Sabir Məmmədov, Novruz Mustafayev, Fərrux İsmayılov, Malik Abbasov və başqalarından, Cəlilabad, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətləriniz, ölkəmizin hər bir vətəndaşı naminə həyata keçirdiyiniz misli görünməmiş islahatlar heç vaxt unudulmayacaq. Xalqımız naminə, vətənimizin çiçəklənməsi naminə atdığınız xeyirxah addımlar bizim Sizə bağlılığımızı daha da artırır. Bilirik ki, Azərbaycan və azərbaycançılıq naminə həllini tam tapmamış xeyirxah planlarınız hələ çoxdur. Siz yorulmadan, gərgin çalışmaqla vətəndaşlarınızın rifahına xidmət edirsiniz. Bu günlərdə Sizin Sərəncamınızla əhalinin təqaüdünün sığorta hissəsinin artırılması onu göstərir ki, insanların güzəranının gündən-günə yaxşılaşdırılması qarşınızda duran prioritet məsələlərdən biridir.
Cənab Prezident!
Azərbaycan xalqı Sizi daim dəstəkləmiş və bundan sonra da ümummilli liderimiz Heydər Əliyev ideyalarına söykənən siyasətinizdən bəhrələnəcəkdir. Öz inkişaf xəttini müəyyənləşdirmiş xalqımız demokratik və açıq cəmiyyət quruculuğunun yüksək zirvəsindədir. Ölkəmiz hər sahədə böyük uğurlar qazanır. Əminik ki, xalqımıza, vətənimizə olan bağlılığınız ulu öndər Heydər Əliyev irsinə olan sədaqətiniz Sizə daha böyük uğurlar gətirəcək, həyat səviyyəsini durmadan yüksəltmək istədiyiniz Azərbaycan xalqının xeyir-duası Sizi həmişə uğura qovuşduracaq.
Allahın nəzəri, xalqın duası üstünüzdən əskik olmasın.
Hörmətlə,
Sabir Məmmədov, Novruz Mustafayev, Fərrux
İsmayılov, Malik Abbasov və başqalarından. Cəmi: 110 nəfər
Azərbaycan Respublikası, Cəlilabad rayonu