16 aprel 2016, 14:00

Kərbəlayi Ağakərim Sadıqov və başqalarından, Sabirabad, Azərbaycan

O bir olan Yaradanın adı ilə.

Əziz və hörmətli Prezidentimiz, cənab Ali Baş Komandanımız İlham Əliyev.

Biz Sabirabad rayon dindarları və din xadimləri olaraq son günlər ölkəmizin həyatında baş verən hərbi-siyasi hadisələr ərəfəsində bir vətəndaş kimi öz iradəmizi bildirmək məramı ilə Sizə müraciət edirik.

Məzhəbindən asılı olmayaraq Sabirabad rayonunda yaşayan bütün dindarlar Uca Yaradan və Vətənimizin qarşısında müqəddəs borclarını onda görürlər ki, həm əməlləri, həm də duaları ölkəmizin nüfuzunun daha da yüksəlməsinə kömək olsun. Din dövlətdən ayrı olsa da, dindarlarımız Vətənin taleyindən ayrı deyillər. Biz doğma vətənimiz Azərbaycanımızın bərabərhüquqlu övladlarıyıq, dövlətimiz və ölkəmiz üçün həyati əhəmiyyətli bir məsələdə-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Sizin - Prezidentimiz və Ali Baş Komandanımızın yanında olmaqla bərabər, müsəlləh bir əsgər kimi Sizin əmrinizə daim müntəzirik.

Bu gün dünya dövlətləri arasında ön cərgələrdə addımlayan Azərbaycan iqtisadi qüdrətinə, tolerantlıq, multikulturalizm mühitinə və sabitliyinə görə nümunədir. Əbəs yerə Azərbaycanı sabitlik adası adlandırmırlar. Bu gün Azərbaycan öz Prezidentinin rəhbərliyi altında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə sürətlə irəliləyir. Ulu öndər Heydər Əliyevin bir sözü burada tam yerinə düşür. Ulu Öndər söyləmişdir: “İqtisadi güclü olan dövlətin güclü ordusu olar”. Bəli, bizim bu gün güclü iqtisadiyyatımız və güclü Ordumuz var. Təkcə bunu qeyd etmək kifayətdir ki, Azərbaycanın yalnız hərbi  büdcəsi Ermənistanın ümumi dövlət büdcəsindən iki dəfə çoxdur.

İslam sülh dinidir. Biz istəyirik ki, Azərbaycanın işğal altında olan bütün torpaqları, o cümlədən gözəl Qarabağımızı və ətraf rayonlarımızı sülh yolu ilə, danışıqlar vasitəsilə azad edək. Ancaq Ermənistan rəhbərliyi danışıqlarda dekonsktruktiv mövqe  tutur. Cənab Prezidentin söylədiyi kimi, Ermənistan yalnız görüntü xatirinə danışıqlarda iştirak edir, danışıq masası  arxasında oturur. Əldə etdiyimiz bu uğurlar heç də asanlıqla başa gəlməyib. Xalqımız dövlət müstəqilliyini bərpa etmək üçün mübarizə aparıb, maddi-fiziki itkilər və şəhidlər verib. İslam sülh dinidir və Azərbaycan xalqı da sülhpərvər xalqdır. Biz bilirik ki, Siz münaqişənin sülh yolu ilə, danışıqlar vasitəsilə həllinə çalışırsınız. Lakin danışıqlar bir nəticə verməsə, Sizin komandanlığınız altında mübarizə dolu tariximizin şanlı səhifələrindən biri də ikinci Qarabağ müharibəsi olacaq.

Bu gün itirilmiş torpaqlar müvəqqəti məğlubiyyətin nəticəsidir. Hələ müharibədə son söz deyilməyib və son nöqtə qoyulmayıb. Biz inanırıq ki, inşallah, bu son sözü Ali Baş Komandanımız İlham Əliyev deyəcək, son nöqtəni isə şanlı Azərbaycan Ordusu qoyacaq!

