İlham Əliyev Dünya azərbaycanlılarının III qurultayında iştirak etmişdir

05 iyul 2011, 14:00
İlham Əliyev Dünya azərbaycanlılarının III qurultayında iştirak etmişdir

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ötən dövr ərzində milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirmiş, iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun şəksiz lider dövlətinə çevrilmişdir. Əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin möhkəmlənməsinə, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuş, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırmış, ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün zəmin yaratmışdır.

Azərbaycan Respublikasının hər bir uğuru, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün həmvətənlərimizin də qəlblərində böyük qürur və iftixar hissi doğurur. Bunu iyulun 5-də Bakıda öz işinə başlayan Dünya azərbaycanlılarının III qurultayında iştirak etmək üçün paytaxta gələn qonaqların hamısı etiraf edirlər.

Dünya azərbaycanlılarının I qurultayı 2001-ci il noyabrın 9-10-da ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə keçirilmişdir. Məhz bu qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etmiş, milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur.

Qurultay müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyi və fəallığının artmasına ciddi təsir göstərmişdir. Həmin qurultayda ulu öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı dillər əzbəri olmuşdur.

Azərbaycan Prezidentinin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması həmin il dekabrın 27-də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirmişdir.

Ulu öndərimiz xaricə səfərləri zamanı iş cədvəlinin zənginliyinə və gərginliyinə baxmayaraq mütləq həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından maraqlanmış, tövsiyələrini vermişdir.

Ümummilli liderimizin ideya və prinsiplərinə sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyev də ulu öndərin bu siyasətini uğurla davam etdirir. Dövlətimizin başçısının Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək məqsədi ilə 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq həmin il martın 16-da Bakıda Dünya azərbaycanlılarının II qurultayı keçirilmişdir. Bu mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuşdur.

Bir il sonra - 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumu isə bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilmiş, Azərbaycan Prezidentinin türk dünyasının birliyinə verdiyi önəmin parlaq təzahürü kimi tarixə düşmüşdür.

Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzalamışdır.

Həmin il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edilmişdir.

Beləliklə, dövlətimizin diaspor siyasəti xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesi ilə özünün yeni mərhələsinə qədəm qoymuşdur. İndi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirirlər.

Hazırda dünyanın əksər ölkələrində Azərbaycan icmaları üçrəngli bayrağımız altında fəaliyyət göstərir. Azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması, onların diaspor hərəkatındakı iştirakı da uğurla gedir.

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı isə özünün çoxşaxəli fəaliyyəti ilə əsl nümunə nümayiş etdirir. Qurumun sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr, həyata keçirilən tədbirlər Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.

Bu meyil Avropa ölkələrində də özünü yüksək səviyyədə göstərir. 2010-cu ilin noyabrında Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I Konqresi keçirilmişdir. Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan gəncliyi Dövlət Proqramına uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyinin keçirdiyi bu tədbirdə 25 ölkədən azərbaycanlı gənclər, 41 diaspor təşkilatının rəhbərləri iştirak etmişlər. Konqres xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuq işinə cəlb olunması, onların ictimai-siyasi fəallığının artırılması yönündə daha bir mühüm addım olmuşdur.

Bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bu gücün təməlində təkcə iqtisadi və hərbi qüdrətimiz deyil, həm də sıx birliyimiz dayanır. Ona görə də harada yaşadığımızdan asılı olmayaraq, milli birlik və həmrəylik ideyaları soydaşlarımızı birləşdirən əsas dəyərlər kimi hər birimizin düşüncəsinə hakim kəsilməlidir. İndi sürətlə inkişaf edən ölkəmiz bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzidir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz isə azərbaycançılıq amalı ətrafında milli birlik və həmrəylik nümayiş etdirir, bütün qüvvə və bacarıqlarını ümummilli məqsəd naminə səfərbər edirlər.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında bu il yanvarın 21-də imzaladığı Sərəncama uyğun olaraq keçirilən Dünya azərbaycanlılarının III qurultayında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm, ictimai və mədəniyyət xadimləri, iş adamları Bakıya gəlmişlər.

İyulun 5-də Heydər Əliyev Sarayında Dünya azərbaycanlılarının III qurultayı öz işinə başladı.

Qurultaydan əvvəl çoxsaylı nümayəndələr səhər tezdən Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Onlar ulu öndərin xatirəsini dərin ehtiramla anaraq, abidəsi önünə əklil qoydular, gül-çiçək dəstələri düzdülər.

Sonra qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər qoydular.

Daha sonra qurultay nümayəndələri Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini böyük ehtiramla yad etdilər. Onlar şəhid məzarları üzərinə güllər düzdülər, “Əbədi məşəl” abidəsi önünə tər çiçəklərdən hörülmüş əklil qoydular.

Qurultay nümayəndələri şəhid türk əsgərlərinin xatirə abidəsini də ziyarət etdilər və əklil qoydular.

Heydər Əliyev Sarayının foyesində Azərbaycan diasporuna dövlət qayğısını əks etdirən fotosərgi təşkil edilmişdir. Stendlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin ötən qurultaylarda və müxtəlif dövrlərdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlərində çəkilmiş fotoşəkillər, milli diasporumuzun inkişafı ilə bağlı imzalanmış fərman, sərəncam və qanunların nüsxələri, diaspor quruculuğundan, respublikamızın sosial-iqtisadi inkişafından, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən bəhs edən kitablar və jurnallar, milli adət-ənənələrimizi, mədəniyyətimizi təbliğ edən videomateriallar nümayiş etdirilirdi.

Foyedə Ermənistanın Azərbaycana hərbi təcavüzündən, xalqımıza qarşı törətdiyi soyqırımı siyasətindən, həmçinin Milli Təhlükəsizlik Nazirliyinin, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının hazırladığı materiallardan ibarət fotosərgi də təşkil olunmuşdu.

İştirakçıların hər birinə III qurultaya aid materiallar, Azərbaycan haqqında məlumatlar paylandı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qurultayda iştirak etmək üçün saraya gəldilər.

Qurultay nümayəndələri və qonaqlar dövlətimizin başçısını və xanımını hərarətlə, sürəkli alqışlarla qarşıladılar.

Salonda ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan diasporu ilə bağlı müdrik kəlamları yazılmış transparantlar asılmışdı.

Məlumat verildi ki, aparılmış qeydiyyatın nəticələrinə görə qurultayın işində dünyanın 42 ölkəsindən seçilmiş 600 nümayəndədən 579 nəfəri, habelə dünyanın 30 ölkəsindən 211 nəfər qonaq qismində iştirak edir. Qurultayda Azərbaycan Respublikası 677 nümayəndə və 405 nəfər qonaqla təmsil olunur. Ümumilikdə 1872 nəfər qeydiyyatdan keçmişdir. Yetərsay vardır. Qurultay öz işinə başlaya bilər.

Dünya azərbaycanlılarının III qurultayı açıq elan edildi.

Azərbaycan Respublikasının dövlət himni əzəmətlə səsləndi.

