01 iyun 2016, 15:00

İltifat Məmmədovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi ürəkdən salamlayır və “The Business Year” jurnalı tərəfindən 2015-ci ildə “Dünyada ilin adamı” mükafatına layiq görülməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin rəhbərliyiniz ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir. Qlobal transmilli layihələrin həyata keçirilməsində böyük təcrübə toplamış Azərbaycanın ciddi səyləri və liderliyi sayəsində müxtəlif ölkələrin təmsil olunduğu böyük komanda formalaşıb, XXI əsrin layihəsi olan Cənub Qaz Dəhlizinin, onun tərkib hissəsi olan “Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılması istiqamətində işlər sürətlə davam etdirilir.

Azərbaycan tarixdə ilk dəfə təşkil olunan birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməklə ona göstərilən etimadı tam doğrultdu və Avropa ictimaiyyətinə əsl idman bayramı hədiyyə etdi. Azərbaycan həm də böyük beynəlxalq tədbirləri nümunəvi şəkildə təşkil etmək, onların yeni standartlarını müəyyənləşdirmək bacarığını, öz böyük potensialını bütün dünyaya bir daha təqdim edib.

Ölkəmiz, həmçinin qitələri birləşdirən nəhəng nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması üçün böyük səylər göstərir. Son illər hava, yol, dəniz və dəmir yolu  infrastrukturunu ən müasir standartlara uyğun yenidən qurmaqla Azərbaycan qarşıdan gələn dövrdə bütün regionun inkişafına xidmət göstərəcək beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinin mərkəzinə çevrilib.

Beynəlxalq humanitar tədbirlərə ev sahibliyi edən respublikamız dünyada sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişafına, multikultural dəyərlərin təşviqinə, sülh və təhlükəsizliyin təmin edilməsinə əməli dəstək göstərir. Artıq Bakı şəhəri dünyanın ən müxtəlif ölkələrini təmsil edən nüfuzlu ictimai-siyasi xadimlərin, tanınmış şəxsiyyətlərin iştirakı ilə bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunduğu mərkəz statusu qazanıb.  

Çox hörmətli Prezident, bütün bu uğurların əsasında tərəfinizdən uğurla davam etdirilən Heydər Əliyev siyasəti dayanır.

 “The Business Year” jurnalı tərəfindən 2015-ci ildə “Dünyada ilin adamı” seçilməyiniz münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, müstəqil Azərbaycanın çiçəklənməsi naminə yeni-yeni uğurlar arzulayıram.

Allah Sizə yar olsun.

Hörmətlə,

Məmmədov İltifat, təqaüdçü.

Azərbaycan Respublikası, Masallı rayonu, Qızılağac kəndi.