01 aprel 2019, 15:40

Azər Əzizovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən martın 23-26-da "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz, Culfa və Kəngərli rayonlarında səfərdə oldum. Səyahətimiz Heydər Əliyev Muzeyinə ziyarətlə başladı. Biz muzeydə Ulu Öndərin zəngin irsi ilə yaxından tanış olduq. Onun xalq qarşısındakı xidmətləri, mənalı ömür yolu, fəaliyyəti gözlərimiz qarşısında canlandı. Sonra biz yazıçı və şairlərin ev muzeylərində, xalça muzeyində, Əlincə qalasında, rəsədxanada, bayraq meydanında olduq. Orta məktəblərə və Naxçıvan Dövlət Universitetinə getdik, orada yeni əlaqələr qurdur, dostlar tapdıq.

Qədim Naxçıvanda gördüklərim məni ürəkdən sevindirdi. Hər yerdə tərəqqi və inkişafın şahidi oldum. Burada gördüyüm yüksək həyat şəraiti və gözəllikləri uzun müddət yadımdan çıxmayacaq. Biz bütün gördüklərimizlə qürur duyduq. Dövlətimizin diqqət və qayğısından, yaratdığı şəraitdən yararlanaraq biz daha həvəslə oxuyacaq, dövlətə, xalqa sədaqətli, vicdanlı vətəndaş olmağa çalışacağıq. Biz xalqımızın fəxri, qüruru, ömrünün son anına qədər millətini, Vətənini düşünən ulu öndərimiz Heydər Əliyevin müqəddəs ruhu qarşısında gələcəkdə ölkəmizə, xalqımıza layiqli vətəndaş kimi xidmət edəcəyimizə söz veririk.

Bu şansı bizə yaratdığınıza görə Sizə - ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına dərin təşəkkürümüzü bildiririk. Ətrafınızda sıx birləşərək hər zaman Sizə dəstək olacağıq.

Hörmətlə,

Əzizov Azər Əbülfəz oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.