Baxış Əliyevdən, Şirvan, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sentyabrın 15-də Bakı şəhərində keçirilən və bütün türk dünyası tərəfindən fəxrlə izlənən hərbi paradın möhtəşəmliyi bir məcburi köçkün kimi ürəyimi dağa döndərdi, bu yaşlı qəlbimi cavanlaşdırdı, qürur hissi ilə genişləndirdi.
1918-i il sentyabrın 15-də Bakı şəhərinin Qafqaz İslam Ordusunun köməyi ilə daşnak-bolşevik dəstələrinin əsarətindən azad olunması, heç şübhəsiz, Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bakının azad olunması həm də Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının möhkəmlənməsində müstəsna əhəmiyyət daşıyan hadisədir.
Sizin xüsusi dəvətinizlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın paradda iştirakı Türkiyə-Azərbaycan qardaşlığının parlaq sübutu olaraq həmvətənlərimizdə çox xoş təəssürat yaratdı. Ölkələrimizin hərbi texnikalarının birlikdə nümayiş etdirilməsi Azərbaycan-Türkiyə qardaşlığını bir daha bütün dünyaya göstərdi. Nümayiş etdirdi ki, bu qardaşlıq sarsılmazdır, göstərdi ki, ötən illər ərzində böyük inkişaf yolu keçmiş Azərbaycan Ordusu torpaqlarımızı azad etməyə hər an hazırdır.
Bütün bunlara görə Sizə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya, eyni zamanda, doğma qardaş kimi hər zaman Azərbaycanın arxasında dayanan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürlərimi bildirirəm.
Allah Sizləri qorusun, bütün türk dünyasına böyük zəfərlər qismət etsin.
Dərin hörmət və ehtiramla,
Əliyev Baxış.
Azərbaycan Respublikası, Şirvan şəhəri.