İsmayıllı fəallarından, İsmayıllı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Biz 2014-cü il sentyabrın 22-də İsmayıllıya etdiyiniz mübarək səfərinizin yekunlarına həsr olunmuş fəallar yığıncağının iştirakçıları Sizinlə görüşdən fərəhlənərək, dəyərli tapşırıq və məsləhətlərinizdən səfərbər olaraq bölgəmiz üçün tarixi əhəmiyyət kəsb edən günləri yaşayırıq.
Beynəlxalq miqyasda söz sahibi etdiyiniz, xoşbəxt həyata qovuşdurduğunuz Azərbaycanın vətəndaşı olmaqdan qürur duyaraq bildiririk ki, Sizin regionlara səfərləriniz həmin bölgələrə 20-30 illərin inkişafını gətirir, 50-100 illərə hesablanmış sosial-iqtisadi inkişafın əsasını qoyur. İsmayıllı əhalisi uca şəxsiyyətinizə minnətdar olaraq rayonda görülən işlərə verdiyiniz yüksək qiymətdən, görüşlərimiz zamanı göstərdiyiniz səmimiyyət və mehribanlıqdan, növbəti layihələr üçün verdiyiniz dəstəkdən ruhlanaraq qarşıdakı vəzifələrin icrası üçün fəallar yığıncağı çağırmışdır.
Bu yığıncaqda verdiyiniz göstəriş, tapşırıq və tövsiyələri fəaliyyət proqramı kimi qəbul etmiş, ilkin layihələr və tədbirlər planı hazırlamışıq. Sizi əmin edirik ki, rayon rəhbərliyi ilə birlikdə bütün qüvvələri və imkanları birləşdirərək onların mütləq icrasını təmin edəcəyik.
Möhtərəm cənab Prezident!
Biz Sizin tükənməz qayğınız, ardıcıl diqqətiniz sayəsində arzuladığımız firavan həyata qovuşmuşuq. Səfəriniz başa çatan kimi İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə vəsait ayırmağınız bu firavanlıqdan İsmayıllıların payına daha çox düşdüyünün bariz nümunəsidir. Sizin kimi rəhbərimiz, Azərbaycan kimi Vətənimiz olduğu üçün çox xoşbəxtik.
İnkişaf sürətinə və qısa zamanda fəth etdiyi zirvələrə görə Azərbaycanın dünya ölkələri sırasında ön sırada olması Sizin milli maraqlar, yüksək intellekt, dərin elm, bənzərsiz təfəkkür üzərində qurulan siyasətiniz nəticəsidir. Bu yüksəliş, bu inkişaf dəyər verdiyiniz, qayğı göstərdiyiniz, arxa durduğunuz İsmayıllı rayonu üçün də əvəzolunmaz nümunədir.
Möhtərəm cənab Prezident!
Bir daha Sizə dərin minnətdarlığımızı, məhəbbətimizi bildirir, qarşıya qoyduğunuz bütün vəzifələrin, müəyyən olunmuş layihələrin həyata keçirilməsi üçün hamılıqla məsuliyyət daşıdığımızı bəyan edirik.
Xalqımız, millətimiz, Vətənimiz naminə fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, torpaqlarımızın bütövlüyü uğrunda parlaq qələbə, sosial-iqtisadi inkişafda yeni-yeni zirvələr fəth etməyi arzulayırıq.
Dərin hörmətlə və ehtiramla,
2014-cü il sentyabrın 22-də İsmayıllıya səfərinizin yekunlarına həsr olunmuş fəallar yığıncağının iştirakçıları.
Azərbaycan Respublikası, İsmayıllı rayonu.