2014-cü ilin avqust ayından bəri, xüsusilə aprelin 2-dən 4-dək qoşunların təmas xəttində baş verən hadisələr Azərbaycanın və Ordumuzun nəyə qadir olduğunu əyani şəkildə sübut etdi. Bu döyüşlər bir daha onu göstərdi ki, Azərbaycanın Fərid və Mübarizləri minlərlədir.

Hörmətli Prezidentimiz, Sizin dediyiniz kimi, bu döyüşlər Azərbaycan hərb tarixinin şanlı səhifələrindən birinə çevriləcək. Cəmi şəhidlərimizə, o cümlədən də son döyüşlərdə həyatını itirən əsgərlərimizə Allahdan rəhmət diləyirik. Bu gün fərəhlə, ürəkdən  söyləyə bilərik: “Ordumuz qürur yerimizdir”. Azərbaycan ordu quruculuğu mürəkkəb bir proses keçib. Bütün Azərbaycan xalqı kimi, biz dindarlar da yaxşı bilirik ki, şanlı Azərbaycan Ordusunun bu gücə və qüdrətə yiyələnməsi ulu öndər Heydər Əliyevin, sonra isə Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyev cənablarının yorulmaz zəhmətinin nəticəsidir.

Cənab Prezidentimiz, Sizin çıxışınızdan bir cümləni sitat gətirmək istəyirik: “Güclü Azərbaycan gücsüz Ermənistanla istənilən dildə danışa bilər”.

Biz Sabirabad rayonunun din xadimləri və dindarları olaraq öz ailəmizdən başlamaqla məscidlərdə, hər hansı bir mərasimlərdə, o cümlədən də yas mərasimlərində vətənpərvərlik mövzularına geniş yer verməklə övladlarımızı, gələcək nəsillərimizi Vətən, torpaq, dövlət, bayraq sevgisi və vətənpərvərlik ruhunda tərbiyələndirərək, Vətənə layiqli övlad olmaları üçün əlimizdən gələni edəcəyimizə söz veririk. Unutmamalıyıq ki, azadlıq verilmir, azadlıq qazanılır. Biz bu azadlığı şəhidlərimizin qanı bahasına əldə edib müstəqil dövlət qurmuşuq. Bu müstəqilliyi qoruyub möhkəmlətmək isə bizlərin və gələcək nəsillərin üzərinə düşür.

Biz Sizin daxili və xarici siyasətini dəstəkləyərək, ətrafınızda sıx birləşməklə torpaqlarımızın yağı düşməndən azad edilməsinə və təmizlənməsinə hər an hazırıq.

Hörmətli Prezidentimiz və Ali Baş Komandanımız, Sizi, Sizin timsalınızda şanlı Azərbaycan Ordusunu və bütün Azərbaycan xalqını bu önəmli qələbə münasibətilə bir daha təbrik edirik. Arzu edirik ki, tez bir zamanda Ali Baş Komandanın rəhbərliyi ilə Xankəndidə qələbə paradı keçirək.

Bütün Azərbaycan xalqını, o cümlədən Azərbaycan dindarlarını və din xadimlərini dövlətimiz, Prezidentimiz və Ali Baş Komandanımız ətrafında sıx birləşməyə, böyük və şərəfli qələbəyə doğru birgə addımlamağa səsləyirik.

Ordumuz qürurumuz, dövlətimiz baş tacımız, Vətənimiz and yerimizdir. Andımıza sadiq qalaq. Eşq olsun şanlı Azərbaycan Ordusuna, yaşasın vətənimiz Azərbaycan, yaşasın Prezidentimiz və Ali Baş Komandanımız İlham Əliyev!

Xankəndidə keçiriləcək qələbə  paradının intizarında olan Sabirabad rayonunun dindarları və din xadimləri adından hörmətlə, Kərbalayı Ağakərim Sadıqov və başqaları (cəmi: 128 nəfər)

Əssəlamu-aleykum və rəhmətullahu və bərəkatuhu.

Azərbaycan Respublikası, Sabirabad rayonu.