İlham Əliyev və Prezident Məmnun Hüseyn Azərbaycan-Pakistan biznes forumunda iştirak ediblər

12 mart 2015, 11:19
İlham Əliyev və Prezident Məmnun Hüseyn Azərbaycan-Pakistan biznes forumunda iştirak ediblər

Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib.

Prezident İlham Əliyev və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn biznes forumda iştirak ediblər.

Dövlət başçıları forumda çıxış ediblər.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli cənab Prezident.

Əziz qonaqlar.

Xanımlar və cənablar.

Cənab Prezident, Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Dünən bizim ikitərəfli münasibətlərimiz üçün çox məhsuldar gün oldu. İkitərəfli əlaqələrimizin gələcək inkişafı barədə söhbət apardıq. Mən əməkdaşlıq səviyyəsindən olduqca məmnunam. Dünən ölkələrimiz arasında tərəfdaşlıq üçün geniş imkanlar yaradacaq mühüm sənədlər imzalandı.

Xüsusən də Pakistan ilə Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə əməkdaşlığımızın mahiyyətini, bir-birimizə olan hissləri özündə əks etdirir. Biz, sözün əsl mənasında, ən yüksək əməkdaşlıq, tərəfdaşlıq və qardaşlıq səviyyəsindən yararlanırıq.

Bizim üçün Pakistan ən yaxın dost və müttəfiqlərdən biridir. Əminəm ki, bu səfər əməkdaşlığımızın inkişafına yeni töhfə verəcək. Gözəl siyasi münasibətlərimiz var. Beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Biz əsl müttəfiqik. Buna görə, əlbəttə ki, biz həmin gözəl münasibətlər fürsətindən istifadə etməliyik və onları ölkələrimizin biznes dairələri arasında əməkdaşlığa çevirməliyik.

Pakistan ilə Azərbaycan arasında ticarət dövriyyəsinə baxdıqda, əlbəttə ki, bu, bizi qane edə bilməz. Həmin səbəbdən, mən cənab Prezidentə olduqca minnətdaram ki, o, Azərbaycana böyük nümayəndə heyəti - Pakistanın işgüzar dairələrinin mühüm təmsilçiləri ilə gəlib. Ölkəmiz, imkanlar və həyata keçirilməsini planlaşdırdığımız layihələr haqqında daha çox bilmək imkanı yaranıb. Eyni zamanda, biznes forumun yaxşı nəticələrini görmək istəyirik.

Ümumiyyətlə, biznes forum, işgüzar dairələrin nümayəndələri arasında görüşlər kimi əməkdaşlıq formatı çox səmərəlidir və yaxşı nəticələr verə bilər. Əminəm ki, bu gün siz ilk öncə qarşılıqlı ticarət səviyyəsinin artırılması, ölkələrimizdən nəyin idxal olunması haqqında söhbət aparacaqsınız. Hesab edirəm ki, hökumət strukturları əlaqələndirici kimi çıxış edə bilər.

Müvafiq nazirliklər, eyni zamanda, hökumətlərarası ticarət və iqtisadiyyat komissiyası bu məsələni əlaqələndirə bilər.

Həm biz, həm də siz bir çox malları idxal edirik. Bu səbəbdən, biz iqtisadiyyatımızı gücləndirmək və ümumi dövriyyəmizi artırmaq üçün bir-birimizdən nəyi idxal edə biləcəyimiz haqqında düşünməliyik.

Şad olardıq ki, Pakistan şirkətləri Azərbaycanda sərmayə imkanlarını nəzərdən keçirsinlər. Bu, xüsusən də iqtisadiyyatımızın idxaldan asılı olan sahələrinə aiddir, çünki bazarımız artır. Bu səbəbdən, istehsalatın ölkəmizdə artırılması hökumətimizin prioritetlərindən biridir. Fikrimcə, xarici sərmayədarlar üçün bu məsələləri nəzərdən keçirmək faydalı olardı. Çox münbit sərmayə mühiti var. Müstəqilliyin son illəri ərzində, Azərbaycanda təxminən 200 milyard dollar sərmayə yatırılıb. Bu, ilkin olaraq, enerji sektoruna aiddir. İndi isə, iqtisadiyyatımızın digər sahələri də əhatə olunur.

Biz Pakistan şirkətlərini podratçı kimi görmək istəyirik. Əminəm ki, bu gün burada əsasən Bakıda, eləcə də regionlarda icra etdiyimiz infrastruktur layihələrinin təqdimatı da olacaq. Biz regionların inkişafı ilə bağlı rayonlarımızda yeni imkanları açmış, artıq iki proqramı uğurla həyata keçirmişik. Hazırda üçüncü proqram icra olunmaqdadır. Əslində, gələn bir neçə illər üçün planlarımız yaxşı məlumdur. Regionların inkişaf proqramı mətbuatda çap edilib. Bu səbəbdən, hər rayonda, hər şəhərdə planlaşdırılmış iş əhalimizə və sərmayədarlara yaxşı məlumdur.

Hər il dövlət sərmayə proqramını qəbul etdikdə, biz əsasən infrastruktura, sosial infrastruktura diqqət yetiririk. Bu səbəbdən, Azərbaycanda xarici podratçılar üçün birgə icra edə biləcəyimiz böyük həcmdə işlər var. Xüsusən də Pakistanda və Azərbaycanda iqtisadiyyatımız üçün vacib sahələrdə birgə müəssisələrin yaradılması haqqında düşünə bilərik. Qarşılıqlı sərmayə proqramlarını da yüksək qiymətləndirə bilərik. Bir daha söyləmək istəyirəm ki, biz yaxşı biznes imkanlarının yaradılması üçün əla siyasi münasibətlər fürsətindən yararlanmalıyıq. Bu, birincisi. İkincisi isə, biz bir-birimizi BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq təsisatlarda dəstəklədiyimiz kimi, həmçinin iqtisadi əməkdaşlıq baxımından da dəstəkləməliyik. Biznes imkanlarının təşviq edilməsi üçün bir-birimizə dəstək verməliyik.

Dünən biz cənab Prezidentlə islam həmrəyliyi haqqında danışdıq. Biz Azərbaycanda və siz Pakistanda bütün müsəlman ölkələri arasında daha yaxşı anlaşma və əməkdaşlığın yaradılması üçün çox çalışırıq. Biz işlərimiz, bəyanatlarımız və iqtisadi imkanlarımızla bir-birimizə dəstək verməliyik. İqtisadiyyatın bir sahəsində yaxşı təcrübəyə malik olan ölkələr digər ölkələrə texnologiyanın, təcrübənin və biliklərin verilməsində kömək etməlidir.

Bir sözlə, məqsədlərimiz üst-üstə düşür. Əminəm ki, bu gün keçirilən biznes forumdan sonra çox yaxşı nəticələr olacaq və yaxın zamanlarda müvafiq nazirliklərdən əməkdaşlığın yeni sahələri haqqında yaxşı hesabatlar alacağıq.

Azərbaycanın iqtisadiyyatına gəldikdə, o, çox sürətlə inkişaf edir. Azərbaycanın müstəqilliyinin ilk illərində iqtisadi vəziyyətimiz çox ağır idi. Ölkəmizdə yoxsulluğun və işsizliyin səviyyəsi çox yüksək idi. İnflyasiya min faizdən artıq idi.

Sonra, biz 1990-cı illərin ortalarında iqtisadi islahatları həyata keçirməyə başladıq. Onlar bu günə qədər davam edir.

Hazırda iqtisadiyyatımız rəqabətədavamlı iqtisadiyyat hesab olunur. Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını qlobal rəqabətədavamlılıq göstəricisinə görə 38-ci yerdə qərarlaşdırıb. Bu, əsasən iqtisadi islahatlar sayəsində əldə edilib.

Biz işsizlik və yoxsulluğu 5 faizə qədər azalda bilmişik. Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olub. Bu, əsasən artan neft və qaz hasilatı ilə bağlı olub. Eyni zamanda, iqtisadi islahatlarımız da nəticə verib. Hazırda, neftin qiyməti aşağı düşdüyü halda, görürük ki, iqtisadiyyatımız hələ də inkişaf edir. Eyni vəziyyət beş-altı il öncə baş vermişdi. Həmin vaxt, neft sənayesi bəzi çətinliklərlə üzləşdi, Avropada ciddi iqtisadi və maliyyə böhranı baş verdi. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edirdi. Ümumi daxili məhsul artırdı və iqtisadiyyatımızın qeyri-neft sektoru inkişaf edirdi. Bu, bizim üçün daha vacibdir, çünki planlarımız daha çox şaxələndirməni nəzərdə tutur. Əgər əvvəlki illərdə neft və qazın qiymətlərindən daha çox asılı idiksə, hazırda neft və qaz ÜDM-in təxminən 40 faizini təşkil edir.

