Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin giriş nitqi

09 aprel 2018, 11:00
Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin giriş nitqi

Hər il olduğu kimi, bu il də aprel ayının birinci ongünlüyündə biz ilin birinci rübünün sosial-iqtisadi yekunlarını müzakirə edirik, gələcək planlar haqqında danışırıq. Mən ilin əvvəlində demişdim, əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu il olacaq və birinci rübün yekunları bu sözləri təsdiqləyir. Azərbaycan bu müddət ərzində uğurla inkişaf etmişdir, qarşımızda duran bütün vəzifələr artıqlaması ilə yerinə yetirilir, ölkəmiz güclənir, hərtərəfli inkişaf edir. Əminəm, biz bu müsbət dinamikanı ilin sonuna qədər saxlayacağıq, bunu daha da artıracağıq ki, ölkəmiz 2018-ci ili də uğurla başa vursun.

Bu ilin birinci rübündə ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bu tədbirlər ölkəmizin beynəlxalq nüfuzunu artırır, Azərbaycanı dünyaya müasir, inkişafda olan ölkə kimi təqdim edir. Mən bu tədbirlər arasında VI Bakı Qlobal Forumunu xüsusilə qeyd etmək istəyirəm. Bu Forum qısa müddət ərzində dünya miqyasında böyük hörmət qazanmış bir beynəlxalq platformadır. Dünyada keçirilən aparıcı forumlar arasında Bakı Beynəlxalq Forumu qısa müddət ərzində öz layiqli yerini tuta bilmişdir. Bunu təsdiqləyən həm Forumda müzakirə olunan məsələlərdir, həm də gələn qonaqların siyahısıdır. Bu dəfə Forumda 50-dən çox ölkədən 47 fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısı iştirak etmişdir. Yəni, bu, Forumun əhəmiyyətini göstərir. Dünya liderlərinin Foruma göndərdikləri məktublar, əlbəttə, göstərir ki, bu Forum doğrudan da böyük beynəlxalq tədbirdir. Birinci rübdə ölkəmizə 7 dövlət və hökumət başçısı səfər etmişdir. Bu səfərlər də ölkəmizin dost ölkələrlə ikitərəfli münasibətlərinin inkişafı üçün önəmli rol oynayır.

Bizim təşəbbüsümüzlə bu il ilk dəfə olaraq regional əməkdaşlıq çərçivəsində qonşularımızla dördtərəfli əməkdaşlıq formatına start verildi. Əlbəttə ki, regionda yaşanan problemlərin həlli, sabitliyin, təhlükəsizliyin, inkişafın təmin edilməsi üçün bu əməkdaşlıq formatı və digər əməkdaşlıq formatları böyük rol oynayır. Bu il ölkəmizdə Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçirilmişdir. Bu, çox önəmli beynəlxalq tədbirdir. Bildiyiniz kimi, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci böyük təşkilatdır. Biz bu təşkilata 7 il bundan əvvəl üzv olmuşuq və qısa müddət ərzində təşkilatda böyük rəğbət və hörmət qazana bilmişik. Məhz bunun nəticəsidir ki, belə bir mötəbər beynəlxalq tədbir məhz ölkəmizdə keçirilir. Ondan da əlavə qeyd etmək istərdim ki, gələn ildən başlayaraq Azərbaycan dünyanın ikinci böyük təşkilatına sədrliyi öz üzərinə götürəcəkdir. Bu, 120 ölkənin Azərbaycana olan böyük hörmətinin, inamının təzahürüdür. Bu böyük təşkilat çərçivəsində Azərbaycan çox uğurlu fəaliyyət göstərir.

Qeyd etməliyəm ki, Qoşulmama Hərəkatı bizim təşəbbüsümüzlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair önəmli qətnamə qəbul etmişdir. Bu dəfə də Bakıda keçirilmiş konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimiz, yəni, ədalətli mövqe bir daha təsdiqləndi.

