13 sentyabr 2011, 14:05

Yeni Günəşli qəsəbəsində yaşayan şahmat üzrə məşqçilərdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu ilin martında Yeni Günəşli sakinləri qəsəbədə yerləşən Cəlaləddin Naxçıvani adına Şahmat klubunun fəaliyyətinin yenidən bərpa edilməsi üçün Sizə müraciət etmişdir. Sizin göstərdiyiniz köməklik nəticəsində Şahmat klubu fəaliyyətini bərpa etmiş və sakinlərin istifadəsinə verilmişdi. Şahmat idman növünə maraq göstərən uşaqlar hazırda klubda bu oyunun sirlərini öyrənirlər.

Şahmat klubunun sökülüb yerində şahmat məktəbinin tikilməsi fikri isə bizi çox sevindirdi. Bu, Sizin təsdiq etdiyiniz “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın icrası yolunda atılmış layiqli addımdır.

Biz, idmançılar haqlı olaraq Sizi özümüzə arxa, dayaq bilirik. Çoxsaylı idmançılar ordusu Sizi həmişə dəstəkləyir.

Atalar yaxşı deyiblər ki, ot kökü üstündə bitər. Keçən əsrin 90-cı illərində ümummilli lider Heydər ƏIiyevin şahmatçılara göstərdiyi qayğıdan sonra ölkəmizdə şahmatın inkişafı kütləvi hal aldı. Biz məşqçilər bundan istifadə edib çempionlar nəsli yetişdirdik.

Göstərdiyiniz qayğı və köməkliyə, eləcə də xeyirxahlığınıza görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Yeni Günəşli qəsəbəsində yaşayan
şahmat üzrə məşqçilər Məhərrəmov Ramil,
Fərhadov Anar, Qurbanov Sahib, Gülalov Osman,
Nəsirov Məqsəd və
başqalarından (cəmi 21 imza).

Azərbaycan Respublikası, Bakı şəhəri.