Qurultay iştirakçıları dünya azərbaycanlılarının təşkilatlanması, ümumi məqsəd və vahid azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi üçün tarixi xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin xatirəsini birdəqiqəlik sükutla yad etdilər.

Sonra “Gücümüz birliyimizdədir!” sənədli filmi nümayiş etdirildi.

Azərbaycan Prezidenti İlham Əliyev qurultayda geniş nitq söylədi

Dünya azərbaycanlılarının III qurultayında Prezident İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar!

Əziz qonaqlar!

Əziz həmvətənlər!

Mən sizin hamınızı Dünya azərbaycanlılarının III qurultayının açılışı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Hər birinizə cansağlığı, uğurlar arzulayıram.

Bu qurultay çox əlamətdar bir hadisədir. Azərbaycanda Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi artıq gözəl ənənəyə çevrilmişdir. Bu ənənənin təməlini 2001-ci ildə ulu öndər Heydər Əliyev qoymuşdur. Onun təşəbbüsü ilə Bakıda ilk dəfə olaraq dünya azərbaycanlıları bir araya gəldilər, çox gözəl qurultay keçirildi. Ondan sonra dünyada yaşayan azərbaycanlıların təşkilatlanması üçün yeni şərait yaradılmışdır.

2002-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. İndi onun adı Diasporla İş üzrə Komitədir. Bütün qitələrdə yaşayan soydaşlarımız komitənin fəaliyyəti nəticəsində öz təşkilatlarını yaratmışlar. Bu təşkilatlar bu gün artıq bütün qitələrdə, bütün ölkələrdə uğurla fəaliyyət göstərirlər.

Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün ulu öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi elan edilmişdir. Bu gün 31 dekabr bizim milli bayramımızdır.

Bu gün nümayiş olunan filmdə ölkəmizin inkişafının müxtəlif istiqamətləri göstərilmişdir. Azərbaycan bu il müstəqilliyinin 20 illik yubileyini qeyd edir. Bu 20 il ərzində biz böyük və şərəfli yol keçmişik. İyirmiillik yubileyi qeyd edərkən ölkəmiz, xalqımız üçün ulu öndər Heydər Əliyevin verdiyi töhfələri bir daha yada salırıq. Müstəqil Azərbaycan üçün ən həlledici anlarda Azərbaycan xalqının tələbi ilə rəhbərliyə gəlmiş Heydər Əliyev ölkəmizi bəladan, faciədən, vətəndaş müharibəsindən qurtara bilmişdir.

1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan müstəqilliyə qovuşmuşdur. Ancaq o vaxt ölkədə gedən proseslər və mövcud olan ağır vəziyyət müstəqilliyimizi sual altına qoymuşdu. Ölkədə xaos, anarxiya, kütləvi itaətsizlik hökm sürürdü. İqtisadi və siyasi tənəzzül faktiki olaraq ölkəmizi uçuruma aparırdı. Bundan əlavə, Ermənistanın Azərbaycana qarşı təcavüzü və təcavüz nəticəsində torpaqlarımızın işğal altına düşməsi, daxili çəkişmələr, qarşıdurmalar və vətəndaş müharibəsinin başlanması – bütün bunlar müstəqilliyimizin ilk illərinin hadisələri idi.

1993-cü ildə Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində bütün xoşagəlməz hallara son qoyuldu. Ölkəmizdə sabitlik yarandı və Azərbaycanda inkişaf dövrü başlandı. Ona görə biz tam əminliklə və qətiyyətlə deyirik: Heydər Əliyev müstəqil Azərbaycanın banisidir, müstəqil Azərbaycanın qurucusudur. Bu gün Azərbaycan onun qoyduğu yolla gedərək inkişaf edir.

Azərbaycanın inkişaf istiqamətləri 1993-cü ildə və dövlətçiliyimizin formalaşmasının ilk illərində müəyyən edilmişdir. O dövr üçün bu təşəbbüslər həlledici məna daşıyırdı. Çünki bu gün Azərbaycanın reallıqları məhz o dövrdə müəyyən edilmiş və seçilmiş istiqamətlər üzərində qurulmuşdur. Düzgün istiqamət seçilmişdir: Azərbaycan dünya birliyinə inteqrasiya etməli, açıq qapılar siyasəti aparmalı, xarici investisiyaları cəlb etməli idi. Biz bütün bunlara nail ola bilmişik. Azərbaycanda demokratik, dünyəvi dövlətin qurulması da məhz Heydər Əliyevin siyasətinin nəticəsidir. Bu gün Azərbaycan sürətlə və uğurla inkişaf edən ölkədir. Ölkəmizdə siyasi proseslər çox müsbət istiqamətdə gedir. Siyasi sistem təkmilləşir. Ölkəmiz demokratik əsaslarla idarə olunur. Söz, vicdan, mətbuat azadlığı, insan hüquqlarının qorunması məsələləri bizim üçün prioritetdir. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Biz bütün beynəlxalq qurumlarla, beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq aparırıq.

Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. Bizim Əsas Qanunumuz imkan verir ki, ölkəmiz uğurla və sürətlə inkişaf etsin.

Ölkə qarşısında duran vəzifələr icra edilir. Bir daha demək istəyirəm ki, 1990-cı illərdə düzgün müəyyən edilmiş istiqamət bugünkü reallıqlara gətirib çıxarmışdır. Bu gün Heydər Əliyev siyasəti yaşayır, davam etdirilir və yeni formalarla zənginləşdirilir.

Azərbaycanda müasir dövlət quruculuğu prosesi uğurla gedir. Eyni zamanda, biz milli mənəvi dəyərlərimizə də çox sadiqik, onları qoruyuruq. Azərbaycan dəyərləri bizim üçün müstəsna əhəmiyyət daşıyır. Əsrlər boyu Azərbaycan xalqı milli mənəvi dəyərlərini, ana dilini – Azərbaycan dilini qoruya bilmişdir. Bu gün müasir Azərbaycan dövləti bu möhkəm təməl üzərində yaranır, güclənir və bölgədə, regionda artıq çox mühüm amilə çevrilibdir.

Bizim milli dəyərlərə bağlılığımız Azərbaycan xalqının iradəsinin əlamətidir. Bununla bərabər, dünyada mövcud olan və bizim üçün məqbul sayılan ən mütərəqqi təcrübə Azərbaycanda tətbiq olunur. Azərbaycanda geniş modernləşmə siyasəti aparılır. Həyatımızın bütün istiqamətlərində modernləşmə əlamətlərini görə bilirik. Biz bundan sonrakı dövrdə də bu siyasətə sadiq qalacağıq.

Azərbaycanda, eyni zamanda, güclü iqtisadi potensial yaradılmışdır. Son illər ərzində aparılan iqtisadi islahatlar nəticəsində ölkə tam şəkildə özünü təmin edə bilir və hətta dünya üçün çox böyük problemlər yaratmış maliyyə və iqtisadi böhran Azərbaycana çox az təsir etmişdir. Ən böhranlı illərdə - 2008-ci, 2009-cu, 2010-cu illərdə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir, iqtisadiyyatımız artmışdır.