Bütün bu beynəlxalq tədbirlər çərçivəsində və eyni zamanda, Azərbaycana edilən səfərlər, ikitərəfli formatda aparılan danışıqlar nəticəsində bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. Deyə bilərəm ki, mən bütün görüşlərdə həmkarlarıma və görüşdüyüm şəxslərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini, münaqişə ilə bağlı həqiqətləri çatdırıram. Hər dəfə bildirirəm ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, işğalçı dövlət tərəfindən işğal edilib. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır, torpaqlarımız işğal altındadır, tarixi abidələrimiz, məscidlərimiz erməni vandalları tərəfindən dağıdılıbdır. Bildirirəm ki, bütün beynəlxalq təşkilatlar bu münaqişə ilə bağlı ədalətli, beynəlxalq hüquqa söykənən qərar və qətnamələr qəbul etmişlər və bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu görüşlərin və ümumiyyətlə, bu istiqamətdəki fəaliyyətimizin nəticəsi ondan ibarətdir ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqi baza tam yaradılıb və heç bir dövlət qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır və tanımayacaq. Kriminal xunta rejimi tərəfindən ötən il keçirilmiş dırnaqarası referendumu da heç kim tanımayıb. Bu, işğalçılara beynəlxalq aləm tərəfindən vurulan növbəti bir zərbədir. Bizim səylərimiz nəticəsində bu qondarma qurum regionun xəritəsində qara ləkə kimi tanınır və biz bundan sonra da bu istiqamətdə ardıcıl fəaliyyətimizi göstərməliyik. Beynəlxalq təşkilatlardakı fəaliyyətimiz çox önəmlidir. Düzdür, bunun praktiki nəticələri yoxdur, torpaqlarımız hələ də işğal altındadır. Biz torpaqlarımızın bir hissəsini hərbi yolla azad etdik, ancaq bununla bərabər münaqişənin həlli üçün hüquqi baza əsas şərtdir. Bu məsələdə Azərbaycan tam üstünlüyü əldə edib və növbəti illərdə beynəlxalq təşkilatlardakı fəaliyyətimiz daha da güclənəcək.

Onu da qeyd etməliyəm ki, bizim fəaliyyətimiz nəticəsində və eyni zamanda, Avropada baş qaldıran separatizmə qarşı yaranan yeni yanaşma nəticəsində Avropa İttifaqında münaqişələrlə bağlı Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin konfransında qəbul edilmiş qətnamə də ədaləti və beynəlxalq hüququ əks etdirir. Qətnamədə bu proqrama daxil olan ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı bir daha təsdiqləndi. Bununla bərabər, biz münaqişənin həlli ilə bağlı bütün başqa istiqamətlərdə ardıcıl siyasətimizi aparırıq və aparacağıq. İlk növbədə, siyasi yanaşmadan sonra hərbi amil əlbəttə ki, öz rolunu oynayır və oynayacaqdır. Ordu quruculuğu bu gün də bizim üçün prioritet məsələdir, sabah da prioritet məsələ olacaq. Biz son illər ərzində güclü hərbi potensial yarada bilmişik, o potensial ki, bu gün Azərbaycan Ordusunu dünya miqyasında güclü ordular sırasına daxil edibdir. Bunu beynəlxalq məsələ ilə məşğul olan bütün qurumlar və reytinqlər təsdiqləyir. Biz bundan sonra da ən müasir silah, sursat, texnika alacağıq ki, daim hərbi üstünlük təmin edilsin, necə ki, bu gün bu, təmin edilir.

Bu il Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirmişdir. Bu təlimlər bir daha bizim gücümüzü göstərdi, düşməni qorxuya saldı. Bilirik ki, bir neçə gün ərzində onlar panika içərisində idilər, səbirsizliklə gözləyirdilər ki, bu təlimlər başa çatsın. Yəni, bu, artıq reallıqdır, həqiqətdir. Hərbi amil münaqişənin ədalətli həlli üçün mühüm rol oynayır və biz bundan sonra da hərbi potensialımızı gücləndirəcəyik.

