13 noyabr 2014, 16:00

Xəlil Yusifli və başqalarından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizə - ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyalarını ləyaqətlə həyata keçirən uzaqgörən, müdrik rəhbərimizə Nizami yurdu olan Gəncə şəhərinin ictimaiyyəti adından dərin minnətdarlığımızı bildiririk.

Biz fəxr edirik ki, Sizin diqqət və qayğınız sayəsində son illər qədim mədəniyyət mərkəzlərindən biri olan Gəncə şəhərində genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, doğma şəhərimizin bütün sahələrdə dinamik inkişafı, əhalinin məşğulluğu və firavan yaşayışı təmin edilib. Böyük zövqlə salınan park və xiyabanlar, müasir binalar, genişlənən küçələr, bərpa edilən abidələr göz oxşayır, şəhərin ictimai-mədəni həyatını zənginləşdirir. Bu, həm də milli-mənəvi dəyərlərimizin geniş təbliği deməkdir. Bir sözlə, Gəncə tarixini qorumaqla müasirləşir, abadlaşır, dünya səviyyəli şəhərə çevrilir.

Möhtərəm Prezident! 2014-cü il oktyabrın 18-də şəhərimizə səfəriniz zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə birlikdə “İmamzadə” kompleksində və Gəncə Dövlət Filarmoniyasının binasında işlərin gedişi ilə tanış olaraq verdiyiniz dəyərli tapşırıq və tövsiyələr, “Stadler” vaqon istehsalı zavodunun və Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlqoyma mərasimlərində iştirakınız, həmçinin Cavad Xan küçəsində sakinlərlə səmimi görüşünüz bizi çox fərəhləndirdi. Bu səfərdən dərhal sonra imzaladığınız sərəncamlar isə sevincimizə sevinc qatdı.

Əziz Prezidentimiz! Əmin ola bilərsiniz ki, qədirbilən gəncəlilər Sizə və uğurla davam etdirdiyiniz ulu öndər Heydər Əliyev siyasətinə sadiqdirlər. Müstəqil Azərbaycanımızın tərəqqisi, qüdrətlənməsi naminə həyata keçirdiyiniz ardıcıl və məqsədyönlü işləri ürəkdən bəyənir və dəstəkləyirik. Doğma Azərbaycanımızın işıqlı sabahı, xalqımızın xoşbəxt gələcəyi Sizinlə bağlıdır. Gəncə şəhərinin ziyalıları adından Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq. Ulu Tanrı Sizi qorusun!

Dərin hörmətlə.

Yusifli Xəlil Həmiş oğlu
Yusifov Mübariz İmran oğlu
Şərifov Vaqif Abdulla oğlu
Allahverdiyev Rübail Nəcəf oğlu
Şərifov Şərif Hacı oğlu və başqaları (cəmi 21 imza).

Azərbaycan Respublikası, Gəncə şəhəri.