15 aprel 2016, 17:50

Eldəniz Kərimovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Cənab Ali Baş Komandan.

Mən 2015-ci il 5 noyabr tarixindən həbsdəyəm. Cəzamın başa çatmasına 2 il 7 ay qalıb.

Apardığınız uğurlu daxili, xarici siyasəti hər zaman ailəliklə dəstəkləyən bir insan kimi məhz Sizin qətiyyətli siyasətiniz nəticəsində ölkəmizin gündən-günə artmaqda olan sürətli sosial-iqtisadi, elmi-mədəni inkişafına və çoxsaylı uğurlarına hər zaman ürəkdən sevinmişəm. Bu gün isə cəbhə xəttində yaranmış gərginlik bir azərbaycanlı kimi məni bərk narahat edir. Elə bu səbəbdəndir ki, mən torpaqlarımız uğrunda vuruşmaq, Vətənimizi düşmən işğalından azad etmək üçün könüllü olaraq döyüş bölgəsinə - cəbhəyə getmək istəyirəm.

Tək olan Allaha and içirəm ki, mən cəbhəyə həbsdən azad olmaq üçün deyil, Vətənimiz uğrunda – Allah yolunda vuruşmaq üçün getmək istəyirəm. Bu yolda şəhid olmaq belə mənim üçün böyük şərəfdir.

Torpaqlarımız düşmən işğalından azad olunduqdan sonra isə əgər sağ qalaramsa, əlbəttə ki, mən yenə də könüllü olaraq cəzaçəkmə müəssisəsinə qayıdıb cəzamın çəkilməmiş qalan hissəsini sonuna kimi çəkməyə hazıram.

Onu da qeyd etmək istəyirəm ki, mənim qardaşım Kərimov Elçin Cəfər oğlu da 1992-ci ildə könüllü olaraq cəbhəyə gedərək Ağdam rayonunun Naxçıvanik kəndində qəhrəmancasına vuruşaraq Qəbələ rayonunun ilk şəhidi olub.

Möhtərəm cənab Prezident.

Cənab Ali Baş Komandan.

Bu gün böyük inam hissi, yüksək döyüş həvəsi ilə Sizə müraciət edirəm, torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda döyüşlərdə iştirak etmək üçün mənim cəbhə xəttinə göndərilməyimə icazə verməyinizi Sizdən xahiş edirəm.

Hörmətlə,

Kərimov Eldəniz Cəfər oğlu, 10 saylı cəzaçəkmə müəssisəsi,

Azərbaycan Respublikası, Bakı şəhəri.