Azərbaycanda siyasi və iqtisadi islahatlar bir-birini tamamlayır. Məqsədimiz ondan ibarətdir ki, bu islahatların dərinləşməsi nəticəsində güclü, müasir dövlət yaradılsın. Biz artıq bu istiqamətdə çox böyük nailiyyətlərə çata bilmişik.

Son 7 il ərzində ölkə iqtisadiyyatı üç dəfə artmışdır. Yəni, ümumi daxili məhsul 300 faiz artmışdır. Bu da dünya praktikasında analoqu olmayan bir təcrübədir. Sənaye istehsalı da təxminən üç dəfə artmışdır. Yoxsulluq şəraitində yaşayanların sayı beş dəfə azalmışdır. Bu, onu göstərir ki, bizim tərəfimizdən aparılan islahatlar sosialyönümlü islahatlardır. Siyasətimizin təməlində insan amili dayanıbdır və bir neçə il əvvəl elan edilmiş “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarı bu gün reallaşır. Bunun nəticəsində iqtisadiyyatımızın bütün istiqamətlərində bir canlanma və inkişaf görürük. Maliyyə imkanlarımız genişlənir. Azərbaycanda çox böyük quruculuq işləri aparılır. Azərbaycana xarici və daxili investisiyalar qoyulur. Təkcə keçən il ölkəmizə 16 milyard dollar sərmayə qoyulmuşdur. Ümid edirəm ki, bu il bu rəqəm daha da böyük olacaqdır. Yenə də deyirəm, aparılan islahatlar nəticəsində ən ağır, ən böhranlı aylarda, illərdə biz iqtisadi və makroiqtisadi sabitliyi qoruya bilmişik. Ondan əlavə, atılan addımlar və irəli sürülən təşəbbüslər nəticəsində insanların maddi rifahı artıb, sosial proqramlar icra edilib, sosial ödəmələr, maaşlar, pensiyalar artırılır.

İqtisadi müstəqillik, əlbəttə, imkan verir ki, biz beynəlxalq məsələlərlə də bağlı fikrimizi açıq-aydın ifadə edək. Bölgədə gedən proseslərə Azərbaycanın təsir imkanları artır. Bu da təbiidir. Çünki Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir. Onu da qeyd etməliyəm ki, ümumi daxili məhsulun 80 faizi özəl sektorda formalaşır. O da öz növbəsində göstərir ki, Azərbaycanda liberal islahatlar uğurla aparılır.

Regional əməkdaşlıq təşəbbüslərinin irəli sürülməsi nəticəsində regionda çox gözəl əməkdaşlıq iqlimi yaranmışdır. Ulu öndər Heydər Əliyevin neft strategiyası çərçivəsində irəli sürdüyümüz təşəbbüslər gözəl nəticələrini verməkdədir. Azərbaycan çox uğurlu enerji siyasəti aparır. Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, son aylar daha çox Azərbaycanın adı çəkilir və bu da təbiidir. Çünki Azərbaycanda görülən işlər və infrastruktura qoyulan vəsait bu gün yeni vəziyyətin yaranmasına gətirib çıxarmışdır. Biz bundan sonra da bu siyasətə sadiq qalacağıq. Azərbaycanın inkişafı təkcə iqtisadi addımlarla məhdudlaşmamalıdır. Yenə də deyirəm, biz istəyirik ki, bütün istiqamətlərdə ən qabaqcıl texnologiyalar, ən qabaqcıl təcrübə Azərbaycanda tətbiq olunsun və insanların yaşayış səviyyəsi ildən-ilə artsın. Buna nail olmaq üçün bütün imkanlar vardır. Bizim düşünülmüş strategiyamız vardır və taktiki addımlarımız da çox uğurludur. Azərbaycan nə xarici, nə daxili siyasətdə, nə də icra etdiyi proqramlarda bir dəfə də olsun səhv etməmişdir. Hesab edirəm ki, bunun nəticəsində bu gün ölkəmizin dünyadakı hörməti böyük dərəcədə artmışdır.

Azərbaycan etibarlı tərəfdaş kimi tanınır, bizim sözümüzə inanırlar. Bizimlə əməkdaşlıq və dostluq etmək istəyən ölkələrin sayı artmaqdadır. Müstəqillik ən böyük sərvətdir, ən böyük uğurumuzdur. Azərbaycan 20 ildir ki, müstəqil yaşayır, Azərbaycan xalqı azad yaşayır. Azərbaycan xalqı öz taleyinin sahibidir, Azərbaycan xalqının iradəsi bizim üçün ən vacib amildir. Ölkə qarşısında duran sosial –iqtisadi məsələlərin həlli əminəm ki, bundan sonra da uğurla icra ediləcəkdir. Çünki bunu deməyə əsas verən bizim təcrübəmiz, artıq əldə edilmiş maliyyə potensialımız və iqtisadi imkanlarımızdır.

Ölkə qarşısında duran ən ağrılı problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Əfsuslar olsun ki, uzun illər danışıqların aparılmasına baxmayaraq, bu məsələ həllini tapmır. Torpaqlarımız işğal altındadır, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir, dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, digər təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü orada müdafiə edilir və işğalçı qüvvələrin işğal edilmiş torpaqlardan çıxarılması da orada nəzərdə tutulur. Ancaq əfsuslar olsun ki, məsələ həllini tapmır. Bunun yeganə səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və sülhə hazır olmamasıdır. Ancaq biz yaxşı bilirik ki, gec-tez Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir.

Biz istəyirik ki, bunu sülh yolu ilə və tezliklə həll edək. Ermənistan tərəfi də anlamalıdır ki, artıq Azərbaycanda yaradılmış potensial Ermənistanın potensialı ilə müqayisə edilə bilməz. Bizim iqtisadi imkanlarımız və iqtisadi potensialımız Ermənistandakından 10 dəfə artıqdır. Vaxt keçdikcə bu fərq daha da çoxalacaq, iki ölkə arasındakı uçurum daha da genişlənəcəkdir. Ona görə Ermənistanın marağında olmalıdır ki, bu məsələ tezliklə öz həllini tapsın. Çünki Azərbaycanla rəqabət aparmaq indi onların gücündə deyildir. Bizim təkcə hərbi xərclərimiz Ermənistanın bütün dövlət büdcəsindən 50 faiz artıqdır. Bu, hələ bizim gördüyümüz işlərin birinci nəticələridir. Biz çox yaxşı başa düşürük və görürük ki, bizi nələr gözləyir. Azərbaycan dünya miqyasında zəngin ölkələrin arasında olacaqdır. Artıq beynəlxalq təşkilatların reytinqlərində Azərbaycanın mövqeləri istənilən istiqamətdə çox yüksəkdir. İqtisadiyyatımızın rəqabət qabiliyyətliliyinə görə biz MDB məkanında birinci yerdəyik. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi və hazırlığına görə biz MDB məkanında birinci yerdəyik. İnsan inkişafı indeksinə görə də ən böyük sıçrayışı Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə Azərbaycan etmişdir.