Bununla paralel olaraq bizim demək olar ki, bütün regional addımlarımız, təşəbbüslərimiz həm ölkəmizin maraqlarının təmin edilməsinə, Azərbaycan iqtisadiyyatının inkişafına, eyni zamanda, işğalçı dövlətin təcrid vəziyyətinə salınmasına hesablanıbdır. Bütün bu amillər artıq birləşib və öz səmərəsini verməkdədir. Ermənistan bu gün heç bir maraq doğurmayan ölkədir, heç bir investisiya qoyulmur. Müqayisə üçün deyə bilərəm ki, bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulubdur ki, bunun böyük əksəriyyəti xarici sərmayədir. Ermənistan iqtisadiyyatına isə keçən il ümumilikdə 200 milyon dollardan bir qədər çox vəsait qoyulmuşdur, onun da böyük payı xaricdə yaşayan diaspor təşkilatlarının üzərinə düşür. Yəni, bu, müqayisəedilməz vəziyyətdir və əlbəttə ki, biz bundan sonra da Ermənistanı bütün regional layihələrdən kənarda qoyacağıq. Bu gün Ermənistan bir dalana çevrilibdir. Biz onları siyasi dalana, iqtisadi, enerji, nəqliyyat dalanına çeviririk və bu siyasət davam etdiriləcək. Biz bunu gizlətmirik, açıq şəkildə bəyan edirik və biz haqlıyıq. Biz öz torpaqlarımızı istəyirik. Biz istəyirik ki, münaqişə tezliklə öz həllini tapsın, ölkəmizin ərazi bütövlüyü bərpa edilsin, soydaşlarımız öz doğma torpaqlarına qayıtsınlar. Bu, bizim üçün prioritet məsələdir. Bütün gücümüzü səfərbər etmişik ki, bu məsələnin həllinə nail olaq.

Əlbəttə, mən dəfələrlə demişəm, biz öz istəyimizə nail olmaq üçün daha da güclü olmalıyıq. Ermənistandan fərqli olaraq biz öz hesabımıza yaşayırıq, öz taleyimiz öz əlimizdədir. Əlbəttə, belə olan halda iqtisadi siyasət ön plana çıxır. Mən dəfələrlə demişəm ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır və bu istiqamətdə birinci rübün yekunları çox müsbətdir. Mən keçən ilin sonlarında demişdim ki, 2017-ci il sabitləşmə ili olubdur. Hətta 2017-ci ildə qeyri-neft sektorunun inkişafında çox müsbət nəticələr olmuşdur. Ancaq 2018-ci ilə gəldikdə, şübhəsiz qeyd edirdim ki, bu, uğurlu və sürətli inkişaf ili olacaqdır. Birinci rübün yekunları, sosial-iqtisadi göstəriciləri mənim sözlərimi təsdiqləyir. Beləliklə, birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artmışdır. Bu, çox gözəl göstəricidir və dünya miqyasında mövcud olan artımdan daha yüksək göstəricidir. Qeyri-neft sektorumuz isə təxminən 3 faiz artmışdır. Bu da iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsidir.

Birinci rübdə sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz artmışdır. Bu da ölkəmizdə son illər ərzində aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Qeyri-neft sənayemiz 10 faiz artıb və hesab edirəm ki, bu, rekord göstərici sayıla bilər. Kənd təsərrüfatı 4,2 faiz artıb. Bu artımın tərkibində biz daha çox bitkiçiliyin artımını görürük, 50 faizdən çox artmışdır. Bu da son illər ərzində ənənəvi və digər texniki məhsulların yetişdirilməsi ilə bağlıdır. Bu da çox müsbət göstəricidir.

Qeyd etdiyim kimi, ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulubdur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Bu, onu göstərir ki, ölkəmiz xarici investorlar üçün çox cəlbedicidir.

Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artmışdır və hazırda 44,2 milyard dollara bərabərdir. Hesab edirəm, 3 ay ərzində 2 milyard dollardan çox artan valyuta ehtiyatlarımız bir tərəfdən onu göstərir ki, biz ehtiyatlarımızdan çox qənaətlə istifadə edirik, digər tərəfdən, bu, son illər ərzində apardığımız uğurlu neft siyasətinin nəticəsidir. Çünki bu vəsaitin tərkibində keçən il imzalanmış “Azəri-Çıraq-Günəşli” yatağının istismar müddətinin uzadılması ilə bağlı kontraktdan irəli gələn 450 milyon dollar bonus da vardır.

Bizim xarici ticarət dövriyyəmiz 31 faiz artmışdır. Bu da çox gözəl göstəricidir. İxrac isə 37 faiz artmışdır, daha doğrusu, qeyri-neft ixracı. Ümumi ixrac 24 faiz, qeyri-neft ixracı 37 faiz artmışdır. Bu da bizim siyasətimizin bariz nümunəsidir. Çünki ixracın şaxələndirilməsi iqtisadi sahədə əsas prioritet məsələdir ki, biz daha çox qeyri-neft sektorundan valyuta əldə edək və beləliklə, yerli istehsal güclənsin, yeni iş yerləri yaradılsın və ölkəmiz daha da sürətlə inkişaf etsin.