Bununla belə, bu, yenə də, ixracımızın ən böyük hissəsidir. Həmin səbəbdən, biz iqtisadiyyatın şaxələndirilməsində, yeni sərmayə imkanlarının yaradılmasında, yerli istehsalatın artırılmasında maraqlıyıq. Eyni zamanda, biz enerji resurslarından əlavə digər malların ixracında maraqlıyıq. Bu halda, mühüm məqama gəlirik. Əlbəttə ki, məhsullar beynəlxalq standartlara cavab verməlidir. Biz isə bunu edirik. İkinci vacib element isə, bazarlardır. Bu gün, bildiyiniz kimi, yumşaq desək, bazarlar uğrunda yarışma, daha doğrusu, mübarizə gedir. Həmin səbəbdən, bizim kimi qardaş ölkələr bazarlara daxil olmaq məqsədilə bir-biri üçün imkanlar yaratmalıdır. Artıq öncə qeyd etdiyim kimi, biz çox idxal edirik, siz hətta daha çox idxal edirsiniz. Bir-birimizə hansı ixrac sahələrini təmin etmək üzərində düşünməliyik. Biz bazarlarımızı bir-birimiz üçün açıq elan etməliyik. Belə olan halda, iş yerləri açılar, kapital formalaşar və iqtisadi fəaliyyət yaranar.

Bir sözlə, biz ikitərəfli iqtisadi əməkdaşlığımıza böyük nikbinliklə baxırıq. Biz gözəl fürsəti əldən verməli deyilik və praktiki layihələrə diqqət yetirməliyik. Bu gün Azərbaycan tərəfindən planlaşdırdığımız işlər, qaydalar, hüquqi şərait, vergi rejimi, sərmayə imkanları və nəhayət, gələcək üçün planlarımız barədə kifayət qədər informasiya veriləcək.

Bu səbəbdən, mən Pakistanın işgüzar dairələrinin bütün təmsilçilərini Azərbaycanda salamlamaq istəyirəm. Eyni zamanda, cənab Prezidentə Azərbaycana etdiyi səfərə və həmçinin iqtisadi sahəyə də diqqət yetirmək fürsətini yaratdığına görə bir daha təşəkkürümü bildirmək istəyirəm.

Çox sağ olun.

 

Prezident Məmnun Hüseynin çıxışı

- Əziz qardaşım İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.

Hörmətli nazirlər.

Zati-aliləri.

Xanımlar və cənablar.

Əvvəlcə, icazə verin, mənə, nümayəndə heyətimə göstərilmiş olduqca səmimi qəbula, qonaqpərvərliyə görə Zati-aliləri cənab Prezidentə və Azərbaycan hökumətinə ən dərin təşəkkürümü, səmimi minnətdarlığımı bildirim. Azərbaycanda hiss etdiyimiz xeyirxahlıq, səmimiyyət və xoş iradə ölkələrimiz arasında təşəkkül tapmış, vaxtın sınağından keçmiş sıx ikitərəfli münasibətlərin bariz nümunəsidir.

Pakistan ilə Azərbaycan mədəni və dini yaxınlığa, uzun tarixi köklərə əsaslanan mükəmməl və çoxşaxəli münasibətlərə malikdir. Qeyd etməkdən olduqca fərəhlənirik ki, Pakistan müstəqil Azərbaycanı tanıyan ilk ölkələrdən biri olub və həmin vaxtdan etibarən iki ölkə arasında münasibətlər dayanmadan güclənmişdir.

Bugünkü dünyada iqtisadi maraqlar ən yüksək maraqlar hesab olunur və iqtisadi əməkdaşlığın miqyası hazırda ikitərəfli əlaqələrin səviyyəsini ölçmək üçün əsas göstərici hesab edilir. Bu səbəbdən, biz də həmin səviyyədən geridə qala bilmərik.

Uzun müddət ərzində Pakistan və Azərbaycan qarşılıqlı fayda verə biləcək müxtəlif sahələrdə ekspert bacarıqlarını formalaşdırıblar. Əczaçılıq məhsulları, cərrahiyyə alətləri, idman malları, müdafiə avadanlığı, geyim məmulatı, düyü, meyvələr və dəniz məhsulları kimi Pakistanın yüksək keyfiyyəti malları Azərbaycan bazarına səmərəli şəkildə daxil olmağa hazırdır. Eyni zamanda, Azərbaycanın neft və qaz kəşfiyyatı, hasilatı və emalı sahəsindəki ekspert bilikləri Pakistana potensial qaydada böyük fayda verə bilər. İkitərəfli ticarəti gözəçarpan dərəcədə artırmaq və şaxələndirmək üçün böyük potensial var. Son bir neçə ildə Azərbaycanda ümumi daxili məhsulun yüksək artımı və Pakistan iqtisadiyyatının potensialı iqtisadi münasibətlərin yeni zirvəyə qaldırılması üçün birgə səylərin göstərilməsini zəruri edir.

Xanımlar və cənablar, Pakistan Cənubi, Mərkəzi və Qərbi Asiyanın kəsişdiyi yerdə yerləşir. Yerli bazar 150 milyondan artıq insandan, o cümlədən gənc, təhsilli və bacarıqlı əmək qüvvəsindən ibarətdir. Pakistanın da zəngin, işlənilməmiş təbii sərvətləri var. Sind əyalətində kömür ehtiyatlarımız dünyada ən iri ehtiyatlardan biridir. Bütün bu üstünlüklər müvafiq sərmayə siyasəti ilə yanaşı, Pakistanda sərmayə üçün ideal imkanlar yaradır.

Bizim biznesmenlər üçün də Azərbaycanda sərmayə qoymaq imkanları var. Müxtəlif sahələrdə birgə müəssisələr yaradıla bilər. Əminəm ki, Pakistandan gəlmiş nümayəndə heyəti bu səfərdən tam şəkildə istifadə etməlidir və bu məqsədlərlə Azərbaycanda və Pakistanda birgə müəssisələrin qurulması üçün Azərbaycanın işgüzar dairələri ilə əlaqə yaratmalıdırlar.

Ölkəmizdə liberal sərmayə siyasəti, o cümlədən 100 faizlik səhmlərin alınması, kapitalın tam çıxarılması imkanları, vergidən azad olmalar və avadanlığın, dəzgah və xammalın idxalına güzəştli gömrük rüsumları tətbiq olunur. Səmərəli infrastruktura və “bir pəncərə” prinsipinə malik xüsusi iqtisadi zonalar fəaliyyət göstərir. Milli iqtisadiyyatın yenidən qurulması və canlandırılması üçün dinamik siyasətimizin bir hissəsi olaraq, biz özəl sektorda yatırımlara, xüsusən xarici özəl sərmayələrə böyük önəm veririk. Pakistan və Azərbaycanın birgə işləyə biləcəyi mühüm sahə neft və qaz sektorudur. Mən nəinki kəşfiyyat və hasilat sahələrində, o cümlədən neftayırma zavodlarının və boru kəmərlərinin tikintisi sahəsində sıx əməkdaşlığı səmimiyyətlə arzulayıram. Termal, kömür, külək və günəş enerjiləri sahələrində böyük potensialı ilə seçilən Pakistanın enerji sektoru sərmayələrə açıqdır. Beş min meqavatdan artıq elektrik enerjisi istehsalını nəzərdə tutan irimiqyaslı layihələrdən başlamış kiçik və orta miqyaslı layihələrə qədər imkanlar olduqca genişdir.

Toxuculuq sənayesi ölkəmizin ixrac gəlirlərinin əsas mənbəyidir. Toxuculuq məhsullarımızın çeşidi genişdir, keyfiyyəti isə beynəlxalq standartlara uyğundur. Xam pambıq xammalının bolluğu, o cümlədən ucuz və bacarıqlı əmək qüvvəsi sərmayədarlar üçün əlavə şəraitlər yaradır. Bildirməliyəm ki, tam istehsal prosesini aparmaq istəyən Azərbaycan sərmayədarları üçün imkanlar genişdir. Onlar neft və qaz, bərpa olunan enerji, proqram təminatı üzrə texnologiya parkları, toxuculuq, kənd təsərrüfatı, turizm, kiçik və orta müəssisələr və infrastruktur kimi müxtəlif sahələrdə 100 faiz səhmlərin alınması prinsipi, yaxud birgə müəssisələrin yaradılması üçün böyük imkanlardan istifadə edə bilərlər.

Cənab Prezident, xanımlar və cənablar, özəl sektor artım təkanıdır. Biz ənənəvi dövlətlərarası münasibətlərin hüdudlarından kənara çıxaraq şirkətlər arasında sıx və intensiv münasibətlərin inkişafını arzulayırıq. Pakistanın əsas sektorlarını təmsil edən aparıcı biznes adamları və baş icraçı direktorlardan ibarət böyük nümayəndə heyəti bu gün bu zaldadır. Əminəm ki, onların azərbaycanlı həmkarları ilə qarşılıqlı fəaliyyəti konkret və güclü əməkdaşlıqla nəticələnəcək.

Çıxışımı yekunlaşdırmazdan öncə, Pakistanın son illər ərzində əldə etdiyi iqtisadi nəticələr barədə qısa məlumatı sizinlə bölüşmək istərdim. Pakistanda həyata keçirilən davamlı iqtisadi islahatlar birbaşa xarici sərmayələri cəlb etmək üçün bizə yaxşı əsas yaratdı. Bu gün ölkəmizə yatırılmış birbaşa xarici sərmayələrin həcmi 30 milyard dollardır və müxtəlif beynəlxalq şirkətlər Pakistanın müxtəlif sahələrində fəaliyyət göstərir. İqtisadiyyat üzrə komandamızın böyük səyləri sayəsində iqtisadiyyatımız yenidən sabitlik mərhələsinə qaytarıldı. Ötən ay inflyasiyanın həcmi 3 faizdən az olmuşdur və bu, 11 illik dövr ərzində ən yaxşı göstəricidir.

Fiskal kəsirimiz təxminən 5 faizdir və ilkin hədəfimizə yaxındır. Pakistan rupisi nəinki sabitləşib, hətta ABŞ dolları, avro və yapon yeninə qarşı məzənnədə qalxıb. Xarici valyuta ehtiyatlarımız, bank köçürmələri və özəl sektora verilən kreditlər xeyli artıb. Səhmlər bazarı inkişaf edir və demək olar ki, gündəlik əsaslarla yeni rekordlar qazanır və nəhayət regionda ən yaxşı fəaliyyət göstəricisi ilə seçilir. Həmçinin enerji istehsalımız, irimiqyaslı istehsalata sərmayə qoyuluşu və ölkə gəlirləri artır. Biz, həmçinin yeni maye qaz idxal terminalı tikirik və apreldə elektrik enerjisi stansiyalarımız üçün təbii qaz idxal edəcəyik. Biz kömür, hidro, nüvə, külək və günəş enerjilərindən elektrik enerjisini istehsal edən stansiyaları həm dövlət, həm də özəl sektorda tikməyə başlamışıq. Eyni zamanda, idxal edilən maye qazla işləyəcək, gücü 3600 meqavat olan elektrik stansiyasını tikməyi planlaşdırırıq.

Cənab Prezident, xanımlar və cənablar, biz az inkişaf etmiş və açıq dənizə çıxışı olmayan dövlətlərdə yüksək iqtisadi artımı təmin etmək üçün regional və alt regional səviyyədə iqtisadi inteqrasiyanı sürətləndirmək səylərini yaxşı bilirik. Bu proseslərdə İqtisadi Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq və Mərkəzi Asiya–Cənubi Asiya Regional Elektrik Enerji Bazarı kimi regional hökumətlərarası platformaları olduqca vacib hesab edirik. Bu səbəbdən biz təbii qazın Türkmənistandan Əfqanıstan vasitəsilə Pakistana, sonra isə Hindistana nəql edəcək TAPI boru kəmərinin çəkilməsinə çalışırıq. Biz, həmçinin Mərkəzi Asiyadan Cənubi Asiyaya elektrik enerjisini çatdıracaq “CASA 1000” layihəsi üzərində işləyirik. Biz, fikrimcə, nəinki Pakistan, o cümlədən regionda vəziyyəti tam dəyişəcək Çin–Pakistan İqtisadi Dəhlizin yaradılması üçün ürəkdən çalışırıq. Bu dəhliz boyu yerli və xarici sərmayədarlar üçün gözəl sərmayə imkanlarını təmin edəcək xüsusi iqtisadi zonalar fəaliyyət göstərəcək. Beləliklə, regional əlaqə bizim üçün sadəcə əfsanə deyildir, biz onu reallığa çevirməyə çalışırıq. Bu isə öz növbəsində, Pakistanı gücləndirəcək. Beləliklə, hamınızın qeyd etdiyi kimi, güclü və inkişaf edən Pakistan bütöv regionda sülhün və rifahın bərqərar olunmasına xidmət edir.