Yəni biz çox yaxşı bilirik ki, 5 il, 10 il sonra Azərbaycanın potensialı nədən ibarət olacaqdır. Çünki bir daha demək istəyirəm ki, bunu proqnozlaşdırmaq üçün əsas verən gördüyümüz işlərdir və icra edilən layihələrdir. Ona görə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına cavab verir. Beynəlxalq birlik də bunu istəyir, Beynəlxalq birlik də istəyir ki, bu münaqişəyə son qoyulsun. Son aylar ərzində bizi ruhlandıran vacib amillərdən biri də odur ki, bu məsələ ilə bağlı vasitəçilər və onların dövlət başçıları birmənalı şəkildə bildirirlər ki, status–kvo qəbuledilməzdir. Status-kvo dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi təbii ki, torpaqlarımızın işğal altından çıxmasını tələb edir.

Biz ümid edirik ki, danışıqların nəticəsi olacaqdır. Hər halda Azərbaycan danışıqlarda bütün dövr ərzində konstruktivlik nümayiş etdirmişdir. Çalışacağıq ki, bütün imkanlardan istifadə edib tezliklə öz ərazi bütövlüyümüzü bərpa edək.

Siz, dünyada yaşayan azərbaycanlılar yaxşı bilirsiniz ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız o ərazilərdə yaşamışdır, yaratmışdır. Ermənilər o əraziyə qonaq kimi gəlmişlər. Biz onların Dağlıq Qarabağa gəlməyinin tarixçəsini də yaxşı bilirik. Vaxtilə 1978-ci ildə ermənilər tərəfindən Dağlıq Qarabağda onların Dağlıq Qarabağa köçürülməsini əks etdirən abidə ucaldılmışdır. Müharibənin ilk illərində ermənilər o abidəni dağıtmışlar. Ancaq tarixi dəyişdirmək mümkün deyildir.

Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu torpaqlara qonaq kimi gəlmişlər. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni, Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi. Biz indi iddia etmirik ki, bu torpaqlar Azərbaycana birləşsin. Halbuki hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini bilməlidir. Bilməlidir ki, bu bölgələr tarixi Azərbaycan torpaqlarıdır. Məsələnin həlli üçün, əlbəttə, bütün amillər nəzərdən keçirilməlidir. Tarix bəllidir. Bu bizim torpağımızdır, nəinki Dağlıq Qarabağ və digər bölgələr. Beynəlxalq hüquq normaları tam şəkildə bizim mövqeyimizi müdafiə edir. Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının verdiyi bəyanatda da Helsinki Yekun Aktına istinad edilir. Helsinki Yekun Aktında açıq-aydın göstərilir ki, ərazi bütövlüyü prinsipləri xalqların öz müqəddəratını müəyyən etmək prinsipləri ilə ziddiyyət təşkil etməməlidir. Beləliklə, hüquqi cəhətdən də mövqeyimiz güclüdür.

İqtisadi cəhətdən indi Ermənistan ilə Azərbaycan müqayisə edilə bilməz. Bu tam başqa, necə deyərlər, çəki dərəcələridir. Siyasi proseslərə təsir imkanları baxımından da Azərbaycan daha əlverişli mövqedədir. Çünki həm coğrafi baxımdan, həm gördüyümüz işlər, infrastruktur, enerji siyasəti, bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və Azərbaycanın rolu əlbəttə ki, siyasi cəhətdən də çəkimizi daha da artırır. Mən şübhə etmirəm ki, bütün bu amillər, üstəgəl Azərbaycan Ordusunun güclənməsi nəticəsində biz Dağlıq Qarabağ münaqişəsini həll edə biləcəyik. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bərpa ediləcəkdir.

Əziz dostlar, əziz həmvətənlər, bir daha sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Mən əminəm ki, Vətənə gəlməyiniz sizin üçün çox xoşdur. Bakının müasir görkəmi də əminəm ki, sizə çox xoş təəssürat bağışlayır. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bakı bizim paytaxtımızdır, sevimli şəhərimizdir. Şəhərimizin gələcək inkişaf planları da vardır. Əminəm ki, hər dəfə Bakıya gələndə siz şəhərimizin yeni, gözəl guşələri ilə tanış olacaqsınız. Bu fürsətdən istifadə edərək istərdim ki, Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti ilə bağlı fikirlərimi sizinlə bölüşüm.

Birinci növbədə qeyd etməliyəm və çox şadam ki, dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları artıq tam formalaşıb. Birinci qurultaydan keçən dövrdə, yəni 10 il ərzində böyük işlər görülübdür, təşkilatların sayı artıbdır. Beş il əvvəl 336 diaspor təşkilatımız var idisə, hazırda onların sayı 416-ya çatıbdır. Bu, çox vacibdir. Ancaq eyni zamanda, kəmiyyət bu məsələ ilə əlaqədar bəlkə də həlledici rol oynamır. Mən çox şadam ki, diaspor təşkilatlarımız keyfiyyət baxımından da güclənir, onların fəaliyyəti daha da məqsədyönlüdür, daha da təsirlidir. Müxtəlif ölkələrdə bizim diaspor təşkilatları tərəfindən keçirilmiş aksiyalar onu göstərir ki, istənilən yerdə təşkilatlarımız öz fikrini, öz etirazını, yaxud da ki, öz dəstəyini göstərə bilərlər. Bu, çox mühüm amildir. Mən çox şadam ki, bu gün dünyada fəaliyyət göstərən diaspor təşkilatları yeni səviyyəyə qalxıbdır. Bu təşkilatlar arasında koordinasiya işlərinin aparılması əlbəttə ki, onların fəaliyyətini daha da gücləndirir. Mən hesab edirəm ki, diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə bütün Azərbaycan icmasını birləşdirməlidir. İdeal variant ondan ibarət ola bilər ki, hər bir azərbaycanlı diaspor təşkilatlarına üzv olsun, onların tədbirlərində iştirak etsin, öz dəstəyini versin, öz köməyini göstərsin və eyni zamanda, diaspor təşkilatları tərəfindən də lazım olanda kömək görsün. Bunu etmək üçün bu təşkilatlar daha da güclü olmalıdır. Mən hesab edirəm ki, ən vacib amillərdən biri diaspor təşkilatlarının birliyidir. Bəzi hallarda bir ölkədə bir neçə diaspor təşkilatı fəaliyyət göstərir, böyük ölkələrdə əlbəttə ki, onların sayı onlarladır. Əksər hallarda cəmiyyətlər arasında əlaqələr sağlamdır. Ancaq elə hallar var ki, orada müəyyən ziddiyyətlər, müəyyən problemlər, anlaşılmazlıq ortaya çıxır. Mən çox xahiş edirəm ki, əgər belə bir hal varsa, buna son qoyulsun. Çünki biz ölkə daxilində də, xaricdə də bir yerdə olmalıyıq. Birlik bizi gücləndirir. Birlik olmasa, biz güclü ola bilmərik. Bu aksiomadır. Ona görə hesab edirəm ki, diaspor təşkilatlarının fəaliyyətinin inkişafı üçün biz birliyi tam şəkildə təmin etməliyik. Eyni zamanda, hazırda Azərbaycanın dünyadakı daimi və diplomatik nümayəndəliklərinin sayı da artmaqdadır. Keçən qurultay zamanı bizim 46 səfirliyimiz və konsulluğumuz var idi. Hazırda onların sayı 65-ə çatmışdır. Yaxın zamanlarda 8 ölkədə yeni səfirlik və konsulluğun açılışı nəzərdə tutulur. Bu, əlbəttə ki, ilk növbədə Azərbaycan dövlətinin qüdrətini göstərir. Yəni, onu göstərir ki, biz bütün dünya ilə əməkdaşlıq edirik və hazırda 65-dir və 73-ə çatanda əlbəttə ki, dünya miqyasında elə vacib ölkə qalmayacaq ki, orada səfirliyimiz olmasın.

