29 mart 2019, 19:20

Əbil Zeynalovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə müstəqil Azərbaycan inkişaf və tərəqqi yolu ilə inamla irəliləyir. Son vaxtlar həyata keçirdiyiniz islahatlar, xüsusilə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə qəbul etdiyiniz qərarlar ölkə vətəndaşlarının hər birinin həyatına çox müsbət təsir göstərir, ümumilikdə xalqın rifahını yüksəldir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, ölkəmizin inkişafını təmin edən, bizi sabitliyə, əmin-amanlığa qovuşduran islahatlar yoluna sadiqliyinizlə Siz daim hər bir vətəndaşın yanında olduğunuzu, onun qayğı və problemlərinin həlli üçün bütün imkanlardan istifadə etdiyinizi sübuta yetirirsiniz.

Vətənini sevən, xalqın və dövlətin mənafeyini daim uca tutan, işğal altındakı torpaqlarımızın, gözəl Qarabağımızın taleyini düşünən hər bir vətəndaşımız Sizin daxili və xarici siyasətinizi bəyənir və dəstəkləyir. Siz Ali Baş Komandan olaraq Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini elə bir səviyyəyə çatdırmısınız ki, qəhrəman hərbçilərimiz nəinki ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə, hətta düşmənin müxtəlif vaxtlarda ələ keçirdiyi tarixi ərazilərimizdə belə zəfər bayrağını ucaltmağa hazır və qadirdirlər. Biz keçmiş döyüşçülər - müharibənin ağrı-acısını görmüş, məcburi köçkün düşüb yurd həsrəti çəkən insanlar Lələtəpə, Talış yüksəklikləri uğrundakı hərbi zəfərdə bu gerçəkliyin şahidi olaraq qəlbən qürur və fərəh hissi keçirmişik. Bu da həqiqətdir ki, biz düşmənə qarşı fədəkarlıqla vuruşanda o vaxt ölkə rəhbərliyində olan, bu gün isə özünü müxalifət elan edən səriştəsiz siyasətçilərin Vətənə xəyanət səviyyəsinə çatan cinayətkar əməlləri bütün zəhmətimizi puça çıxarıb, bizi ağır itkilərə məruz qoyub. Çox təəssüf ki, həmin şəxslər indi də cəmiyyətdə narazılıq yaratmağa, nifaq toxumu səpməyə cəhd göstərirlər. Öz Vətəninin mənafeyini əcnəbi ağalarının, hətta düşmən erməni millətçilərinin qəpik-quruşuna satıb xarici ölkələrdə özlərinə yuva salmış xəyanətkar ünsürlərin sosial şəbəkələrdəki həyasızlıqları, müstəqil dövlətimizə, nüfuzlu siyasi xadimlərimizə qarşı şər-böhtan kampaniyası aparmaları bizdə dərin hiddət doğurur. Onların damarında axan qan azərbaycanlı qanı deyil. Onlar Vətənin çörəyini yeyib haqqını qaytarmayan nankorlardır. Azərbaycan onun azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda can qoyanların, öz halal, fədakar əməyi ilə milli inkişafa töhfə verənlərin Vətənidir.

Cənab Ali Baş Komandan, bizi birləşdirən məhz Vətən sevgisidir, dövlətimizin başçısına olan inam və etimadımızdır. Bu gün Azərbaycan Qarabağ probleminin həllinə nail olmaq, torpaqlarımızı düşmən tapdağından azad etmək üçün hamılıqla Sizin ətrafinızda birləşmişik. Sizə daim dəstək olmaq mənəvi və vətəndaşlıq borcumuzdur. Üçrəngli müqəddəs bayrağımızın Qarabağın hər yerində dalğalanacağı gün uzaqda deyil.

Qarabağ müharibəsi əlilləri və veteranları adından dərin hörmətlə,

Zeynalov Əbil Cahangir oğlu, keçmiş tabor komandiri.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.