31 may 2017, 20:00

Neva Ağaliyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin respublikamızda xalçaçılıq sənətinə göstərdiyiniz diqqət Azərbaycan xalçaçıları tərəfindən alqışlanır. Azərbaycan xalça sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi, Xalça Muzeyinin yeni binasının istifadəyə verilməsi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, “Xalçaçı günü” peşə bayramının təsis edilməsi kimi əhəmiyyətli hadisələr dövlətimizin bu istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin bəhrələridir.

Bütün bunlar beynəlxalq ictimaiyyətin diqqətini qədim tarixə malik Azərbaycan xalçasına, eyni zamanda, bu sənəti yaşadan, gənc nəslə öyrədən xalçaçıların fəaliyyətinə yönəldib. 

“Xalçaçı günü” ərəfəsində imzaladığınız Sərəncamınızla respublikamızın müxtəlif bölgələrindən olan peşəkar və təcrübəli xalçaçıların fəxri adlarla, orden və medallarla təltif olunması ölkə ictimaiyyəti tərəfindən böyük sevinc hissi ilə qarşılandı.

Sizə minnətdarıq, cənab Prezident! Sizi əmin edirik ki, biz xalçaçılar bundan sonra da Azərbaycan xalçasının keşiyində sayıq dayanacağıq. Onu tariximizin, mədəniyyətimizin parlaq nailiyyəti kimi yaşadacaq və təbliğ edəcəyik. Toxuduğumuz bir-birindən gözəl və keyfiyyətli xalçalarla dövlətimizin bu sahəyə olan etimadını doğruldacağıq.

Hörmətlə,

Ağaliyeva Neva Şahpələng qızı,

Əməkdar Mədəniyyət İşçisi.

Azərbaycan Respublikası, Bakı şəhəri.