməyə xidmət edən çox dəyərli layihədir.
Bu layihə çərçivəsində mən xalqımızın qədim tarixi yaddaşını öz alınmaz qalaları ilə hifz edən, keçilməz qayaları, təkrarsız təbiəti, türkün zəngin adət- ənənəsini olduğu kimi qoruyub saxlayan oğuz eli Naxçıvana səfər etdim. Doğma yurdumun bu gözəl guşəsi, onun mehriban insanları haqqında xoş təəssüratlarımı məktəbli dostlarıma və müəllimlərimə fərəhlə, qürurla danışıram.
Cənab Prezident, biz məktəblilər üçün belə imkan yaratdığınıza görə həm şəxsən öz adımdan, həm də məktəbli dostlarım adından Sizə təşəkkür edirəm. Söz verirəm ki, yüksək təhsilli və Vətənimi layiqli təmsil edəcək vətəndaş olmaq üçün bütün imkanlarımı və bacarıqlarımı səfərbər edəcəyəm.
Hörmətlə,
Rüstəmzadə Minarə Asif qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi.