21 noyabr 2014, 14:00

Arif Xankişiyev və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Heç kimə sirr deyil ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Bu məqsədyönlü siyasət nəticəsində gənclər həyatımızın bütün sahələrində fəal iştirak edir, ictimai-siyasi, sosial-iqtisadi və humanitar tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Dövlət tərəfindən yaradılmış geniş imkanlar sayəsində gənclər cəmiyyətimizin avanqard qüvvəsinə çevriliblər.

Öz növbəsində gələcəyin gəncləri olan şagirdlərin milli-mənəvi dəyərlərimizə və tariximizə dərindən bələd olması, əsl vətənpərvər ruhda tərbiyə edilməsi böyük əhəmiyyət daşıyır. IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyası da məhz bu amala xidmət edir.

Möhtərəm Prezident! Sizin təşəbbüsünüzlə icra edilən bu aksiya çərçivəsində Pirallahı məktəbliləri Gəncə şəhərinə, Şəmkir və Göygöl rayonlarına səfər etmiş, ölkəmizin tarixi və mədəni irs nümunələri ilə yaxından tanış olmuş, regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları çərçivəsində həyata keçirilən abadlıq-quruculuq işlərini həvəslə seyr etmiş, gözəl bayram əhval-ruhiyyəsində şənlənmişlər.

Belə xoşməramlı və humanist təşəbbüsə, yaradılan imkana görə Pirallahı rayonunda yerləşən 186, 235 və 243 nömrəli tam orta məktəblərin pedaqoji kollektivləri, şagirdləri və valideynlər adından Sizə təşəkkürümüzü bildirir, işlərinizdə uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Xankişiyev Arif, 186 nömrəli tam orta məktəbin direktoru,
Tarverdili Vaqif, 243 nömrəli tam orta məktəbin direktoru,
Abdulmutalıbova Natalya
Tağıyeva Xalidə
Eyvazova Elvira
Allahverdiyev Şahin və başqaları (cəmi 20 imza).

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.