Cənab Prezident, xanımlar və cənablar, sonda mən Pakistanın Sərmayə Şurasını bu uğurlu tədbiri digər hökumət orqanları ilə təşkil etməsi münasibətilə təbrik edirəm. Mən, həmçinin Azərbaycanın buradakı iş adamlarına, Bakıya gəlmiş və azərbaycanlı tərəfdaşları ilə məzmunlu dialoq apardıqlarına görə Pakistan biznesmenlərinə təşəkkürümü bildirirəm.

Mən əmin etmək istərdim ki, Pakistan hökuməti ölkəmizdə biznes fəaliyyəti ilə məşğul olmaq istəyən Azərbaycan şirkətlərinə bütün şəraitləri yaradacaq. Mən Azərbaycan hökuməti və xalqına səfərimiz zamanı bizə göstərilmiş səmimi qəbula və qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Əminəm ki, bu gün qurulan biznes təmasları iqtisadi münasibətlərimizdə yeni səhifə açacaq.

Çox sağ olun cənab Prezident.

Hamınıza “çox sağ ol” deyirəm. Yaşasın Pakistan–Azərbaycan dostluğu!

                                                                                     X X X

Sonra Azərbaycan Ticarət və Sənaye Palatası və Pakistan Sənaye və Ticarət Palataları Federasiyası arasında Anlaşma Memorandumu imzalandı.

                                                                                    X X X

Biznes forum işini təqdimatlarla davam etdirdi.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov, Azərbaycan Ticarət və Sənaye Palatasının rəhbəri Niyaz Əlizadə, Pakistanın İnvestisiya İdarəsinin katibi İftixar Hüseyn Babar, Pakistan Ticarət Nazirliyinin Ticarətin İnkişafı İdarəsinin katibi xanım Rabiya Javeri Ağa, Pakistan Su və Elektrik Enerjisi Nazirliyinin Özəl Elektrik Enerjisi İnfrastrukturu İdarəsinin nümayəndəsi Mir Adil Həmid, Pakistanın Ticarət və Sənaye Palataları Federasiyasının vitse-prezidenti Muhammad Vasim Vohran və başqaları biznes və investisiya imkanlarına, iqtisadiyyatın müxtəlif sahələrinə, eləcə də sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsinə dair təqdimatlarla çıxış etdilər.

Biznes forumda qeyri-neft məhsullarının ixracı, Azərbaycanda yaradılan sənaye parklarında iştirak, qarşılıqlı şəkildə infrastruktur layihələrinin icrası və mövcud infrastrukturdan istifadə, tranzit, kənd təsərrüfatı, kimya, turizm və s. sahələrdə əməkdaşlıq, biznes forumların, sərgi və yarmarkaların təşkili məsələləri barədə fikir mübadiləsi aparıldı.

Sonra Azərbaycan və Pakistan iş adamları arasında ikitərəfli görüşlər keçirildi.

Görüşlərdə kənd təsərrüfatı, sənaye, toxuculuq, səhiyyə və əczaçılıq, kimya sənayesi, ticarət, tikinti materialları, idman malları və məişət texnikası istehsalı, qida və mədənçıxarma sənayesi, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, yeni əlaqələrin qurulması məsələləri müzakirə olundu.

gallery-photogallery-photo
SƏNƏDLƏR Müraciətlər 05 noyabr 2024
10:12
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına

Hörmətli Sammit iştirakçıları!

Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Bu gün dünyamızın...

05 noyabr 2024, 10:12
SƏNƏDLƏR Sərəncamlar 04 noyabr 2024
13:00
C.H.Musayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                        

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...

04 noyabr 2024, 13:00