16 aprel 2016, 11:00

Qafar Ağaməmmədovdan, Bakı, Azərbaycan

Əziz Prezidentimiz.

Sizə və ailə üzvlərinizə öz adımdan və ailəmizin adından bahar təravətli salamımızı göndərir, indiyədək əldə etdiyiniz nailiyyətlərə görə Sizə təşəkkür edir və minnətdarlığımızı bildiririk. Gələcəkdə daha böyük nailiyyətlər qazanmaq üçün Allah Sizə uzun ömür, möhkəm cansağlığı, güc və qüvvət versin. 

Biz hər zaman Sizinləyik. Lazım gələrsə, sinəmizdən çəpər çəkib Vətənimizi və Sizi düşməndən qoruyacağıq. Mən inanıram ki, qarşıda bizi böyük qələbələr gözləyir. Qarşıdakı qələbələrimiz münasibətilə Sizi təbrik etməyə tələsirik.  Əmin olun ki, böyük qələbə yaxındadır. Biz qələbə gününü səbirsizliklə gözləyirik. Çünki əsrlər boyu belə bir qələbənin həsrətindəyik. Əminəm ki, Sizin gərgin əməyiniz sayəsində bu qələbə qazanılacaq. Bu, şübhəsizdir.

Sizə “Vətən səsi” adlı şerimi təqdim etmək istəyirəm. Çox sağ olun. 

“Vətən səsi”

Kitab olum vərəqləyin Siz məni,

Görün ki, sinəmə nələr çəkiblər.

Araz boyu qucağımda çəməni,

Xar edib tikanlı məftil əkiblər.

Elə bil sinəmə xəncər çəkiblər.

 

Qızıl ordu işğal etdi Bakını,

Diri-diri basdırdılar insanı,

Axıtdılar körpələrin qanını,

Bağçalar yerində türmə tikiblər,

Elə bil sinəmə xəncər çəkiblər.

 

Xocalı boyandı insan qanına,

Körpələrin qəsd etdilər canına,

Naləmizdən səda düşdü hər yana,

Vətənimə gör bir nələr ediblər.

Elə bil sinəmə xəncər çəkiblər.

 

İcra oldu Qorbaçovun bir əmri,

Al qan oldu Bakımızın hər yeri,

Eşitdilər bütün dünya xəbəri,

Silahlardan güllələri səpirlər,

Elə bil sinəmə xəncər çəkiblər. 

 

Yanvar ayı axıtdılar nahaq qan,

Ey vətəndaş, and içmisən mərd dayan,

Bir can itsin, qoy yaşasın bir cahan,

Bu dərdimə dərman edin təbiblər,

Elə bil sinəmə xəncər çəkiblər.

 

Neçə ildir sönüb Qarabağın şamı,

Didərgin düşübdür yurdundan hamı,

Donmuş qətnamələr sıxır adamı,

Qarabağı təlim yeri ediblər,

Elə bil sinəmə xəncər çəkiblər.

 

Aman Allah, ürəyim çox yaralı,

Çiçək idim, ləçəklərim saralı,

Niyə düşdüm Şəhriyardan aralı,

Çünki aramıza səngər çəkiblər,

Elə bil sinəmə xəncər çəkiblər.

 

Azərimin Mübariz tək mərdi var,

Sərvəti bol, qeyrəti var, dərdi var,

Yağıların arasında şərti var,

Torpağımda sərvətə göz dikiblər,

Elə bil sinəmə xəncər çəkiblər.

 

Torpağımda evim yandı, oyanın,

Qəlbimizdən gedən candır, oyanın,

Axıdılan nahaq qandır, oyanın,

Gül əvəzi minaları əkiblər,

Elə bil sinəmə xəncər çəkiblər.

 

Yaxşılıq eyləyib həm də talandıq,

Dost bilib rəqibi közə qalandıq,

Əsrlərlə qapazaltı dolandıq,

Kef çəkdi həmişə erməni tiplər,

Elə bil sinəmə xəncər çəkiblər.

 

Qafar Gəndabiyəm, cismim əridi,

Ruhumu incidən el kədərlidi,

Cismimi yandıran Vətən dərdidi,

Gülüstan düzünə zəhər səpiblər,

Elə bil sinəmə xəncər çəkiblər.

Hörmətlə,  

Ağaməmmədov Qafar Səfər oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.