İş yerlərinin açılmasına gəldikdə, birinci rübdə 34 min yeni iş yeri yaradılmışdır ki, onlardan 31 mini daimi iş yeridir. Artıq biz 1 milyon 500 min iş yerinin yaradılmasına yaxınlaşırıq. Əgər biz birinci rübün rəqəmlərini də əlavə etsək, 2004-cü ildən bu günə qədər Azərbaycanda təxminən 1 milyon 500 min yeni daimi iş yeri yaradılmışdır.

Bu iqtisadi göstəricilərimiz əlbəttə ki, bizi çox sevindirir. Onu da əlavə etməliyəm ki, inflyasiya birinci rübdə cəmi 4 faiz olmuşdur. Bu barədə də mən ilin əvvəlində öz fikirlərimi bildirmişdim və qeyd etmişdim ki, əminəm, inflyasiya aşağı səviyyədə olacaq və əhalinin gəlirləri inflyasiyanı qabaqlayacaq. Belə də oldu. Əhalinin gəlirləri təxminən 10 faiz artmışdır, inflyasiya isə cəmi 4 faiz. Bax, budur bizim birinci rübdə əldə edilmiş əsas sosial-iqtisadi göstəricilərimiz. Hesab edirəm ki, hər bir ölkə bu göstəricilərlə fəxr edə bilər, o cümlədən biz. Bu, onu göstərir ki, biz düzgün yoldayıq. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Biz güclü iqtisadiyyat yaradaraq, eyni zamanda, sosial məsələlərin həllində addımlar atırıq. Əgər iqtisadi imkanlarımız olmasaydı, biz nəyin hesabına pensiyaları, maaşları qaldıra bilərdik, nəyin hesabına böyük investisiya qoya bilərdik, infrastruktur layihələrini nəyin hesabına həyata keçirə bilərdik?! İqtisadi güc və ondan əlavə bizim siyasətimiz bütün bu reallıqları yaradır.

Sosial məsələlərin həllinə gəldikdə, qeyd etməliyəm ki, birinci rübdə maaşlar və pensiyalar artırıldı. Bu məqsədlər üçün dövlət büdcəmizdən yüz milyonlarla manat vəsait ayrıldı. Bu addım bir daha onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İmkan yarandıqca biz dərhal birinci addımı sosial istiqamətdə atdıq. İnsanların sosial müdafiəsinin təmin edilməsi üçün praktiki addımlar atmışıq.

O ki qaldı, sosial infrastrukturun yaradılmasına, birinci rübdə Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapır. Yeni xəstəxanalar, məktəblər tikilir. İlin əvvəlindən mənim tərəfimdən bu məsələlərin həlli üçün bir çox sərəncamlar verilmişdir. Yeni idman obyektləri, yeni “ASAN xidmət” mərkəzləri tikilir. Yəni, bu gün Azərbaycanda tikinti sektorunda böyük canlanma var. Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə sosial evlərin tikintisində irəliləyiş var. Ümumiyyətlə, indi özəl sektora, tikinti sektoruna böyük vəsait qoyulur. Təkcə Bakı şəhərində təqribən 150-yə yaxın hündürmərtəbəli binanın tikintisi nəzərdə tutulur. Onların bir çoxunun tikintisi başlamışdır. Bu, əlbəttə ki, tikinti sektoruna, tikinti materialları sektoruna müsbət təsir göstərir və yeni iş yerləri yaradır. Qeyd etməliyəm ki, biz bu il dövlət sektorunda da əlavə iş yerləri yaratmaq fikrindəyik. Həm dövlət qurumlarında, həm rayon icra hakimiyyətləri nəzdində yaradılan yeni qurumlar insanları işə cəlb edir. İctimai işlərə və dövlət şirkətlərində çalışmaq üçün cəlb edilənlərin sayını biz nəzərə alsaq, bu il ancaq dövlət sektorunda təqribən 50 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu addımı biz iki il bundan əvvəl atmağa başlamışıq, o dövrdə ki, dünya iqtisadi böhranı bizə müəyyən dərəcədə mənfi təsir göstərmişdir. Bəzi iş yerləri ixtisara düşürdü, bəzi özəl qurumlar işçiləri işdən azad edirdilər. Ona görə dövlət dərhal öz addımını atdı və biz on minlərlə ictimai iş yeri yaratmışıq və bu gün bu proses davam edir. Xüsusilə bölgələrdə olarkən mən daim ictimai işlərlə maraqlanıram. Bu, bölgələrdə işsizliyi aşağı səviyyədə saxlamaq üçün çox önəmli addımdır. Hər bir rayonda yüzlərlə insan ictimai işlərə cəlb olunur. Nəzərə alsaq ki, indi Azərbaycanda o qədər böyük quruculuq, təmir işləri aparılır - binaların təmiri, parkların salınması, o parklara xidmət məsələləri. Əsas məqsədimiz işsizliyi daim aşağı səviyyədə saxlamaqdır. Yəni, sosial məsələlərin həlli bilavasitə iqtisadi imkanlarımıza bağlıdır. Biz iqtisadi cəhətdən nə qədər güclü olsaq, sosial məsələlər də o qədər uğurla öz həllini tapacaqdır.