Səfirliklərlə diaspor təşkilatları arasındakı əməkdaşlıq daha da güclü, daha da məqsədyönlü olmalıdır. Mən bu alqışları eşidirəm və görürəm ki, nə demək istədiyimi siz də yaxşı başa düşürsünüz. Mən çox dərinə getmək istəməzdim, amma bəzi hallarda səfirliklərlə diaspor təşkilatları arasında olan ziddiyyətlər məni çox incidir. Biz buna yol verməməliyik. Səfirlik Azərbaycan dövlətinin bir parçasıdır, Azərbaycan dövlətinin rəsmi nümayəndəliyidir, Azərbaycan dövlətinin xarici ölkələrdə simvoludur. Biz elə etməliyik ki, səfirliklərlə diaspor təşkilatları arasında daim mehriban münasibətlər olsun. Əgər hər hansı bir problem, anlaşılmazlıq, yaxud da ki, narazılıq varsa, o, dərhal öz həllini tapmalıdır. Yəni, hərə bir tərəfə, öz küncünə çəkilməməlidir ki, biz sonra müdaxilə edək və vəziyyəti normallaşdırmağa çalışaq. Onlar özləri bir-birinə hörmətlə yanaşmalıdırlar, bir-birinin fəaliyyətini dəstəkləməlidirlər, çünki bizim bir Vətənimiz var - Azərbaycan dövləti. Hər bir Azərbaycan vətəndaşı çalışmalıdır ki, onun dövləti haqqında müsbət imic formalaşsın, xalqı haqqında reallığı əks etdirən bir təəssürat yaransın. Əgər xarici ölkə vətəndaşları görsə ki, azərbaycanlılar xaricdə bir-biri ilə yola getmirlər, yaxud da ki, bir-birinin əleyhinə iş aparırlar, istər-istəməz onlarda ölkə haqqında, xalqımız haqqında düzgün olmayan təəssürat yarana bilər. Ona görə də mən sizdən xahiş edirəm ki, əgər bu vaxta qədər, indi kimin səhvindən nə olub olub, onu gərək qoyaq kənara, o səhifəni bağlayaq. Bundan sonra diaspor təşkilatları və səfirliklər bir komanda şəklində, bir yumruq kimi işləməlidirlər və Azərbaycanın nə qədər gözəl ölkə olduğunu yaşadıqları ölkənin vətəndaşlarına birgə çatdırmalıdırlar.

Yenə də demək istəyirəm ki, əksər hallarda biz səfirliklərlə diaspor təşkilatları arasında çox gözəl əməkdaşlıq edirik. Ancaq dediyim kimi, elə hallar da var və əminəm ki, bu qurultaydan sonra bu məsələlər də yoluna qoyulacaqdır.

Diaspor təşkilatlarının fəaliyyəti, eyni zamanda, erməni lobbisinin Azərbaycan əleyhinə apardığı çirkin kampaniyaya qarşı tutarlı bir cavabdır. Sirr deyil ki, müstəqilliyimizin ilk illərində bizim nə böyük maliyyə imkanlarımız var idi, xaricdə yaşayan azərbaycanlılar da o vaxt hələ təşkilatlanmamışdılar. Ancaq hazırda bütün ölkələrdə diaspor təşkilatlarımız erməni təbliğatına qarşı Azərbaycan reallıqlarını ortaya qoyurlar. Mən bu hərəkətləri, bu siyasəti alqışlayıram və bizim diaspor təşkilatlarının üzvlərinə bu fədakar və çox gözəl missiyaya görə minnətdarlığımı bildirmək istəyirəm. Biz çalışmalıyıq ki, Azərbaycan haqqında reallıqları bütün dünyaya bildirək. Bizə qarşı dünyada erməni lobbisi fəaliyyət göstərir. Bizə qarşı mübarizə aparır. Onların təsir dairəsində olan bəzi siyasətçilər, bəzi mətbu orqanlar, bəzi ictimai qurumlar Azərbaycana qarşı kampaniya aparırlar - ləkələmə kampaniyası, Azərbaycan reallıqlarını təhrif etmək üçün uydurmalar, düzgün olmayan faktlar yayırlar, yalanlar, böhtanlar yağdırırlar.

Azərbaycan dövləti özünü qoruyur və qoruyacaqdır. Ancaq mən çox şadam ki, diaspor təşkilatlarımız da nəinki erməni lobbi təşkilatlarına tutarlı cavab verir, eyni zamanda, onlar özləri orada Ermənistana qarşı çox ciddi və real faktlar əsasında qurulmuş təbliğat işləri aparırlar. Mən xaricdə çalışan səfirlərimizlə görüşlərdə həmişə demişəm və bu gün də demək istəyirəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır. Bizim diplomatiyamız müdafiə, özünümüdafiə xarakteri daşımamalıdır. Hücum diplomatiyamız nəticə verir. Xüsusilə nəzərə alsaq ki, Ermənistan-Azərbaycan münaqişəsində haqlı tərəf və zərər çəkən tərəf bizik, əlbəttə, arqumentlərimiz daha da ciddidir və daha da tutarlıdır. Hesab edirəm ki, növbəti dövrdə də erməni lobbisinə qarşı bütün dünyada mübarizəmizi davam etdirməliyik, onların yalanlarını ifşa etməliyik, Azərbaycan həqiqətlərini təbliğ etməliyik və Azərbaycan reallıqlarını olduğu kimi təqdim etməliyik. Müxtəlif konfranslar, simpoziumlar, “dəyirmi masa”lar keçirilir. Mən bunu alqışlayıram. Qəzetlər buraxılır. Hesab edirəm ki, qəzetlərin sayı daha da çox olmalıdır və mütəmadi qaydada xaricdə Azərbaycan dilində qəzetlər buraxılmalıdır. O ölkələrin dillərində qəzetlər, jurnallar buraxılmalı, təbliğat xarakterli materiallar nümayiş etdirilməlidir. Biz indi internet dövründə yaşayırıq və Azərbaycanda internet azaddır. Bu da çox vacib bir məsələdir. Heç bir məhdudiyyət yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 50 faizə çatmışdır. Bəzi hallarda yenə də erməni təbliğatı nəticəsində, yaxud da ki, erməni lobbisinin təsiri altında olan bəzi riyakar siyasətçilər tərəfindən Azərbaycanda guya mətbuat azadlığının olmaması haqqında fikirlər eşidirik. Necə ola bilər ki, azad internet olan ölkədə, internet istifadəçilərinin sayı 50 faiz olduğu təqdirdə, bütün azad mətbuat mövcud olduğu təqdirdə bizə desinlər ki, burada mətbuat azad deyil. Yəni, internet dövründə biz bu imkanlardan da istifadə etməliyik. İnternet saytları açılmalıdır. Azərbaycan xalqının tarixini, mədəniyyətini, Azərbaycanın bugünkü reallıqlarını, siyasətini əks etdirən çoxsaylı saytlar yaradılmalıdır və Azərbaycanın dövlət qurumları bu işlərdə də öz köməyini göstərməlidirlər. Mən artıq müvafiq göstərişlər vermişəm. Yəni, bir sözlə, biz çalışmalıyıq ki, xaricdə özümüzü olduğu kimi təqdim edək. Bu işdə daha da böyük uğurlar əldə etmək mümkündür.

Bununla bərabər, mən hesab edirəm, - bəzi hallarda biz artıq bunu görürük, - xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız o ölkələrin daxili siyasətinin amilinə çevrilməlidir. Artıq bunun vaxtı gəlib çatıb. Həm ölkəmizin inkişafı, həm diaspor təşkilatlarımızın güclənməsi qarşımızda indi belə imkanlar açır. Soydaşlarımız - azərbaycanlılar yaşadıqları ölkələrdə dövlət, hökumət qurumlarında təmsil olunmalıdırlar. Onların sayı da bəzi hallarda buna imkan verir. Qanunvericilik orqanlarında təmsil olunmalıdırlar. Bunu etmək üçün azərbaycanlılar arasında qarşılıqlı dəstək və birlik daha da güclü olmalıdır. Mən hesab edirəm ki, bu, realdır. Ümid edirəm ki, biz növbəti qurultaya qədər artıq bu barədə də yaxşı xəbərlər eşidəcəyik. Bu həm orada yaşayan azərbaycanlılar üçün bir dəstək olacaq, dayaq olacaq, həm ölkəmiz üçün. Çünki xaricdə azərbaycanlılar nə qədər güclü olsa, dövlətimizin maraqları da o qədər müdafiə olunacaqdır. Nə qədər Azərbaycan güclü olsa, soydaşlarımız özlərini o qədər də əmin, rahat hiss edəcəklər. Ona görə də hesab edirəm ki, diaspor təşkilatlarının bütövlükdə və onların üzvlərinin fərdi qaydada real siyasətə, real işlərə daha da fəal cəlb edilməsi çox arzuolunan bir məsələdir. Əlbəttə, siz daim Azərbaycan dövlətinin dəstəyinə arxalana bilərsiniz.

Bizim xaricdə yaşayan soydaşlarımızın müəyyən hissəsi kommersiya strukturlarında işləyir. Daha çox bizneslə məşğul olurlar. Onların kifayət qədər möhkəm iqtisadi dayaqları vardır. Biz bunu alqışlayırıq. Biz istəyirik ki, hər bir azərbaycanlı yaşadığı yerdən asılı olmayaraq, yaxşı yaşasın, zəngin olsun, imkanları geniş olsun. Mən çox şadam ki, xaricdə yaşayan soydaşlarımızın mütləq əksəriyyəti yaxşı yaşayır. Azərbaycandan xarici ölkələrə işləmək üçün gedən, yaxud da ki, uzun illər orada yaşayan soydaşlarımız aşağı səviyyəli işlərdə işləmirlər. Onlar ya biznes strukturlarında, ya da ali məktəblərdə elmlə məşğul olurlar. Biznes strukturları da kifayət qədər möhkəmdir. Bizim onlardan yeganə arzumuz ondan ibarətdir ki, ətrafda olan soydaşlara da kömək göstərsinlər.

Bununla bərabər, bu gün Azərbaycanın da, bayaq qeyd etdiyim kimi, iqtisadi imkanları genişlənir. Bizim investisiyalarımız indi nəinki Azərbaycanda, eyni zamanda, xarici ölkələrə də qoyulmağa başlamışdır. Bu da bizim strateji iqtisadi və siyasi addımlarımızdan biridir. İndi Azərbaycanın həm dövlət, həm də ki, özəl şirkətləri xarici ölkələrdə işləyirlər, kontraktları icra edirlər, investisiya qoyurlar. Bu investisiyalar bəzi hallarda yüz milyon, bəzi hallarda milyard dollarla ölçülür.

Azərbaycanın müvafiq dövlət strukturlarına, dövlət şirkətlərinə göstəriş verilmişdir və özəl şirkətlərə tövsiyə edilmişdir ki, çalışdığı ölkələrdə azərbaycanlıları daha da çox işlərə cəlb etsinlər. Bu proses başlanmışdır. Hesab edirəm ki, şirkətlərimiz xaricdə güclənən zaman orada yaşayan azərbaycanlılar bu işlərə daha da çox cəlb ediləcəklər. Burada söhbət təkcə azərbaycanlıları işə götürüb hansısa vəzifə verməkdən getmir. Xaricdə fəaliyyət göstərən şirkətlər Azərbaycan şirkətləri, dövlət şirkətləri tərəfindən icra edilən layihələrdə iştirak etməlidirlər. Podratçı, müqaviləçi kimi iştirak etməlidirlər. Onlar daha da çox pul qazanmalıdırlar.

İstəyirəm, siz biləsiniz ki, dövlət və özəl şirkətlərə bu məsələnin diqqətdən kənarda qalmaması barədə göstəriş və tövsiyələr verilmişdir. Hesab edirəm ki, bu gün və sabah sizin hələ çoxlu görüşləriniz olacaqdır. Dövlət nümayəndələri ilə görüşləriniz olacaqdır. Bu məsələ daha da geniş müzakirə edilə bilər və müzakirə edilməlidir.

Eyni zamanda, biz indi xaricdə Azərbaycan mədəniyyət evlərinin yaradılmasına başlamışıq. Bu yeni təşəbbüsdür. Aparıcı ölkələrin mərkəzi şəhərlərində Azərbaycan dövləti mülkiyyət almaq niyyətindədir. Orada həm Azərbaycan mədəniyyət evlərinin fəaliyyəti təşkil edilməlidir, eyni zamanda, Azərbaycan ticarət evləri də yaradılmalıdır. Göstəriş verilmişdir ki, paytaxt şəhərlərinin mərkəzi yerlərində, mərkəzi küçələrində Azərbaycan mərkəzləri yaradılmalıdır. Orada Azərbaycan məhsulları təqdim edilməlidir, satılmalıdır, digər təbliğat xarakterli materiallar yayılmalıdır. Yəni, bu, bizim planlarımızda var və bu ildən başlayaraq artıq bu proses icra edilməyə başlanmışdır.

