Sabir Həsənov və başqalarından, Goranboy, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin diqqət və qayğınız, məqsədyönlü iqtisadi siyasətiniz sayəsində respublikamızın bütün bölgələri davamlı inkişaf edir, yeni-yeni infrastruktur layihələri reallaşır, sosial obyektlər inşa edilərək, əhalinin istifadəsinə verilir. Böyük minnətdarlıq hissi ilə qeyd edirik ki, bu inkişaf rayonumuzdan da yan keçməmişdir. Sizin qədim Goranboy torpağına tarixi səfəriniz isə bu inkişafa xüsusi vüsət vermiş, sosial-mədəni obyektlərin açılışı ilə yadda qalmışdır. Xalqımız üçün əlamətdar gündə - oktyabrın 18-də rayonumuza səfəriniz zamanı Heydər Əliyev Mərkəzinin, “Goranboy” paylayıcı elektrik məntəqəsinin, Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun açılışında, Goranboy şəhərinin su təchizatının yenidən qurulması layihəsinin icrasının başa çatması ilə əlaqədar təşkil olunan mərasimdə iştirakınız Sizin regionların davamlı inkişafına qayğınızın, hər bir azərbaycanlının Prezidenti olmağınızın bariz nümunəsidir.
Möhtərəm Prezident!
Sizin fəaliyyətiniz xalqımızın daha firavan yaşamasına, iqtisadiyyatın bütün sahələrinin davamlı inkişafına yönəlmişdir. 2014-cü il 20 oktyabr tarixli Sərəncamınız rayonumuzun sosial-iqtisadi inkişafını daha da sürətləndirəcəkdir. Göstərdiyiniz bu diqqət və qayğıya görə bütün goranboylular adından Sizə sonsuz ehtiramımızı bildiririk. Əmin ola bilərsiniz ki, biz Ulu Öndərin layiqli davamçısı kimi həmişə Sizinləyik.
Dərin hörmət və ehtiramla,
Həsənov Sabir Mədət oğlu
pensiyaçı,
Məmmədova Səidə Məmməd qızı
Rayon Qadınlar Şurasının sədri,
Abbasov Adil Xəlil oğlu
pensiyaçı,
Dadaşova Səyyarə Alış qızı
pensiyaçı.
Azərbaycan Respublikası, Goranboy rayonu.