Aişə Bəkirzadədən, Ucar, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Mən dərs əlaçısıyam. Hər il məktəbimizdən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil edilən tur-aksiyaya göndərmək üçün şagird seçərkən fikirləşirdim ki, kaş bu tədbirə qatılmaq mənə də qismət olaydı. Bu il martın əvvəllərində məktəbin fəal şagirdləri arasında mən də adımı tur-aksiya iştirakçıları siyahısında görəndə çox sevindim. Nəhayət, mən də görmədiyim yerlərin adət-ənənələri, mədəni irsi, tarixi keçmişi və müasir həyatı ilə yaxından tanış oldum.
Tur-aksiya çərçivəsində biz ölkəmizin cənub bölgəsinə səyahət etdik. Çox mənalı və maraqlı səyahət idi. Haqqında kitablardan oxuduğum general Həzi Aslanovun ev-muzeyində, televizorda gördüyüm sitrus meyvə bağlarında, Masallıda Tarix-Diyarşünaslıq Muzeyində olmaq məni çox sevindirdi. Səyahət zamanı bir-birindən maraqlı rayonların adət-ənənələri, görməli yerləri haqqında qazandığımz təəssürat heç vaxt yaddaşımdan silinməyəcək.
Cənab Prezident, biz məktəblilərə bir-birindən xoş və maraqlı anlar yaşatdığınıza görə Sizə ürəkdən minnətdarıq. Çox sağ olun.
Hörmətlə,
Bəkirzadə Aişə Rəşad qızı.
Azərbaycan Respublikası, Ucar rayonu.