29 mart 2019, 14:55

Allahverdi Piriyevdən, Salyan, Azərbaycan

Möhtərəm cənab Prezident.

İlk növbədə, Sizi milli Novruz bayramımız münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, Azərbaycanın inkişafı və dünya arenasında yüksək nüfuz qazanması istiqamətində fəaliyyətinizdə uğurlar arzulayırıq.

Sizin apardığınız məqsədyönlü, ardıcıl islahatlar, imzaladığınız sosialyönümlü sərəncamlar xalqımız tərəfindən yüksək qiymətləndirilir. 2019-cu il martın 18-də imzaladığınız Sərəncam Salyan səhiyyəsinin inkişafına və müasirləşməsinə dövlət qayğısının daha bir nümunəsidir. Bütün bunlara görə Salyan rayon ziyalıları Sizə dərin təşəkkürlərini bildirirlər.

Cənab Prezident, biz ziyalılar inanırıq ki, xalqımızın rifahının yaxşılaşması üçün həyata keçirilən belə sosialyönümlü islahatlar davamlı olacaqdır. Ölkəmizin iqtisadi qüdrətinin artması, Sizin apardığınız düzgün siyasət buna tam əminlik yaradır. Salyanlılar həmişə dövlətə və dövlətçiliyə sadiq olublar, bu gün də buna tam əmin ola bilərsiniz.

Bütün salyanlılar Sizin kimi liderləri olduğu üçün qürur hissi duyurlar. Allah Sizi qorusun.

Hörmətlə,

Piriyev Allahverdi Əliyusif oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu.