24 fevral 2011, 15:20

Qaravəlli kənd sakinlərindən, Zərdab, Azərbaycan

Möhtərəm cənab Prezident!

7 ildən artıq prezidentlik fəaliyyətiniz dövründə bütün regionlar kimi Zərdaba və zərdablılara göstərdiyiniz diqqət və qayğını kəndimizin bütün insanları yüksək qiymətləndirir.

2010-cu ilin yazında Kür çayının daşması ilə bağlı yaranan təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında göstərdiyiniz köməyə görə Sizə öz dərin minnətdarlığımızı və səmimi təşəkkürümüzü bildiririk. 1978-ci ildə ümummilli lider Heydər Əliyev, 2010-cu ildə isə Siz biz zərdablıları Kürün təhlükəsindən xilas etdiniz.

Bu gün Sizin diqqət və qayğınız sayəsində bütün rayonlar inkişaf edir, gözəlləşir. Son illər Zərdabda aparılan genişmiqyaslı tikinti-abadlıq işləri bizi ürəkdən sevindirir. Zərdab-Mollakənd yolunun asfaltlaşdırılmasına, Otmanova istiqamətində qaz xəttinin çəkilişinə başlanılmasına, Qaravəlli kəndinə qaz xəttinin çəkilişinin başa çatdırılmasına, kənd məscidinin təmir olunmasına görə kəndimizin ağsaqqalları adından, bütün kənd əməkçiləri adından Sizə bir daha ən xoş arzularımızı çatdırırıq. Bu sevincli günləri bizə bəxş etdiyinizə görə Sizə səmimi minnətdarlığımızı bildirir, Sizə və ailənizə xoşbəxtlik, səadət və cansağlığı arzu edirik. İnanırıq ki, Sizin rəhbərliyiniz altında xalqımız, o cümlədən zərdablılar çox yaxın gələcəkdə daha firavan günlərə qovuşacaq.

Dərin hörmətlə,

Tağıyev Feyzulla Məzahir oğlu, Tağıyeva Qumru Usub
qızı, Rəhimov Fərahim Sabir oğlu və başqaları. Cəmi: 627 imza.

Azərbaycan Respublikası, Zərdab rayonu, Qaravəlli kəndi