Birinci rübdə bütün infrastruktur layihələri uğurla icra edilib. Əlbəttə ki, biz Cənub Qaz Dəhlizinin yaradılması ilə bağlı çox önəmli addımlar atmışıq. Fevral ayında Bakıda 4-cü Məşvərət Şurası keçirilmişdir. Bu Məşvərət Şurasında aparılan müzakirələrin nəticəsində bəyanat qəbul edilmişdir. Bu sənəddə ölkəmizin liderliyi bir daha əksini tapır. Cənub Qaz Dəhlizinin reallaşmasına az vaxt qalıb. Biz bu istiqamətdə uğurla addımlayırıq. Bu il bu layihənin 3 önəmli hissəsi başa çatacaq - TANAP, Cənubi Qafqaz Kəməri və “Şahdəniz-2”. Yəni, bu, tarixi nailiyyətimizdir və biz bu il bu istiqamətdə önəmli addımlar atmışıq.

Bu il nəqliyyat sektorunda əldə edilmiş razılaşmalar da, - onlar əslində əvvəlki illərdə görülmüş işlərin əsasında əldə edilibdir, - Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasına gətirib çıxaracaq. Onun çatışmayan hissəsinin tikintisinə təkan verildi. Bildiyiniz kimi, Azərbaycan öz ərazisində Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün işləri tamamlayıb. Bundan sonra ancaq dəmir yolunun modernləşdirilməsi ilə bağlı işlər aparılacaq ki, sürət daha da artsın. Amma bizim bütün dəmir yolu infrastrukturu - şimal və cənub sərhədlərimizi birləşdirən dəmir yolu vardır. Vəsait qoyulub və indi biz bu məsələyə regional baxımdan ciddi diqqət göstəririk. Birinci rübdə bu istiqamətdə çox önəmli addımlar atılmışdır.

Ölkəmizdə ümumi inkişaf dinamikası çox müsbətdir. Ölkəmiz dünyada daha çox tanınır və turistlərin sayı getdikcə artır, birinci rübdə 12,5 faiz artmışdır. Əgər biz əvvəlki illəri də nəzərə alsaq görərik ki, bu dinamikada ardıcıllıq vardır. Bunun da bir çox səbəbləri var - Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, tarixi abidələrimiz, infrastruktur, 6 beynəlxalq aeroport, yollar, otellər. Əlbəttə ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanı dünyaya təqdim edir. Onların arasında Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, “Eurovision” müsabiqəsi və Formula 1 yarışları xüsusi rol oynayır. Çünki Formula 1 yarışlarının tamaşaçı auditoriyası yarım milyard insana bərabərdir. Bu yarışlar şəhərimizin mərkəzində keçirilir. Biz onu xüsusilə belə təşkil etmişik ki, şəhərimiz göstərilsin, bu yarışa baxan azarkeşlər təkcə o yarışı görməsinlər, şəhərimizin gözəlliyini, müasirliyini görsünlər və daha çox Azərbaycana turist kimi gəlsinlər.

Bir sözlə, birinci rübün yekunları müsbətdir. Əlbəttə ki, üç ay ərzində daha bir sıra önəmli məsələlər öz həllini tapıb. Bir giriş sözümdə onların hamısını əhatə etmək mümkün deyil. Sadəcə olaraq, mən əsas məsələlər ətrafında fikirlərimi xalqa bildirdim. Azərbaycan xalqı bilir ki, Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilən toplantıları həm praktiki məsələlərin həllinə xidmət edir, eyni zamanda, bu, görülən işlər haqqında xalqa verilən hesabatdır.