Azərbaycan aşıqlarının 6-cı qurultayının iştirakçılarından, Bakı, Azərbaycan
Hörmətli Prezident cənab İlham Əliyev.
Bu gün Azərbaycanda həyata keçirilən quruculuq işləri, mədəni inqilab hər birimizdə yüksək qürur hissi yaradır. Mədəniyyətimizin bir çox sahələri kimi, milli musiqi dəyərlərimiz, xüsusən də muğam və aşıq sənətlərinin inkişafı üçün həyata keçirdiyiniz sistemli tədbirlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınması, milli sərvətimiz olan bu sənətə böyük qayğı və diqqət göstərilməsi biz yaradıcı insanlara yeni ruh verir. Son illərdə xeyli sayda aşığa Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü və “Əməkdar mədəniyyət işçisi” fəxri adı verməyinizi minnətdarlıqla qarşılayırıq.
Qurultayımızın yüksək səviyyədə keçirilməsinə yaratdığınız şərait və sənətimizə verdiyiniz dəyər Sizə olan ehtiramımızı daha da artırır. Ümidvarıq ki, Dədə Qorqud yadigarı olan bu qədim və möhtəşəm sənətin qorunması, inkişafı və təbliği daim diqqət mərkəzində olacaqdır.
Aşıqlarımız tarixən olduğu kimi, bu gün də dövlətçiliyimizin, müstəqilliyimizin, Vətən torpaqlarının birlik və bütövlüyünün tərənnümçüsü və mənəvi keşikçiləridir. Biz ulu öndərimiz Heydər Əliyev ideyalarının təbliğini sazımız və sözümüzlə dünyaya yaymaqdan qürur duyuruq. Xalqımızın qəhrəmanlıq, vətənpərvərlik, milli dövlətçilik ruhunun yüksəldilməsində, torpaqlarımızın birliyi, bütövlüyü uğrunda mübarizədə sinəmizdəki Koroğlu sazı susmaq bilmədən öz müqəddəs tarixi missiyasını şərəflə davam etdirəcəkdir.
Möhtərəm cənab Prezident, biz Azərbaycan aşıqları xalqımızın Sizə olan hörmət və məhəbbətini bir daha diqqətinizə çatdıraraq bildiririk ki, Azərbaycan xalqı Sizə inanır, güvənir və bütün fəaliyyətinizi ürəkdən dəstəkləyir.
Hörmətlə,
Azərbaycan aşıqlarının 6-cı qurultayının iştirakçıları.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.