Hesab edirəm ki, mütləq Azərbaycan diaspor təşkilatlarının imkanları da bu işlərdə öz rolunu oynamalıdır. Bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə göstərişlər verilmişdir. Hesab edirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi də bu işlərə qoşulmalıdır ki, biz bu işi maksimum səmərə və xaricdə yaşayan azərbaycanlıların maraqlarını təmin etmək şərti ilə həll edək. Bunun da həm orada yaşayan azərbaycanlılar, həm də bizim üçün böyük faydası olacaqdır.

Əziz dostlar, mənim sizə deyiləsi sözlərim çoxdur. Ancaq vaxt keçir. Mən istəmirəm ki, qurultayın cədvəlinə düzəlişlər edək. İstəyirəm öz çıxışımı yekunlaşdırım. Mən bir daha demək istəyirəm ki, xaricdə yaşayan azərbaycanlıların üçüncü qurultayı çox əlamətdar hadisədir. İlk növbədə, ona görə ki, yenə də biz bir yerə yığışdıq. Yenə də həm Azərbaycan xalqına, həm bütün dünyaya göstərdik ki, biz bir yerdəyik. Biz bir xalqıq, biz böyük xalqıq. Bu gün güclənən Azərbaycan bizim qürur mənbəyimizdir.

Mən əminəm ki, siz də Azərbaycanda gedən proseslərə yaxından bələd olan adamlar kimi, haqlı olaraq qürur hissi keçirirsiniz. Azərbaycan müstəqil ölkə kimi iyirmi il ərzində böyük yol keçmişdir - tam şəkildə azad, müstəqil, gözəl iqtisadi imkanlarla. Azərbaycanda insanlar təhlükəsiz şəraitdə yaşayırlar. Əmniyyət, təhlükəsizlik, ictimai-siyasi asayiş qorunur, bütün azadlıqlar vardır. Siyasi və iqtisadi aləmdə heç bir məhdudiyyət yoxdur. Regionda mövqelərimiz kifayət qədər möhkəmdir və tam əminəm ki, getdikcə bizim təsir imkanlarımız daha da artacaqdır. Bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər.

Çıxışımı ulu öndər Heydər Əliyevin unudulmaz sözləri ilə yekunlaşdırmaq istəyirəm: “Biz hamımız fəxr edirik ki, biz azərbaycanlıyıq”.

X X X

Dünya azərbaycanlılarının III qurultayının proqramı və reqlamenti təsdiq edildi, işçi orqanları yaradıldı.

Fasilədən sonra qurultay öz işini davam etdirdi.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İBRAHİMOV ötən qurultaydan sonra görülmüş işlərin hesabatına dair məlumat verdi. Bildirdi ki, ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycanın maraq və mənafeləri naminə xaricdə yaşayan həmvətənlərimizin birliyini təmin edən azərbaycançılıq məfkurəsi yaranmışdır. Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirərək, mütəşəkkil diasporun və güclü lobbinin formalaşması məsələsinin daim diqqətdə saxladığını vurğulayan komitə sədri dövlətimizin başçısının verdiyi tövsiyə və tapşırıqların Azərbaycan diasporunun yeni dövrdəki fəaliyyətinin ideoloji təməlini təşkil etdiyini bildirdi.

N.İbrahimov ikinci qurultaydan ötən dövrdə xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması prosesinin daha da sürətləndiyini deyərək, hazırda dünyanın müxtəlif ölkələrində azərbaycanlıların 416 diaspor təşkilatının fəaliyyət göstərdiyini dedi. Komitə sədri, həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun müstəsna rol oynadığını xüsusi vurğuladı.

Qırğız Respublikası Parlamentinin sədri Axmatbek KELDİBEKOV Dünya azərbaycanlılarının III qurultayına dəvət edildiyi üçün minnətdarlıq etdi. Hər iki türk xalqının qədim tarixi ənənələrə və əlaqələrə malik olduğunu deyən A.Keldibekov hazırda Qırğız Respublikasında 20 mindən çox azərbaycanlının yaşadığını və onların bu ölkənin ictimai-siyasi və sosial həyatında yaxından iştirak etdiklərini bildirdi. O, Azərbaycanda həyata keçirilən uğurlu islahatları dünya səviyyəsində nümunəvi model adlandırdı. Qırğız Respublikası Parlamentinin sədri ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi.

Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David KİRKİTADZE Prezident Mixeil Saakaşvilinin qurultay iştirakçılarına ünvanlanan məktubunu oxudu. Məktubda ölkələrimiz arasında mövcud əlaqələrin inkişafında Gürcüstandakı Azərbaycan diasporunun mühüm rol oynadığı vurğulanır.

Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın qurultay iştirakçılarına salamlarını çatdıran Türkiyə Respublikası Nazirlər Kabineti yanında xaricdə yaşayan türklər və qohum topluluqlarla iş üzrə başqanlığın sədri Kamal YURTNAC hər iki qardaş ölkənin diaspor təşkilatlarının birgə və qarşılıqlı fəaliyyət göstərdiyini vurğuladı, Avropa və Amerikadakı təşkilatlarımızın erməni lobbisinin uydurma və əsassız iddialarına qarşı uğurla çalışdıqlarını dedi.

Rusiya Elmlər Akademiyasının akademiki Vladimir KOLESNİKOV tarixi dostluq münasibətlərinə malik olan Azərbaycan-Rusiya əlaqələrinin daimi inkişafda olduğunu bildirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin bu əlaqələrin inkişafına xüsusi diqqət yetirdiyini xüsusi qeyd etdi.

Azərbaycan və qaqauz xalqları arasındakı əlaqələrin tarixinin qədim olduğunu deyən Moldovanın Qaqauz Yeri Başqanı Mixail FORMUZAL bütün türk dünyasının birləşməsinin əhəmiyyətini vurğuladı.

Sonra qurultayın Mandat Komissiyasının sədri, Milli Məclis sədrinin birinci müavini Ziyafət ƏSGƏROVUN hesabatı dinlənildi.

“Ümummilli lider Heydər Əliyevin qurduğu Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, dünya birliyinə inteqrasiya edir”, - deyən Z.Əsgərov bildirdi ki, Dünya azərbaycanlılarının III qurultayına 1272 nümayəndə seçilmişdir. Bu mötəbər mərasimdə 42 ölkədən 579 nümayəndə iştirak edir. Rusiya, Türkiyə, Ukrayna, Almaniya, Gürcüstan, ABŞ, İsveç Krallığı, Niderland, İsrail, Özbəkistan, Fransa, Böyük Britaniya, Kanada daha çox nümayəndə ilə təmsil olunur. Bundan əlavə, qurultaya xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin 182 rəhbəri də qatılmışdır. Ölkəmizin bölgələrindən olan nümayəndələrin də iştirak etdiyi qurultayın işini 21 xarici ölkədən 37 media işçisi işıqlandırır.

Qurultayın Azərbaycan diasporu üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən Belçika parlamentinin senatoru xanım Ann Mari LİZİN ölkəmizdəki hərtərəfli inkişafdan danışdı. Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələrin inkişafından bəhs edən senator dedi ki, təmsil etdiyi ölkə hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli vacibdir.

