05 aprel 2019, 12:00

İsmayıl Şükürlüdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin həyata keçirdiyiniz uğurlu siyasətin bir hissəsini gənc nəslin daim diqqət və qayğı ilə əhatə olunması təşkil edir. Bu məni də çox sevindirir və qürurlandırır. Elə bu qayğının bariz nümunəsi olan və şagirdlər üçün mütəmadi olaraq keçirilən “Ölkəmizi tanıyaq” layihəsi sevinc dolu günlər və unudulmaz xatirələrlə şagirdlərin yaddaşında silinməz izlər qoyur. Şagirdlər doğma yurdumuzu qarış-qarış gəzmək və daha yaxından tanımaq şansı əldə edirlər. Çox xoşbəxtəm ki, mart ayında mən də bu layihə çərçivəsində Vətənimizin dilbər guşələrindən biri olan Naxçıvan Muxtar Respublikasına səfər etdim. Vətənimin şanlı tarixini qürurla daşıyan qalalar, türbələr məskəni və qəhrəmanlar diyarı doğma Naxçıvanın tarixini, adət-ənənəsini, insanlarını daha yaxından tanımaq imkanı əldə etdim. Gördüklərimi, eşitdiklərimi böyük fəxrlə sinif yoldaşlarım və məktəbli dostlarımla bölüşürəm.

Əziz Prezidentimiz, bizə göstərdiyiniz bu qayğıya görə həm öz adımdan, həm də bütün məktəblilər adından Sizə çox təşəkkür edirəm. Mən də bir məktəbli kimi Sizə söz verirəm ki, daim dərslərimi yaxşı oxuyacaq, Azərbaycanın layiqli vətəndaşı olmaq üçün bütün gücümlə və iradəmlə çalışacağam.

Hörmətlə,

11-ci sinif şagirdi

Şükürlü İsmayıl Cəfər oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi.