Məhərrəm Həsənovdan, Zaqatala, Azərbaycan
Hörmətli cənab Prezident.
Problemli kreditlərin həlli ilə bağlı qəbul etdiyiniz Fərman bütün Azərbaycan xalqının sevincinə səbəb olmuşdur. Bu, çox humanist və müdrik bir addımdır. Vətəndaşlar həm böyük bir yükdən azad oldu, həm də dövlətin onların problemlərini hər zaman diqqətdə saxladığını gördü.
Dağlıq Şirvan zonasında baş vermiş zəlzələ ilə əlaqədar həmin bölgəyə səfər etməyiniz, yerli əhali ilə görüşməyiniz, onların dərdinə şərik olmağınız, qəzalı vəziyyətə düşmüş evlərin tikintisi, təmir-bərpası ilə bağlı tapşırıq verməyiniz çox böyük işlərdir. Bütün bunlara görə Siz xalqın sevimlisinə çevrilmisiniz. Mən bir ağsaqqal kimi daim Sizin qəbul etdiyiniz qərarları, verdiyiniz Sərəncam və Fərmanları izləyir və bundan fərəhlənirəm. Fəxr edirəm ki, Azərbaycan xalqının taleyi Sizin kimi bir Prezidentə etibar edilib.
Cənab Prezident, mən, mənim ailəm və sağlam düşüncəli bütün insanlar Sizinlədir. Sizin hər bir çağırışınıza əməli işlə cavab verməyə hazırıq. Azərbaycanın hər bir bölgəsindəki inkişafı, sabitliyi, əmin-amanlığı görəndə Sizə qarşı olan inam, sevinc və məhəbbət hissi artır.
Belə çətin, ağır və şərəfli işdə Sizə uğurlar, möhkəm cansağlığı arzulayıram.
Hörmətlə,
Kənd ağsaqqalları adından
Həsənov Məhərrəm
Azərbaycan Respublikası, Zaqatala rayonu, Mamrux kəndi.