Azay Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Möhtərəm cənab Prezident.
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası cəbhədəki son vəziyyətlə əlaqədar QHT-lərin geniş toplantısını keçirib.
Toplantıda QHT sektoru adından Ali Baş Komandan kimi Sizə müraciət qəbul edilib. Müraciəti yüksək diqqətinizə təqdim edirik.
“Hörmətli cənab Ali Baş Komandan.
Son günlər qoşunların təmas xəttində atəşkəs rejimini davamlı şəkildə pozmaqla Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə ağır silahlardan atəş açaraq qanlı təxribatlar törədən hərbi qulluqçularımızı və mülki əhalimizi qətlə yetirən Ermənistan silahlı qüvvələrinə qarşı rəşadətli ordumuzun həyata keçirdiyi uğurlu əks-əməliyyatlara, ərazilərimizin bir hissəsinin işğaldan azad edilməsinə görə Ali Baş Komandan kimi Sizə dərin minnətdarlığımızı bildirir, Sizi, xalqımızı və ordumuzu bu münasibətlə təbrik edirik.
Cəbhədə baş verən son hadisələr Azərbaycan ordusunun qüdrətini və xalq-dövlət birliyinin sarsılmazlığının ən yüksək səviyyəsini bir daha nümayiş etdirdi. Milli ordumuzun həyata keçirdiyi uğurlu əks-həmlələr nəticəsində Ermənistanın cinayətkar rəhbərliyi tam anladı ki, onların yeritdiyi işğalçılıq siyasətinin heç bir perspektivi yoxdur. Silahlı qüvvələrimiz işğalçı hərbi birləşmələrə verdiyi layiqli cavabla onların Dağlıq Qarabağı Azərbaycandan birdəfəlik qoparmaq illüziyalarına son qoydu.
Azərbaycanın Milli ordusu bütün dünyanın diqqətinin Dağlıq Qarabağa yönəldiyi çox həssas və məsuliyyətli bir məqamda xalqımızın ümidlərini doğruldaraq azğın düşmənin hücumlarını qətiyyətlə dəf etdi və təcavüzkarları öz yerində oturtmağı bacardı. Ötən əsrin 90-cı illərindən fərqli olaraq, indi nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri, dünyanın tanınmış siyasətçiləri, eləcə də münaqişəyə yaxından bələd olan dövlətlərin başçıları torpaqlarının 20 faizinin işğala məruz qaldığı Azərbaycanın haqlı mövqeyini dəstəklədilər. Müdrik xarici siyasət nəticəsində əldə edilən bu siyasi və diplomatik dəstək ordumuza və xalqımıza əlavə güc verdi.
Hörmətli cənab Ali Baş Komandan!
Ümid etmək istərdik ki, Azərbaycan ordusunun gücünü və qüdrətini görmüş işğalçı Ermənistan rəhbərliyi bundan sonra sülh danışıqlarına konstruktivlik nümayiş etdirəcək və BMT Təhlükəsizlik Şurasının münaqişəyə aid dörd qətnaməsinin müddəalarını yerinə yetirərək, öz silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz və tamamilə çıxaracaq. Əgər Ermənistan rəhbərliyi bu atəşkəs razılaşmasından sonra da sülh danışıqlarında səmimiyyət nümayiş etdirib Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmasa, işğal etdiyi ərazilərdən çıxmasa, o zaman Milli Ordumuzun ərazilərimizin işğaldan azad edilməsi ilə bağlı başladığı uğurlu əməliyyatı davam etdirməyi və bu müqəddəs missiyada yaxından iştirak etmək üçün biz QHT nümayəndələrini də səfərbərliyə almağı Sizdən xahiş edirik.
Hörmətli cənab Ali Baş Komandan!
Bu çətin və məsuliyyətli günlərdə Azərbaycan xalqının öz ordusu və Ali Baş Komandanı ilə birlikdə olduğunu bütün dünya gördü. Sizi bir daha əmin edirik ki, siyasi baxışlarınızdan və hökumətin fəaliyyətinə fərqli yanaşmalarımızdan asılı olmayaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpası və milli maraqlarımızın təmin olunması istiqamətində həyata keçirdiyiniz bütün işlərdə Sizinləyik. Hər bir addımınızı dəstəkləməyə hazırıq.
Ali Baş Komandan olaraq nümayiş etdirdiyiniz qətiyyətə, yaratdığınız güclü və peşəkar orduya görə bir daha Sizə, göstərdikləri igidliyə və şücaətə görə Milli Ordumuzun əsgər və zabit heyətinə dərin minnətdarlığımızı bildirir, torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda qəhrəmanlıqla həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Hörmətlə,
Azay Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Məmmədov Sahib
İbrahimli Qorxmaz
Əsədzadə Orxan
Məcidzadə Anar və başqaları, QHT rəhbərləri.
Azərbaycan Respublikası, Bakı şəhəri.