25 fevral 2019, 10:40

Rüfət Qürbətzadə və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Son vaxtlar özünü xalqın dərdinə qalan adamlar kimi göstərən bəzi siyasətçilər xalqın istədiyini bir tərəfə qoyaraq, öz məqsədlərini önə çəkir və insanları normal işləməyə, normal yaşamağa qoymur, onların istəyinin əksinə hərəkətlər edirlər. Biz bir neçə sahibkar Yasamal rayonunun Şərifzadə küçəsində “Məhsul” stadionunun yaxınlığında icarəyə götürdüyümüz obyektlərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur, həm vətəndaşlara xidmət edir, həm də özümüzə və ailəmizə ruzi qazanırıq. Biz dövlətə öz qazancımızdan vergi ödəməklə ölkəmizdəki problemlərin həllinə bacardığımız köməyi edirik. Ancaq bizim işimizə hər dəfə “Məhsul” stadionunda keçirilən mitinqlər böyük maneə törədir. Burada kimlərinsə lazımsız və məntiqsiz çıxışları ilə xalqı aldadan üzdəniraq “xalq qəhrəmanları” başa düşmürlər ki, insanların yaxşı yaşaması üçün işləmək və çalışmaq lazımdır, boş-boşuna danışmaq yox. Təəssüf ki, mitinq günləri yolların bağlanması, həyat ahənginin tamamilə pozulması bizi işləməyə qoymur və bunlardan artıq cana doymuşuq. Sizdən artıq dərəcədə xahiş edirik ki, şəhərin bu gur yerində keçirilən mitinqlərin yaratdığı böyük narahatlığı nəzərə alaraq onların, ümumiyyətlə, qadağan edilməsi, yaxud insanlara narahatlıq yaratmayan yerlərdə keçirilməsi barədə müvafiq orqanlara göstəriş verəsiniz.

Hörmətlə,

Şərifzadə küçəsi 156 ünvanda yerləşən “Fatimə” aptekinin 6 nəfər işçisi adından

Rüfət Qürbətzadə - icarəçi,

həmin ünvandakı ət mağazasının 3 nəfər işçisi adından

Miramid Mustafayev - icarəçi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.