Fidan Şıxəliyevadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin gənc nəslin təlim-tərbiyəsinin keşiyində durmağınız, bizə diqqət və qayğı göstərməyiniz göz qabağındadır. Köhnə məktəblərin təmiri və yenidən qurulması, müasir tələblərə cavab verən yeni məktəblərin tikilməsi, şagirdlərin maraqlı istirahətinə şəraitin yaradılması bunun əyani sübutudur.
Mən Bakı şəhərində anadan olmuşam, burada böyümüşəm, Suraxanı rayonu 316 nömrəli tam orta məktəbin X sinif şagirdiyəm. Həmişə arzu edirdim ki, qədim Naxçıvan torpağında olum, oranın elm-təhsil müəssisələrinə baş çəkim, əsrlərlə qorunub saxlanan abidələrini ziyarət edim. Nəhayət, cənab Prezident, Siz məni bu arzuma çatdırdınız. Mən martın 23-26-da “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etdim. Turun ilk günündə biz Heydər Əliyev Muzeyi, Naxçıvan xan sarayı, Möminə Xatun türbəsi və Naxçıvan Universiteti ilə tanış olduq. Sonrakı günlərdə isə Qarabağlar türbəsini, “Naxçıvanqala”nı, Hüseyn Cavid məqbərəsini, Bayraq meydanı və muzeyini ziyarət etdik. Bayraq muzeyində Azərbaycanın müxtəlif vaxtlarda mövcud olan dövlətlərinin bayraqlarını gördük. Mən ilk dəfə idi ki, Naxçıvanda olurdum və bu, məndə çox gözəl təəssüratlar yaratdı. Getdiyimiz yerlərdə bizə yüksək səviyyədə xidmət göstərildi.
Cənab Prezidentimiz, bütün bunlara görə Sizə minnətdarlığımı bildirirəm. Bu cür tədbirlər bizim qəlbimizdə tariximizə, xalqımıza, şəxsən Sizə sonsuz məhəbbət hissləri yaradır. Hər şey üçün çox sağ olun.
Hörmətlə,
Şıxəliyeva Fidan Ramazan qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.