Azərbaycanda bütün millətlərin nümayəndələrinin, o cümlədən yəhudilərin təhlükəsiz şəraitdə yaşadığını deyən “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının prezidenti İosif ŞAQAL isə bildirdi ki, bu gün İsraildə Azərbaycana çox böyük maraq vardır. “İsraildə ermənilərin qondarma “soyqırımı” tanınmır və yəhudi diasporu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərini bütün dünyaya olduğu kimi çatdırır”, - deyən İosif Şaqal ulu öndər Heydər Əliyevin Azərbaycan-İsrail münasibətlərinin inkişafındakı rolunu xüsusi qeyd etdi.

Türkiyənin Mərmərə qrupu Strateji və Sosial Araşdırmalar Fondunun sədri Akkan SUVER də ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan məqsədyönlü siyasətin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini söylədi.

Bu qurultay yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün çox mühüm əhəmiyyət kəsb edir, - deyən A.Suver bildirdi ki, qurultay dünya azərbaycanlılarını bir araya yığmaqla yanaşı, həm də milli şüurun qorunub saxlanılmasında xüsusi rol oynayır.

Şimali Kipr Yaxın Doğu Universitetinin rektoru Suat GÜNSEL dedi ki, Azərbaycanı zamana bənzədirəm. Bu ölkə zaman kimi yalnız irəliyə gedir. Bu qurultayın Azərbaycan diasporunun daha da fəallaşmasına, dəqiq və praqmatik addımlar atmasına zəmin yaradacağına əminəm.

Latviya Seyminin deputatı Aleksandr SAKOVSKİ təmsil etdiyi ölkə və ali qanunverici orqan nümayəndələri adından qurultay iştirakçılarını salamladı, Latviya-Azərbaycan əlaqələrinin genişlənməsində Prezident İlham Əliyevin xidmətlərini xatırladı.

Lüksemburq parlamentinin deputatı Jacques–Yves FLENCKES ölkəsində azərbaycanlıların da yaşadığını bildirərək onların Lüksemburqun ictimai-siyasi həyatında mühüm rol oynadığını dedi. O, Azərbaycanda gedən inkişafın və ölkəmizdə müşahidə etdiyi müsbət dinamikanın Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi kimi qiymətləndirdi.

Fransanın Brazzavil Universitetinin rektoru, beynəlxalq məsələlər üzrə vəkil Emmanuel KOLİYE Azərbaycan ilə Fransa arasındakı dostluq münasibətlərinin tarixindən danışdı. O, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin Azərbaycan-Fransa əlaqələrinin inkişafında mühüm rol oynadığını deyərək, xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun sivilizasiyalararası dialoqa mühüm töhfələr verdiyini bildirdi.

Niderlandın Əyalət Parlamentinin deputatı, Əmək Uğrunda Partiyanın üzvü Songül AKKAYA Benilüks-Azərbaycan Cəmiyyətinin fəaliyyətindən danışdı. O, bu qurumun Niderlandın ictimai-siyasi həyatında mühüm rol oynadığını dedi.

Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmmədbağır ƏLİYEV isə II qurultaydan keçən beş ildə görülən işlərdən danışdı. Bildirdi ki, bu dövrdə rəhbərlik etdiyi qurumun 80-dən çox regional, 23 yerli təşkilatı yaradılmış, Rusiyada işıq üzü görən ilk həftəlik diaspor mətbu orqanı fəaliyyətə başlamışdır.

Rumıniyada yaşayan 40 minə yaxın Krım türklərinin adından danışan Rumıniya parlamentinin üzvü Aledin AMET Azərbaycan diasporunun fəaliyyətinin ildən-ilə genişlənməsindən məmnun olduğunu dedi.

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan OĞAN isə qurultayı Azərbaycan tarixində mühüm hadisə adlandırdı.

Türkiyədə yaşayan üç milyon azərbaycanlıdan biri olduğunu və bununla hər zaman fəxr etdiyini deyən Sinan Oğan Azərbaycan-Türkiyə birliyinin türk dünyası həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadığını bildirdi.

Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil BAĞIROV Amerikadakı Azərbaycan diasporunun fəaliyyətindən danışdı. Bu gün Amerikadakı diaspor təşkilatlarımızın erməni lobbisinin məkrli addımlarına qarşı türk diasporu ilə birgə mübarizə apardığını deyən A. Bağırov Azərbaycan həqiqətləri ilə bağlı Birləşmiş Ştatların siyasi dairələrinə 200 mindən çox məktub göndərildiyini, Qarabağ Fondunun yaradıldığını diqqətə çatdırdı.

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar KÖMÜR Azərbaycan dövləti tərəfindən daim diasporumuza lazımi diqqət və qayğının göstərilməsinə görə Prezident İlham Əliyevə təşəkkürlərini çatdırdı. Başar Kömür ölkəmizlə bağlı reallıqların və Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti ilə əlaqədar həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışdı.

Türkiyənin keçmiş turizm naziri İlhan AKÜZÜM xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan diasporunun yaradılması və formalaşması istiqamətində gördüyü işləri yüksək qiymətləndirdi. Türkiyə ilə Azərbaycan arasında daimi dostluq və qardaşlıq əlaqələrinin olduğunu xatırladan qonaq bunu diaspor təşkilatlarının fəaliyyətində də özünü büruzə verdiyini dedi.

Prezident İlham Əliyevin qurultaydakı nitqinin proqram xarakterli olduğunu deyən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, redaksiya komissiyasının sədri Əli HƏSƏNOV tədbirin əhəmiyyətini vurğulayaraq ümumilikdə, qurultayda 20 çıxışın dinlənildiyini, bu çıxışlarda 35-ə yaxın müxtəlif təklifin səsləndiyini bildirdi.
Sonra həmin təkliflər də nəzərə alınmaqla qurultayın yekun sənədləri qəbul olundu.

İştirakçılar qurultayın qətnaməsini, qurultay nümayəndələri adından Prezident İlham Əliyevə müraciəti, dünya azərbaycanlılarına ünvanlanan müraciəti və qurultay nümayəndələri adından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlara, xarici ölkə parlamentlərinə, dövlət və hökumət başçılarına müraciəti yekdilliklə qəbul etdilər.

Qurultayda, həmçinin 2001-ci ildə yaradılan Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının fəaliyyətinin davam etməsi və şuranın icra katibliyinin yaradılması qərara alındı.

Qurultay iştirakçıları Prezident İlham Əliyevi yekdilliklə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına sədr seçdilər.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovu isə şuranın icra katibi vəzifəsinə seçdilər. Qurultayda qərara alındı ki, Əlaqələndirmə Şurasının tərkibi 107 nəfərdən 115 nəfərə çatdırılsın.

Əli Həsənov qeyd etdi ki, iyulun 6-da dövlət və hökumət nümayəndələri qurultay iştirakçıları ilə görüşəcək, burada səslənən təkliflərlə bağlı müzakirələr aparacaqlar.

Bununla da Dünya azərbaycanlılarının III qurultayı bağlı elan edildi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10